|
|
|
|
Fiziklər, liriklər
Akademik İsa Həbibbəyliyə
Elm insanı mağaradan çıxartdı,
İnsan çox arzuya elm ilə çatdı.
Ta qədimdən tarix uzun yol gəlir.
Bu yer üzü, elm qurduğu busatdı.
Elm insanın məharəti, hünəri
Bəla gəlsə, güvəndiyi sipəri.
Amma zəka ayrılanda imandan,
Sevincdən çox olur elmin kədəri.
Kainatın ahəngindən gəlmirsə,
Haqqın yolu alimi dindirmirsə,
Allah lənət etsin elə elmi ki,
Şəri qovub, xeyri xilas etmirsə.
“Fiziklər”, “liriklər” deyilir indi,
Biri zəka, biri qəlblə öyündü,
Ahəngdə olmasa qəlb ilə zəka
Bu iblisin qurduğu bir oyundu.
Müqəddəs bir torpaq bu Azərbaycan,
Ulu ruhlar dolaşdığı bir cahan.
Elmin şeir zirvəsidi Nizami,
Belə qüdrət sahibidi bu məkan.
Bəlalar ağladır aləmi zar-zar,
Mükəmməl bir elmə dövran intizar.
Əgər nurlanmasa biri birindən,
“Fizik” də, “lirik” də qalacaq ağlar.
Zaman, vermir aman
mənə bir gözəl
dünya verdilər,
bir azacıq vaxt.
təngənəfəs,
ayaqdan başa qaçdım
bu dünyanı -
qəlbimin işıqlarına
işıq tutan
bir işıq axtardım...
qaçdım, qovaladı,
dayandım, vurdu vaxt.
nəyə gözümü tikdim,
axar çay kimi
götürüb apardı vaxt.
nəfəsi üzümdə,
saçları çiynimdə, sinəmdə
dayanıb durdu
gözəllər gözəli ömür,
siqrlərin sirri ölüm...
Adəm, Həvva
Adəmi torpaqdan yaradıb Allah,
Adəmdən Həvvanı yaradıb sonra.
Bu sözdə hikmət var sirlər içində
Cəhalət olanı qoysaq kənara.
Həvva yaranıbdı bir sübh vədəsi,
Adəmin dünyaya məhəbbətindən.
Eşdən doğulubdu, eşqin gülüdü,
Həvva yaradanın kəramətindən.
Torpağı qorumaq kişinin borcu,
Kişisə qadına olub həvalə.
Qayda pozuldusa, nizam pozulur
Mələklər ağlayıb çəkirlər nalə.
Əzazil arvad
Allah, əzazil arvadı
Yaratmaqda, sirrin nədi?
Əzazil arvad, iblisdən
Aşkara bir nişanədi.
Boş yerdən yüz dava salır,
Nahaq deməkdən həzz alır,
Şeytanla baş-başa qalır
Hər sözü bir bəhanədi.
Həsəd ürəyində dağdı,
Qəlbi qeybət batağıdı,
Fitnə-fəsad çanağıdı,
Könül evi viranədi.
Boş yerə düşür qəhərə,
Ümid edir cadügərə,
Ömrü döndərir zəhərə
Tərslikdə tək, divanədi.
Kasıb qohum yaddı ona
Yaxın gələn düşər qana.
Özü valeh öz ağlına
Adam deyil, əfsanədi.
Əri ruhdan salar hər an,
Arzuları qoyar viran,
Uşaqların qanın soran...
Şəitin, cin, cinganədi.
Allah, əzazil arvadı
Yaratmaqda, sirrin nədi?
Yağmur içində bir qız
çiçəkli ağaclar altda
bir gözəl, eşq bürcündədi,
yağan yağmur içindədi,
xəyalları kainatda.
yağmur tökür narın-narın,
o sanki dua oxuyur.
astaca torpağa qoyur
əlində çiçək kolların.
telində damlalar ulduz
yağmur ona aşiq olur?
İlahi! hardan nur alır
hər yana nur yayan bu qız?
nədən belə həvəslidi?
israrının yoxdu sonu.
sevdalar bürüyüb onu,
ömrünün bahar fəslidi.
torpaqda xalça toxuyur?
ya şeiri çiçək dilində?
sanki, hər kola qəlbində
əkdikcə layla oxuyur.
çiçəkli ağaclar altda
bir gözəl, eşq bürcündədi,
yağan yağmur içindədi.
xəyalları kainatda.
Qorxma...
...cildi oğurlanmış
bir məlakəsən,
qəlbin göy üzündə,
özün bir uçqunda,
tilsim əlində...
ayrılığa dözümün yox...
ürkək, qorxaq ləpələrin üstə
əksin görünür, itir...
ürəyindəki sözlər
dilində pörşələnir,
hələ uzaq qaçır vüsal,
həsrət sənlə nəşələnir...
...sübh üzündə
dənizin ortasında, üfüqdə
günəş sanki,
bir böyük
sarı qızılgüldü,
bir bax, nə doğma
təbəssümlə yüksəlir!..
