|
|
|
|
Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” (“Ev, doğma ev”) sərgisi açılıb. Mərasimdə “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat verib: “Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən birgə hazırlanmış bu sərgi ilk dəfə bu ilin yazında Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdirilib. “Home, sweet home” sərgisi çərçivəsində nümayiş olunan müasir Azərbaycan incəsənətinin nüsxələri Avropa tamaşaçısının zövqünü oxşayıb. Hazırda həmin, lakin müəyyən dəyişikliklərə uğramış və əlavə eksponatları əhatə edən sərgi Bakıda təşkil olunur.
Sərgidə “ev” mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işləri nümayiş etdirilir. Sərgidə işləri nümayiş olunan 15 müəllifin hamısı özünəməxsus tərzdə “ailə ocağı” mövzusu üzərində dərindən düşünərək və qismən könüllərinə əziz olan mühafizəkar fikirləri yada salaraq “evin” yeni surətini icad etməyə çalışır. Onların diqqətini sadə və vərdiş etdikləri, həqiqətən mövcud olan və xəyali obyektlər cəlb edir”.
Sərgi eksponatları sırasında Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, Əli Həsənov, Ramal Kazımov, Aida Mahmudova, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Fidan Seyidova, Sənan Ələsgərov və Rəşad Ələkbərov tərəfindən yaradılmış əsərlər var.
Sərgi oktyabrın 10-dək davam edəcək.
S.ABDULLAYEVA