Oxucular yazıçı-publisist Zöhrə Əsgərovanın mətbuat səhifələrində bir çox aktual problemlərə həsr olunan esseləri ilə yaxından tanışdırlar. Cəmiyyətdəki neqativ hadisələrə qarşı onun özünəməxsus həssas mövqeyi, fəlsəfi açıqlamaları ilk baxışdan oxucunu özünə cəlb edir. Yazıçının yazdığı mövzularda daha çox sağlam tənqid, rasional fikir yürütmək bacarığı var. Onun “Kəpənəyin yuxusu”, “Varlığımız ağlımızın güzgüsüdür”, “Özümüz kimi yaşamadıq”, “Nalın tarixi möhürləri”, “Gülüş həyatın güzgüsüdür”, “Çörək ağacı”, “Deyilməmiş monoloq”, “Reklam bayramları”, “Ağıl və qəlbin nağılı” və başqa yazılarını misal gətirmək olar.
Bu yaxınlarda Zöhrə Əsgərovanın “Yazıçı” nəşriyyatında “Talelərə yazılan musiqi” adlı kitabı çapdan çıxıb. Kitab əsasən Əməkdar incəsənət xadimi, Xalq artisti Kərim Kərimovun 85 illiyinə həsr edilib. Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira xanım Qafarova kitaba yazdığı ön sözdə qeyd edir: “...Mədəniyyət xalqlar arasında sülh və həmrəyliyin təməl daşıdır. Hərbi münaqişələr zamanı daha çox mədəniyyət sahəsi böyük təcavüzlərə məruz qalır. Bu hadisələrin acınacaqlı nəticələri Zöhrə Əsgərovanın tarixi faktlara söykənən yazılarında diqqət çəkir. Xüsusilə, Kərim Kərimovun keçmiş sovet dövründə mədəni həyatımızda rastlaşdığı neqativ hadisələrə qarşı müqaviməti, obyektiv, prinsipial münasibəti onun vətəndaş mövqeyini bir daha üzə çıxarır”.
Kitab ölməz sənətkarımız Bülbülün Kərim Kərimova verdiyi tövsiyə ilə başlayır: “...hökm deyil ki, mütləq müğənni olasan, əgər musiqini sevirsənsə, musiqi texnikumuna daxil ol, sonra bilinər kim olacaqsan. Hər halda bizə musiqi təhsili alan ziyalılar çox lazımdır. Musiqi redaktoru ola bilərsən, mühazirəçi, musiqişünas da...” Kərim müəllim gözəl səsə malik olsa da, musiqi nəzəriyyəçisi, dramaturq, rejissor kimi Azərbaycanın mədəniyyət sahəsində özünəməxsus yer tutdu. Kitabda həmçinin görkəmli incəsənət xadimlərimizin Kərim müəllim haqqında səmimi xatirələri toplanıb. Onun neçə-neçə gənc istedadın efirdə, səhnədə üzə çıxmasında zəhməti böyükdür. Xüsusilə, Azərbaycan Radio və Televiziya Komitəsində “Musiqi verilişləri” şöbəsinin baş redaktoru çalışdığı dövr Kərim müəllimin həyat və yaradıcılığında ən məhsuldar illər olub.
Qeyd etmək lazımdır ki, “Talelərə yazılan musiqi” kitabı iş adamı- memar Melih Yerlikaya tərəfindən maliyyələşdirilib. Azərbaycanın milli mədəniyyətinin pərəstişkarlarından olan Melih bəy gələcəkdə də bu səpgidə kitabların nəşrini nəzərdə tutub. “Talelərə yazılan musiqi “ kitabı isə yeni layihənin ilk kitabıdır. İnanırıq ki, nəinki Azərbaycanın, dünyanın görkəmli incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə bağlı kitabda toplanan maraqlı, zəngin materiallar oxucularının qəlbində dərin iz qoya biləcək. Zöhrə Əsgərova kitabın sonunda qeyd edir: “...Xatirələr ikinci ömürdür. Sənətkarın gələcək nəsillərin yaddaşında yaşamaq haqqını qazanan şərəfli ömrü...”
S.ABDULLAYEVA