Kürdəmir şəhərinin Mədəniyyət Mərkəzində Xalq Teatrlarının ənənəvi III Respublika Festivalı keçirilirib.
Yevlax Xalq Teatrı festivala yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyası, və uşaqlar üçün yazdığı “Dəcəl keçi” pyesinin kukla versiyası ilə qatılıb.
Əsərlərə Yevlax Xalq Teatrının rəhbəri, respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova və Mədəniyyət Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev quruluş veriblər.
Tamaşaları böyük maraqla izləyən münsiflər heyəti daha sonra həvəskar aktyorlara ustad dərsləri keçiblər. Münsiflər heyətinin üzvlərindən Şuşa Dövlət Dram Teatrının baş rejissoru, respublikanın əməkdar artisti, Prezident mükafatçısı Loğman Kərimov, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq Yaradıcılığı sektorunun müdiri Elgün Əliyev, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Azad Şükürov, “Ədəbiyyat qəzeti”nin məsul katibi, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, teatrşünas, əməkdar mədəniyyət işçisi Atabala Hacıbabayev və başqaları yaradıcı heyət haqda fikirlərini bölüşüblər. Bildirilib ki, Yevlax Xalq Teatrı Festivalın fərqlənən və yadda qalan tamaşalarını təqdim edib.
Tamaşalarda əsas rolları Aynur və Teymur Mustafayevlər, Zaur Qurbanov, Türkan Əliyeva, Taleh Əzimov, Kəmalə Qurbanova, Elnurə Babayeva, Qədir Abbasov, Fəridə Həsənova canlandırıblar.
Xalq Teatrının rəhbəri, əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova sevincini bölüşərək bunları söyləyib: “Xoşbəxtik ki, zəhmətimiz hədər getmədi. Zona festivalında parlaq qələbə qazandıq. İndi finala çıxmaq, Dram Teatrının səhnəsində hazırladığımız tamaşaları oynamaq bizim ən böyük arzumuzdur. Amma bununla belə hesab edirik ki, hər bir sənət hadisəsi öz-özlüyündə qələbədir. Yevlaxlıları aprel ayında baş tutacaq, istedadlı dramaturq Pərvinin «Qadınlar» komediyasının premyerasına dəvət edirəm.”
Afaq Bayramova
Yevlaxda nəşr olunan “Kür” qəzetinin müxbiri