Oqtay RZA
Əməkdar müəllim, Beynəlxalq Rəsul Rza
mükafatı laureatı
Dünya şöhrətli, qüdrətli sənətkar, vətənpərvər, müdrik həmyerlim Arif Məlik bu gün ömür sarayının 81-ci qapısını inamla açır. Onu təbrik edənlərə mən də fərəhlə qoşuluram.
Cahangir kişinin bəstəkar oğlu!
Oğlu sayılırsan bəşəriyyətin.
Gedirsən zirvədən-zirvəyə doğru,
Yol bəzən olsa da yoxuşlu, çətin...
Yaradıb “Məhəbbət əfsanəsi”ni,
Qürur bağışladın Nazim Hikmətə;
“...qəlbin dastanı” da sevdirib Səni
Uzaq məmləkətə, qardaş millətə.
Təzə simfoniyan, yeni romansın
Duyğu göylərində süzür durnatək;
Nə sərvət, var-dövlət, nə ad umansan,
Nurlu xəzinədir köksündə ürək!
Musiqin hiyləgər düşmənə qarşı
Gərək ildırıma, şimşəyə dönsün!
Çevir fırtınaya nəğməni, marşı-
Qoy yağı ocağı əbədi sönsün!
Ustad! Yüz yaşda da gücünü sına,
Səhnəmiz yubiley libası geysin;
Bütöv Azərbaycan öz övladına
“Arifim, bayramın mübarək!” desin!