Əllərinin titrəyişi
yaşıl yarpaqlar yaxasından
süzülən şəfəqlər tək
üstümə töküldükcə baxışların...
gecənin qoynunda
parlayıb, itən ulduzlar tək
axdıqca göz yaşların...
mən sənin qarşında,
qəlbimin dəli çağında
əriyib itmək istəyirəm
əllərinin titrəyişində...
Nurun mübarək
qeybə vurulmusan gözəl,
ilahi yarın mübarək.
ömrün sirr dolu bir məşəl,
irfanda yerin mübarək.
qəlbin hikmət aləmində,
ariflər sirri dilində,
qırxlar eşqi gözlərində
bu qədər varın mübarək.
kökləndiyin Allah nuru,
üzünün nuru dumduru.
yol gəlirəm sənə sarı
müqəddəs nurun mübarək.
Doğma ellər
göy üzü pərdə-pərdə,
hər tül pərdə sirr dolu...
hər pərdənin o üzü
yeni aləmin yolu...
aləm aləm içində,
hər aləmin aləmi
özünün yetirdiyi
bir qızılgül biçimdə...
...sən də mi darıxırsan, doğma adam?
sən də mi kövrəlirsən tez-tez?...
bəlkə, yad aləmdəyik biz....
...çiskin bir havada,
dərin bir dərənin dibində,
bulağın başında
suya təşnəyəm.....
elə tənhayam ki...
sən də mi tənhasan, doğma adam?
...ey, tarzən,
əlindəki o tarda
tellərəmi kökləyirsən telləri?...
bəs qəlbindəki aləmin
qızılgülləri?
köklə o telləri, köklə, çal,
bəlkə, bitə tənhalıq....
bəlkə, kimsə deyə mənə
hardadı qəlbimin
doğma elləri?...
Naxçıvan lalələri
Naxçıvanda dağlar, yamaclar
yay gələndə istidən
qan ağlar....
bom-boz olar.
...amma bir il
möcüzə oldu sanki...
yaz ağzı o qədər yağış yağdı ki,
yaşıllaşdı dağların
hər yastanı, dərəsi, diki...
elə bil nağıllardan gəlmişdi
rəngbərəng çiçəklər,
hər yanı bürümüşdü
ilk dəfə biçənəklər...
Allahın hökmüydü,
uca, şux lalələr
xalı kimiydi...
...uzun-uzun illər boyu
boz yamaclarda, dağlarda
qəlblərində gül-çiçəklik,
laləzarlıq hünəri olan aləm
səbirlə, əzmlə gözləyirmiş...
qərinələr keçmiş, sonunda
gözlənilən vədə gəlmiş...
qəlbinə eşq dolanlara,
dövranın ögeyliyində
ömrü
cadar-cadar olanlara
nur yağmuru göndər İlahi!
Zalım
ay məni bu qədər qısqanan zalım,
qadanı alım!
mənim hər yanımda sənin nurun var...
o nurun önündə, qısqandıqların
günəşin önündə yoxa çıxan qar.
hətta yuxuda da
ruhumda ruhun,
gülsəm təbəssümüm,
ahımda ahın...
dünyada deyiləm, eşq aləmində
nur dolu üfüqdən qalxır sabahım.
sənin sədaqətin keçilməz səddim,
onun hər şöləsi bir məlakədi.
sənə etibarsız olsa bir anım
insanlıq adına yaman, ləkədi...
baxışın aləmə yaraşıq verir,
sanki yaylım-yaylım nur səpələyir,
səni bircə anlıq nigaran etsəm
qəlbim döyür məni, məğmun eyləyir...
səninlə ömrümə yaraşıq gəlib,
səninlə bu aləm dindirir məni,
mənə etibarın olmayan vədə
həyat gözdən düşür, öldürür məni....
mənim hər yanımda sənin nurun var...
o nurun önündə, qısqandıqların
günəşin önündə yoxa çıxan qar.
ey güc mərkəzləri!
ey güc mərkəzləri!
ey özünə, güclüyəm deyənlər!
baxın əməllərinizə...
yer üzü qorxa-qorxa baxır sizə!
hələ başınız havalıdı
bir dolaşıq fəlsəfənin içində,
şeytana sevdalı dəli biçimdə...
gözünüz dolu qan,
yer üzünün puluna, malına heyran....
utanmadan, Allahdan qorxmadan
canını aldığınız yer üzü...
ananızdı... anamızdı...
dəli qardaşlar, havalı qardaşlar!
üstünə bombalar yağan, canını aldığınız,
hiyləylə kəsdiyiniz başlar
ananızın başıdı, anamızın başıdı...
fitnəylə, fəsadla qollarını bağlayıb,
ağzını bağlayıb
üzüstə yıxmısınız yer üzünü!
dəli qardaşlar, havalı qardaşlar!
anamız yer üzü
məhv olur yavaş-yavaş...
görmürsünüz təbiət dözmür daha,
sizinlə başlayıb bir müdhiş savaş!?.