Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Ulduz" jurnalının fevral sayı işıq üzü görüb.
Jurnal ənənəvi olaraq ekspert rəyi ilə başlayıb. "Ulduz"un yanvar sayı haqqında Abid Tahirli "Doğru söz doğrulara acı deyil" adlı məqaləsində danışıb. Rəyi Əkbər Qoşalının özüylə söhbəti və şeirləri izləyib. "Esse" bölməsində Nicat Həşimzadənin "Əgər sənət olmasaydı..." essesi, "Üç hekayə" bölməsində Elşad Baratın hekayələri çap olunub.
"Qısa fikirlər xəzinəsi" rubrikasında İ.V.Gete, Mark Tven, Cəbran Xəlil Cəbran, Oskar Uayld, Emil Çoranın aforizmləri Cəlal Məmmədovun təqdimatında verilib.
Nigar Arif, Vasif Zöhraboğlu, Ramil Mərzili, Elnur Uğur və Əlizadə Nurinin poeziya nümunələri "Şeir vaxtı"nda, İlhamə Nasirin "Kəhrəba üzük" Lalə Ümidin "Dünəki bu gün" hekayələri (tərcümə Xatirə Nurgül) "Nəsr"dədir.
İ.Nəsiminin 650 illik yubileyi Hacı Firudun Qurbansoyun "İmaddədin Nəsimi Şirvani şeirinin ecazı" məqaləsi ilə yad edilib.
"Tərcümə saatı"nda Lukresiya Bırladeanunun şeirləri Elçin Hüseynbəylinin tərcüməsində təqdim olunub.
"Tribuna"da professor Buludxan Xəlilov "Millətə və dilə sevgi nümunəsi", Fərid Hüseyn "Siqaret qutusundakl tale yazısı..." (Musa Yaqubun həyat və yaradıcılığı haqqında qeydlər) məqalələri, "Debüt"də Fəridə İlk Can və Aydın Cavadın şeirləri çap olunub.
"Sorağı gəlməyənlər" bölməsində Fərqanə Mehdiyevanın budəfəki həmsöhbəti şair Ofelya Babayevadır. Dilşad Zülfüqarovanın şeirləri isə "Qürbət yazıları"ndadır.
"Bizim film" xüsusi rubrikasında Ramilə Qurbanlı "Ac həriflər" teletamaşasından söz açır. Məqaləni Qəşəm Nəcəfzadənin gənc yazarlara 11 məsləhəti izləyir.
Ənənəvi "Dərgidə kitab"ın budəfəki qonağı yazıçı Mübariz Cəfərlidir. Oxucular onun hekayələrini "Uzaqlar" başlığı ilə oxuyacaqlar.
Son olaraq, "Sərgi" rubrikasında 10-cu sinif şagirdi Ayşən Cahangirovanın rəsmləri yer alıb.
Şahanə MÜŞFİQ