|
|
|
|
Bakıda - əksəriyyəti peşəkar və istedadlı şairlərdən, nasirlərdən ibarət olan sağlam ədəbi mühitdə hər yazdığı şeirdən tərif, təltif, şöhrət, sərvət umanlar da az deyil.
Belələriylə bir zamanda Azərbaycanın kiçik əyalət şəhərində heç bir iddiası olmayan zərif bir qadın yaşayır və heç kəsin yazmadığı ecazkar təşbehlər yaradır:
"Yuxular çıxır qınından", "öpür ayağımı yorğun ləpirlər. Gedər gəlməzlərdən qayıdım deyə", "macəra axtarır veyil küləklər, tökür kal tutları ağacdan yerə". "Sən yox idin, sənsizlik də yox idi, sənsizliyi sən gətirdin ömrümə..." "Yenə divarlarla qaldıq təkbətək, Hər yanı gecədir bu dörd divarın". "Gizlənpaç oynayır ərköyün günəş, Dolu buludları tutub üzünə", "Həsrət yumağı tək uzanan yollar. Dolanır zamanın biləklərinə". "Əlimin sığalında ağrılar mürgüləyir".
Onlarca belə deyilməmiş deyimlərin, ifadələrin müəllifi Sabirabadda yaşayan şair, nasir Nisə Bəyimdir. İddiasız şairənin gileyi də həzindir, kövrəkdir:
Hələm-bələ ağlamazdım
itirməzdim başımı
İndi sanki kövrəlmişəm
Dəymə-düşər olmuşam
Yaxınlardan - uzaqlardan
İnciməyə bir bəhanə gəzirəm
İçim-çölüm sınıq-sınıq
ağrılar-acılardan
Bulud kimi dolmuşam.
Bir neçə maraqlı nəsr əsərinin müəllifi Nisə Bəyim zənnimcə, ilk növbədə şairdir, bənzərsiz şairdir və cəsarətlə deyə bilərəm ki, zənnimcə, bugünkü çağdaş şeirimizin ən parlaq nümayəndələrindəndir.
Şairənin bu günlər oxuduğum son şeir kitabı "Miraj" adlanır. Kitaba 2015, 2016, 2017-ci illərdə yazılmış şeirləri toplanmışdır. Bu üç ilin poeziyası yaralı bir qəlbin etirafıdır. Nisə Bəyim kədər şairidir. Şeirlərinin dəyəri də kədərin ən müxtəlif çalarlarını ifadə etmək məharətindədir.
Yaxşı şeirdən yazmaq çətindir, çünki şah misraları onlara bərabər sözlərlə izah etmək zor işdir. Belə olduqda yalnız o misraları gətirməklə onlardan aldığın zövqü oxucularla bölüşmək qalır.
TƏNHALIQ, XATİRƏLƏR, PAYIZ, YAĞIŞ, AYRILIQ, GECƏ, AĞRI, ÖLÜM Nisə Bəyimin ən çox işlətdiyi sözlərdir.
Mənim peşəm dərd çəkməkdir
hər zaman iş başındayam.
Çəkdiyim acılar hər gecə ölür
hər səhər dirilib quşa çevrilir.
Payıza yolun düşsə, darıxdığımı söylə,
de ki ayrılıqları uzun çəkdi bu dəfə
Mən də tənhalığın uzaqlığında,
çırpınan yaralı qanad kimiyəm
Bütün rüzgarları içinə yığmış,
gah dolan, gah yağan bulud kimiyəm
Sənə söylədimmi darıxdığımı,
dedimmi kimsəsiz liman kimiyəm
Yalqız yelkən açan ayrılıqların,
boynuna sarılan duman kimiyəm.
Bir ayrı dünyanın adamlarıyıq,
nağıldan düşmüşük bu yer üzünə.
Ən yaxşı öyrəndiyim həyat dərsim - tənhalıq
Tənhalıq diksinib oyandı qəmdən,
yuxulu-yuxulu kədərə baxdı
Payızın üstə köklənir uzaq-yaxın xatirələr
Yağışa qarışıb yağır axın-axın xatirələr
Dünyada hər kəsdən məhrəmdir mənə
ağır dərdlərimi gizlədən gecə
Çəkir sinəsinə ağrılarımı
Sabahı mənimlə gözləyən gecə
Gecə qəfil qapım çala, açıb görəm yuxum gəlib
Bax bu imiş tənhalıq öz-özünə qısılmaq
Ömrün dar ağacında sənsizlikdən asılmaq.
Tənhalıq ölüm kimidi heç kəslə paylaşılmır.
Belə və buna bənzər misraları sitat gətirdikcə gətirmək istəyirsən, amma onda gərək kitabın azı yarısını bura köçürəsən.
Bu şeirləri oxuduqca düşünürdüm: görəsən, sovet vaxtı olsaydı, belə şeirlər yazıla bilərdimi?
