“Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün nümunə olmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bərdədə məcburi köçkün ailələri üçün yeni salınmış məhəllə ilə tanışlıq zamanı deyib.
Dövlət başçısı bildirib ki, rəhbər kadrlar nümunə olmalı, hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir: “Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar.
Bilirsiniz, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri var. Böyük-kiçik, davranış qaydaları var. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olub. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar”.