Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində ədəbiyyatımızın böyük yaradıcıları olmuş şəxsiyyətlərin həyatı və yaradıcılığına həsr edilmiş monoqrafik tədqiqatlara təsadüfdən-təsadüfə rast gəlmək olur.
Ədəbiyyat tarixi istiqamətində keçən əsrin 50-70-ci illərində yazılmış monoqrafik tədqiqatlar, çap edilmiş kitablar isə ideoloji cəhətdən köhnəldiyi üçün müasir dövrün tələblərinə tam cavab verə bilmir.
Klassiklərimizdən tutmuş müasirlərimiz olan sənətkarlaradək bütün yazıçı və şairlərimizin elmi pasportu olan monoqrafik tədqiqatların yazılıb nəşr olunmasına, geniş oxucu auditoriyasına, xüsusən ədəbi-elmi ictimaiyyətə çatdırılmasına təzədən müraciət etmək zərurəti meydana çıxıb. Həmin sahədəki ciddi ehtiyac nəzərə alınmaqla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2017-ci ildən etibarən ədəbiyyat tarixi yönlü şöbələrin elmi-tədqiqat planlarında həm klassiklərin, həm də çağdaş sənətkarların həyatı və yaradıcılığına həsr olunmuş monoqrafik tədqiqatlara geniş yer ayrılıb. Artıq "Nizamişünaslıq" şöbəsində Nizami Gəncəvinin, "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsində Xaqani Şirvaninin, "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsində Məhəmməd Füzulinin, "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində Mirzə Fətəli Axundzadənin, "Şifahi xalq ədəbiyyatı və yazılı abidələr" şöbəsində Aşıq Ələsgərin, "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsində Mikayıl Müşfiqin və Mehdi Hüseynin, "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsində Məhəmmədhüseyn Şəhriyarın, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində Məmməd Cəfər Cəfərovun, "Ədəbi tənqid" şöbəsində Kamal Talıbzadənin və başqalarının həyatı və yaradıcılığına, elmi fəaliyyətinə həsr edilmiş tədqiqatlar tamamlanmaq üzrədir. Hazırda "Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış "Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı" monoqrafik tədqiqatı isə başa çatdırılıb və çap edilib. Bu, dövlət müstəqilliyi şəraitində milli ədəbiyyat tariximizə, yazıçı, tənqidçi və ədəbiyyatşünaslarımızın həyatı və yaradıcılığına elmi-ədəbi pasport formasında yenidən qayıdışın ilk addımı kimi mühüm əhəmiyyətə malikdir.
"Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin əməkdaşlarının yazdıqları "Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı" monoqrafiyası müstəqillik dövrünün yeni təfəkkürü işığında, mümkün qədər keçmiş sovet ideoloji streotiplərindən fərqli movqedən yazılıb. Monoqrafiyada görkəmli yazıçının həyatı və yaradıcılığı ədəbi-tarixi prosesin reallıqlarına uyğun şəkildə tədqiq olunub. Sovet dövründə Əbdürrəhim bəy Haqverdiyev haqqında yazılmış elmi əsərlər isə bugünkü tədqiqat üçün mənbə, qaynaq funksiyasını həyata keçirib.
"Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı" monoqrafiyası müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı konsepsiyasının həyata keçirilməsində ilk mühüm addım kimi də əhəmiyyət kəsb edir. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin kitaba yazdığı "Yeni ədəbiyyat tarixçiliyi konsepsiyası və ilk elmi addımlar" adlı ön söz həm "Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı", həm də bütövlükdə "Sənətkarın pasportu" seriyasından nəşr ediləcək sonrakı kitablar üçün nəşrin zərurətini əsaslandıran və seriyanın inkişaf yoluna işıq salan mükəmməl elmi-nəzəri müqəddimədir.
"Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı" monoqrafiyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdış" layihəsi əsasında "Sənətkarın pasportu" seriyası üzrə hazırlanmış birinci monoqrafik tədqiqatdır. Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində yazılmış bu monoqrafiyada görkəmli yazıçı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı əhatəli şəkildə təhlil edilib, ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri: dramaturgiyası, bədii nəsri, publisistikası, ədəbi görüşləri, habelə əsərlərində sənətkarlıq xüsusiyyətləri, ədəbi irsinin tədqiqi və nəşri tarixi haqqında geniş və sistemli elmi məlumat verilib.
Qeyd edək ki, layihənin ideya rəhbəri və kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. "Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı" monoqrafiyası tədqiqatçılar, ali və orta məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.
Aygün BAĞIRLI
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent