Mərakeş Krallığının Mədəniyyət və Kommunikasiya Nazirliyinin Azərbaycan Yazıçılar Birliyinə göndərdiyi dəvət əsasında şairlər Paşa Qəlbinur və Əjdər Ol fevralın 15-19-da Kasablanka şəhərində keçirilən beynəlxalq kitab sərgisində ölkəmizi təmsil ediblər.
Sərgi çərçivəsində Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə Mərakeş mədəniyyət və kommunikasiya naziri Məhəmməd Əl Laarac açaraq iştirakçıları salamlayıb, Azərbaycan və Mərakeş arasındakı mədəni əlaqələr tarixindən və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə danışıb.
Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov çıxışında ölkəmizin Mərakeşlə hərtərəfli əlaqələrinin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini qeyd edib.
“Azərbaycan ədəbiyyatı və mədəniyyəti ümumşərq ədəbiyyatının və mədəniyyətinin tərkib hissəsidir” mövzusunda əhatəli çıxış edən Əjdər Ol bildirib: “Ortaq dini, fəlsəfi dəyərlərimiz, uzun əsrlərdir, bizi bir-birimizə yaxın edib. Təsadüfi deyil ki, orta əsrlərdən başlayaraq ərəb dili yazılı ədəbiyyatımızın müştərək dillərindən biri olub. Azərbaycanın görkəmli şairlərindən İmadəddin Nəsimi (14-cü əsr), Məhəmməd Füzuli (16-cı əsr) və digər şairlərimiz doğma dilində yazmaqla yanaşı, həm də ərəb və fars dillərində qiymətli əsərlər miras qoyub gedib. Bu il İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə “Nəsimi ili” elan edib. Bu tədbir üç dildə yazan şairin əsərlərinin geniş öyrənilməsinə, kitablarının yenidən nəşr edilməsinə və onun təbliğinə təkan verəcək. Ölkəmiz müstəqillik əldə etdikdən sonra klassik və çağdaş Azərbaycan ədəbiyyatı beynəlxalq aləmə ayaq açıb. Yazıçılarımızın kitabları müxtəlif ölkələrdə çap olunub yayılmaqdadır. Azərbaycanda dünya ədəbiyyatına maraq böyükdür. Başqa dillərdə yaranan ədəbi nümunələrlə yanaşı, bir çox ərəb dilli yazıçıların əsərləri də dilimizə çevrilib. Biz istərdik ki, Mərakeşdə yaranmış ədəbiyyat və mədəniyyət nümunələri ilə yaxından tanış olaq. Bir neçə Azərbaycan yazıçısının Mərakeşdə və Mərakeş yazıçılarının əsərlərinin Azərbaycanda tərcümə olunub nəşr edilməsi ədəbi əlaqələrimizin konkret nümunəsi ola bilər”.
Şair Paşa Qəlbinur çıxışında Mərakeş Krallığına səfərindən böyük məmnunluğunu bildirib və qədim ədəbi mədəni ənənələrimizin yeni dövrdə bərpasının vacibliyini vurğulayıb.
Tədbirdə “Orta əsrlərdə Azərbaycanda ərəb dilli ədəbiyyat” mövzusunda çıxış edən alim Məhəmməd Nurdin siyasi mühitin dəyişməsindən asılı olaraq ərəb dilinin bir neçə mərhələdə Azərbaycan ədəbiyyatına inteqrasiya etdiyini diqqətə çatdırıb.
Səfər zamanı Paşa Qəlbinur və Əjdər Ol paytaxt Rabatdakı Mərakeş Milli kitabxanasının müdiri Məhəmməd Əl Fərrad və Poeziya Evinin sədri Murad Əl Kaderi ilə də görüşüblər.