Bugünlərdə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində "Nəsimi irsinin Azərbaycan ədəbiyyatında rolu" movzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın əsas məqsədi şagirdləri Nəsimi yaradıcılığına dair kiçik elmi araşdırmalara cəlb edərək tədqiqata meyilləndirmək olub. Bu çərçivədə məktəblilər kifayət qədər maraqlı araşdırmalar aparıb və konfransda çıxış ediblər. Şagirdlərin araşdırmalarına konfransa qonaq qismində qatılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova qiymət verib, öz münasibətlərini bildiriblər. Tədbirdə Qobustan 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Şamaxı rayonunun bir neçə məktəbindən gələn şagird və müəllimlər də qatılıblar. Konfransa gələn qonaqlar ilk olaraq Sabir qəsəbə tam orta məktəblilərinin Nəsiminin həyatından bəhs edən fraqmentlərdən ibarət rəsm sərgisinə baxıblar.
Məktəbin direktoru filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova, Şamaxı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Həsən Qocayev çıxış edərək qonaqları salamlayıb, tədbirlə bağlı fikirlərini bölüşüblər. Akademik Möhsün Nağısoylu Nəsimi irsinin Azərbaycan ədəbiyyatında və ana dilimizin inkişafında xüsusi rolundan danışıb, mövzu ilə bağlı ətraflı çıxış edib. ADU-nun dosenti Aytac Zeynalova, Qobustan rayon 3 saylı tam orta məktəbdən Əməkdar müəllim Sədaqət Məhərrəmova da Nəsimi irsinin araşdırılmasına hər zaman ehtiyac duyulduğunu, şairinin yaradıcılığının daha da əhatəli öyrənilməsinin zərurliyilini vurğulayıblar.
Sonra şagirdlər Nəsimi yaradıcılığı ilə əlaqədar işlərini təqdim ediblər.
Akademik M.Nağısoylu və digər qonaqlar şagirdlərin Nəsimi irsinə maraq və məhəbbətini yüksək qiymətləndiriblər.
Sonda şagirdlərin hazırladıqları bədii kompozisiya təqdim olunub.
S.QARAYEVA