|
|
|
|
Həqiqətən də 2003-2013-cü illər Azərbaycan Respublikasının müstəqillik tarixinə sürətli inkişaf illəri kimi daxil olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanı ilə əsası qoyulmuş sosial-iqtisadi inkişaf siyasəti ölkə iqtisadiyyatının dirçəlməsində, cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsində, əhalinin rifah halının yüksəlməsində, ölkəmizin beynəlxalq nüfuzunun artmasında və qlobal proseslərin iştirakçısına çevrilməsində başlıca faktora çevrilib. Geridə qalan Son 10 ildə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məsələləri dayanır. İqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi daxili siyasi qruplar və xarici dairələr əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada bir sıra müxalifət funksionerləri, mətbuatı, psevdoekspertləri Azərbaycanda əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərirlər. Onların fikrincə, seçki öncəsi əmək haqlarının artırılması daha çox siyasi məqsədlər güdür. Əgər ölkəmizdə son 10 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq bu iddianın düzgün olmadığını görmüş olarıq. Belə ki, 2011-ci ildə Azərbaycanda seçkilər keçirilmədi, lakin əmək haqlarının artırılması ilə bağlı aşağıdakı sərəncamlar verildi: 2011-ci il 1 dekabr tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında”; 2011-ci il 5 dekabr tarixli “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”; 2011-ci il 6 dekabr tarixli “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”; 2011-ci il 7 dekabr tarixli “Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”; 2011-ci il 8 dekabr tarixli “Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”; 2011-ci il 9 dekabr tarixli “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”; 2011-ci il 10 dekabr tarixli “Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”. Ümumilikdə, 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə 12 sərəncam imzalanıb. Nəticədə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılıb. Nəzərə alınmalıdır ki, 2003-2013-cü illərdə minimum əmək haqqının artımı üçün verilən 12 sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf edib. Bu fakt onu göstərir ki, əməkhaqlarının seçkidən-seçkiyə artırılması barədə deyilənlərin ciddi əsası yoxdur. O da nəzərə alınmalıdır ki, Azərbaycanda prezident seçkilərindən iki il sonra parlament seçkiləri, parlament seçkilərindən 3 il sonra isə prezident seçkiləri keçirilir. Yəni ehtimal nəzəriyyəsinə görə, əməkhaqqı artımı ya parlament, ya da ki, prezident seçkiləri ilinə düşə bilər. Müxaliflər belə bir tezis də irəli sürürlər ki, əməkhaqqı artımından sonra qiymətlər dərhal bahalaşacaq. Bu iddia heç bir iqtisadi məntiqə söykənmir. Əvvəlki illərin təcrübəsi göstərir ki, hökumət monetar və fiskal siyasət alətlərindən istifadə etməklə qiymətlərin sabitliyini qorumağı bacarır.
Milli Şura funksionerləri bir tərəfdən əmək haqqı və pensiya artımının inflyasiya yaratmasından narazılıq edir, digər tərəfdən də bu artımların kifayət qədər az olmasından şikayətlənir. Belə ziddiyyətli məntiq qeyri-obyektivlikdən xəbər verir. Hətta müxalifət artım göstəricilərini ya bilərəkdən, ya da bilməyərəkdən saxtalaşdıraraq təqdim edir. Normal məntiq, iqtisadi qanunlar əməkhaqlarının artırlması məsələsində böyük pul kütləsinin dövriyyəyə buraxılmasının fəsadlarını nəzərə almağı tələb edir. Buna görə də Azərbaycan hökuməti maaş və pensiyaları ardıcıl şəkildə, ilbəil makroiqtisadi sabitliyə kəskin təsir etməyəcək səviyyədə artırır. Əgər müxalif psevdoiqtisadçıların manipulyativ məntiqindən çıxış etsək və əmək haqlarının, pensiyaların, müavinətlərin birdən-birə 100, hətta 200 faiz artırıldığını ehtimal etsək, inflyasiyanın AXC-Müsavat hakimiyyəti dövründəki astronomik faizlərlə ölçüləcəyi şübhəsizdir. Yəqin onların təxribatçı təbliğatının əsasında da məhz bu məqsədə nail olmaq niyyəti dayanır. Elementar hesablama Azərbaycanın iqtisadi və maliyyə imkanlarının digər Cənubi Qafqaz respublikaları ilə ölçüyəgəlməz dərəcədə yüksək olduğunu təsdiq edir. Məsələn, Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edir. Ermənistanın dövlət büdcəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4.8 milyard dollardır. Bu da ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur. Ümumilikdə, 2013-cü ildə Azərbaycanın dövlət büdcəsi Ermənistan və Gürcüstanın birgə dövlət büdcəsindən 4 dəfə çox olacaq ki, bu da region iqtisadiyyatının 80 faizinin Azərbaycan iqtisadiyyatının payına düşməsindən xəbər verir. Müxalifət “iqtisadçıları” belə bir fikir də irəli sürüblər ki, guya əmək haqqı artımlarından sonra inflyasiya sürətlənəcək və əhalinin artan qazancı “inhisarçıların cibinə gedəcək”. Əslində belə çıxışların hansı məqsəd güddüyü bəllidir. Belə çirkin təbliğat nəticəsində alıcılar inflyasiyanın qorxusundan daha çox indi almaq, satıcılar isə inflyasiyadan qazanc götürmək üçün sonra satmaq barədə düşünürlər. Beləliklə, inflyasiya ajiotajı yaradılır və qiymətlərdə süni şəkildə şişmə baş verir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda qiymətlərin süni bahalaşdırılmasında ilk növbədə müxalifət maraqlıdır.
