|
|
|
|
Mahmud Kaşqari adına Beynəlxalq Fond tanınmış şair-publisist Babullanı (Səlimov Babulla Qulu oğlu) "Beynəlxalq Mahmud Kaşqari mükafatı ilə təltif edib.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində keçirilən tədbirdə mükafatı təqdim edən Fondun qurucu başqanı Elxan Zal Qaraxanlı bildirib ki, şair Babulla bir yaradıcı insan, vicdanlı məmur və böyük inanc sahibi kimi həmişə xalqımızın xidmətində durub, öz yazıları və əməlləri ilə türk-islam ənənələrini yaşatmağa çalışıb.
Onun rəhbərliyi altında Əli Bayramlıda (indiki Şirvan) ucaldılan "Dədə Qorqud" abidə kompleksi ölkəmizdə bir ilk olmaqla bərabər, dəyərli örnəkdir.
Elxan Zal deyib ki, Şah İsmayıl müridlərinin nəslindən olan Babulla müəllim, bu günlərdə nəşr etdirdiyi "Sonam" kitabında milli-adət ənənələrimizi ən gözəl boyalarla təsvir edib:
"Bu kitabı oxuyanda anlayırıq ki, bu mənəvi çöküş zamanında dünya elə də ümidsiz deyil. Nə qədər türk əxlaqı var, sevgi də var olacaq. Bu kitab çağdaş türklüyün məhəbbət dastanıdır".
Mərasim iştirakçıları - şair Ramiz Məmmədzadə, yazıçı Məqsəd Nur, şair Yavuz Cəlil, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu, Fondun icraçı direktoru Əfqan Nəsirli şair Babullanın istər bir yaradıcı insan, istər bir dövlət adamı kimi mədəniyyətimizə verdiyi töhfələrdən bəhs ediblər.