Bəlkə də... Olsun ki, bir tərki-dünya zamanla hesablaşmadan, öz tənhalığının hücrəsinə çəkilib ancaq özü üçün xəlvət şeirlər yaza bilərdi. Təbii ki, onların çapından söhbət gedə bilməzdi. Amma gəlin fantastik bir fərziyyə irəli sürək. Hansısa bir redaktor siyasi sayıqlığını itirərək, sinfi səhlənkarlığı ucbatından bu şeirləri üzə çıxaraydı. Nəinki şeirlər, ayrı-ayrı misralar belə dərhal SOSrealizm tənqidçilərinin yaylım atəşinə tutulardı: Pessimizm, bədbinlik, mürtəce burjua əhval-ruhiyyəsi, işıqlı həyatımıza qara böhtan, şən, xoşbəxt yaşayışımızı inkar edən küskünlük, düşkünlük, bezarlıq, azarlıq və s. və i.a.
Amma Nisə Bəyim dediyi kimi:
"Həqiqətdə xoşbəxtlik yox,
xoşbəxtlikdə həqiqət"
SOSrealizm deyilən təlimə tapınanlar onu başa düşmək istəmirdilər ki, ən bədbin şeirlər də - əgər onlar doğurdan da əsl şeirdirlərsə, - insanlara bədbinliyi təlqin etmir, onlara təsəlli verir. Eyni hissləri keçirən hansısa oxucu bu kədərli sətirlərlə tanış olarkən öz yalqızlıq dərdlərinə həmdərd, öz kədərinə ortaq tapır və acılarını bu şeirlərlə ovudur.
Nisə Bəyimin şeirlərində kədərin müxtəlif çalarları varsa, müxtəlif səbəbləri də var. Bütün duyan, düşünən insanlara xas olan bir qüssə - həyatın ötücülüyü, ən uzun ömrün belə qısalığı haqqında fikirlərdən doğur.
Əlim ayağım belə şişib üzümə durur
Yaşımın keçdiyini Ömür üzümə vurur.
Xəstəliyin fəsadları - yuxusuz gecələrin ağrılarıyla bərabər, şairənin acıları başqa şərtlərlə də bağlıdır. Ailəsinə aid həzin misralar:
Heyif məndən, heyif məndən, ay ana
Heyif mənim ürəyimdən
Başındakı qovğanın hamısı məndən keçdi
Sənə düşmən olanlar mənim qanımı içdi
Unudub haqqı-sayı azıb haqdan döndülər
Diriykən ikimizi bir məzara gömdülər
yaxud:
Ömür beş daş oynayan ağılsız bir uşaqdı
sellər aldı apardı,
Anam mənə beş qardaş doğmuşdu
ellər aldı apardı.
Şairənin həssas qəlbi nəinki yaxınlarının dərdini çəkir, hətta arvadını itirib dul qalmış qonşuları Mirzağa dayının da yalqızlıq nisgilini paylaşır.
Bu şəxsi itkilərlə yanaşı, Nisə Bəyimi daha böyük ictimai faciələr - Xocalı soyqırımı, Şuşanın itirilməsi də yandırıb yaxır.
Biz elə özümüz dərdin özüyük
Yazıb üstümüzdə Şuşa, Xocalı...
Konkret hadisələrdən həyat dərsləri çıxır:
Bir gün üstünə cəhalət yürüyəcək
Daşqalaq edəcəklər sevgilərini
Ən böyük daşı
ən çox yaxşılıq etdiyin adam atacaq.
Bəs nicat nədədir?
Bu ciddi suala şairə zarafatla cavab verir:
Adamın çox pulu ola
Pul verib adamlıq ala
Ya adam kimi yaşaya
ya da ki biryolluq ola.
Təəsüf ki, bu da mümkün deyil.
Fəqət bu kədərli kitabdan ümidsizliklə ayrılmırsan, çünki:
Səni tərk etsə də, yadlar doğmalar
üzülmə
dünyanın sonu deyil ki...
Bu fani dünyada əbədi qalmağın bir yolu da sənətə, şeirə, poetik sətirlərə çevrilmiş duyğulardır.
O cümlədən, Nisə Bəyimin yaratdığı sətirlər:
Öldürüb torpağa deyil, məni sözümə basdırın
- deyir şairə və haqlı olaraq inanır ki:
Ruhumun məskəni nə xatirələr
Nə torpaq, nə məzar, nə təndir mənə
Məni xatırlayan bütün könüllər
Yaşadan sevgilər vətəndir mənə.
Nisə Bəyimin ölümə münasibətində həm mistik, həm də elmin yeni fərziyyələriylə bağlı qəribə bir ümid yeri var - Ölümdən sonrakı həyata ümid... Bu fərziyyə onun maraqlı nəsr əsərində "Onlayn" romanında da əks olunub, şeirində də:
Öləsən...
sənə məktub yazalar
ölməmiş kimi
yerini-yurdunu bilməmiş kimi
səni axtaralar başqa dünyada
başqa adam kimi, başqa vaxt kimi
Dünyanın üstündə hər kəs qocala
ölüm də qocala ölməmiş kimi
sənsə gənc qalasan vaxtın gözündə
heç nə dəyişməmiş, olmamış kimi.
Kim bilir? Bəlkə doğrudan da belədir... Kim insanı bu fikirdən, bu ümiddən, bu təsəllidən daşındıra bilər ki?
Və niyə də daşındırsın?
Nisə Bəyimin şeirlərindən gətirdiyim sitatlar deyəsən, elə mənim öz mətnimdən çox oldu. Olsun! Bəlkə bu başqa oxucuları da istedadlı şairənin kədər və ümid dolu kitabını alıb oxumağa həvəsləndirdi.
30 mart 2019