Bəzi müxalifət qəzetləri yazır ki, “hər ay artımların maliyyələşməsinə ayrılacaq 50 milyon manatı artımlardan faydalanacaq 3 milyona bölsək, bəlli olar ki, vətəndaşların gəliri orta hesabla cəmi 17 manat artacaq.” Qeyd edək ki, vətəndaşların məşğulluq, pensiya və müavinətlərdən formalaşan gəlirləri onların ümumi gəlirlərinin 50 faizindən azını təşkil edir. Bundan başqa, özüməşğulluqdan, kənd təsərrüfatından, əmlakdan, icarədən və digər gəlirlər də mövcuddur ki, ailə büdcəsinin qazancının yarıdan çoxunu təşkil edir. Yəni indiki halda artımlar bütün gəlirləri deyil, yalnız əmək haqqı, pensiya və müavinətləri əhatə edir. Digər tərəfdən isə haqqında bəhs olunan 50 milyon manat yalnız əmək haqqı və dövlət büdcəsindən verilən digər ödənişlərə aiddir. Hansı ki, pensiyaların artımı üçün illik əlavə olaraq 250 milyon manata yaxın vəsait xərclənəcək. Maraqlısı budur ki, müxalifət yazarları Azərbaycanda minimum əmək haqqının dərhal Avropa səviyyəsinə çatdırılmasını tələb edir. Əlbəttə, nəinki Azərbaycan, hətta hər nəfərə düşən karbohidrogen ehtiyatları ilə bizdən azı 1,3 dəfə zəngin olan Rusiya (hələ digər resursları və ərazini demirik) və 1,7 dəfə zəngin olan Qazaxıstan (digər sərvətləri və geniş ərazisi ilə) da Avropadakı səviyyədə minimum əmək haqqı verə bilmir. Qazaxıstanla müqayisədə Azərbaycanın potensialı (əhali, ərazi və resurslar) aşağı olmasına baxmayaraq, ölkəmizdə minimal əmək haqqı 105 manat olduğu halda, Qazaxıstanda bu göstərici 95 manatdır. Belə müqayisələr aparanda mütləq ölkələrin inflyasiya səviyyəsini də nəzərə almaq lazımdır. Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik 2013-2014 hesabatı”nda Azərbaycan dünyada ən aşağı inflyasiya göstəricisinə malik olmaqla 1-ci yeri tutub. Bu, o deməkdir ki, əmək haqqı, pensiya və müavinət artımları inflyasiyanın yeminə çevrilmir.
Müxalifət qəzetləri yazır ki, son 10 ildə əməkhaqqı artımları ilə yanaşı, məhsul və xidmətlərin də bahalaşır. Amma gəlin görək bu iki artım tempi arasında əlaqə necədir və orta maaşın alıcılıq qabiliyyəti hansı istiqamətə dəyişib. Orta aylıq əmək haqqı 2003-cü ildə rəsmi statistikaya görə 77,4 manat, 2013-cü ilin 1 iyun tarixinə görə isə 408,8 manat təşkil edir. Bu məbləğə 2003-cü ildə 2090 ədəd yumurta və 516 kq kartof almaq mümkün idisə, 2013-cü ilin iyunun 1 tarixinə bu məbləğə 4050 ədəd yumurta və 730 kiloqram kartof almaq mümkündür. Deməli, əmək haqqının alıcılıq qabiliyyəti dəfələrlə artıb. Son 10 il ərzində əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 9 dəfə çoxalmış, əhalinin gəlirləri 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə və pensiyalar 8,6 dəfə yüksəlib (son artımlar nəzərə alınmadan). Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik, 2013-2014 hesabatı”na əsasən, Azərbaycan dünyanın 40 ən rəqabətədavamlı iqtisadiyyatı sırasına daxil olub. “Standard and Poors”, “Moodys”, “Fitch” kimi dünyanın aparıcı reytinq agentlikləri inkişaf etmiş ölkələrin reytinqlərini aşağı endirdikləri halda, Azərbaycanın reytinqini davamlı şəkildə yüksəldirlər. Bu faktlar Azərbaycanın iqtisadi qüdrətinin beynəlxalq birlik, dünyanın aparıcı və maliyyə institutları tərəfindən etiraf olunması və təsdiq edilməsi deməkdir. Sözün həqiqi mənasında bütün bu faktlar müxalifətin həyata keçirilən sosial-iqtisadi siyasəti tənqid etmək cəhdlərinin yalnız siyasi konyuktur maraqlarından irəli gələn cılız və əsassız iddialar üzərində qurulduğunu göstərir. Heç şübhə yox ki, həqiqətdən kənar olan bu iddiaların ayaq tutub yeriməsi və ictimai rəydə özünə dəstək qazanması inandırıcı görünmür.
AQİL