Diplomatik sahədə öz yazıları ilə seçilən Pakistanın “Diplomatik Star” jurnalında Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib.
525.az məlumat verir ki, buraxılış Azərbaycan-Pakistan münasibətlərinin baniləri olmuş Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Pakistanın tanınmış siyasətçisi Benazir Bhuttonun şəkilləri təsvir olunmuş “Azərbaycan-Pakistan münasibətlərinin xronologiyası” adlı məqalə ilə başlayıb. Yazıda, 20 il ərzində iki ölkə arasında baş vermiş rəsmi səfərlərin xronologiyası öz əksini tapıb.
Jurnalda Azərbaycan prezidenti cənab İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdariyə, həmçinin Pakistanın baş naziri Raca Pərviz Əşrəfin öz həmkarı cənab Artur Rəsizadəyə Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 20-illiyi ilə əlaqədar ünvanlanmış məktubları dərc edilib.
“Heydər Əliyev-Azərbaycanın Ümummilli Lideri” adlı məqalədə ulu öndərin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın yaradılması və dövlətimizin dünya miqyasında özünə məxsus yer tutması istiqamətində aparmış siyasəti öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş “Ilham Əliyev-Azərbaycanın Lideri” adlı məqalədə ölkə prezidentinin xarici və daxili siyasətində əldə etdiyi uğurlardan geniş məlumatlar verilib. Yazıda, neft strategiyası, qeyri neft sektorunun inkişafı, sosial sektora, mədəniyyət və təhsilə dövlət qayğısından, idmanda əldə etdiyimiz uğurlardan bəhs edilib. Məqalədə, cənab İlham Əliyevin Dağlıq-Qarabağ məsələsinin həlli istiqamətində apardığı işlərdən danışılıb, Azərbaycanın BMT TŞ qeyri-daimi üzv seçilməsi faktı və xarici siyasətdə əldə etdiyimiz digər uğurlardan geniş bəhs edilib.
Yazıda, Azərbaycan-Pakistan münasibətlərinə xüsusi yer ayrılaraq, bu əlaqələrin həyatın bütün istiqamətlərində sürətlə inkişaf etdiyi vurğulanıb, hər iki ölkənin beynəlxalq arenada qarşılıqlı dəstəyi haqqında məlumatlar verilib . Ermənistan-Azərbaycan Dağlığ-Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyən Pakistanın öz parlamentində Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni qəbul etməsi Azərbaycan xalqı və rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Diplomatic Star” jurnalındakı buraxılışın “Mehriban Əliyeva-Heydər Əliyev Fondunun Prezidenti” adlı məqaləsində Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirtdiyi layihələrdən geniş məlumatlar verilib. Məqalənin Heydər Əliyev fondunun Pakistandakı fəaliyyətinə həsr edilmiş hissəsində xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu ölkənin müxtəlif bölgələrində “hepatit- B” –yə qarşı pulsuz peyvəndləşdirmə proqramının həyata keçirilməsi, səhiyyə sektorunun inkişafına edilən maliyyə yardımları, uşaq və ahıllar üçün təşkil edilmiş pulsuz müayinə və açıq ürəkdə cərrahiyə əməliyyatları, qızlar məktəbinin tikilməsi və sonralar əsaslı şəkildə yenidən qurulması və təmir olunması, Ramazan ayında uşaqlar evlərində iftar süfrələrinin təşkil olunması qeyd olunub..
Xüsusi buraxılışda, səfir Daşqın Şikarovun Azərbaycan-Pakistan diplomatik münasibətlərin 20 illiyinə həsr edilmiş müraciəti dərc edilib. Yazıda, müstəqil Azərbaycanın yaranması tarixi, ölkələrimiz arasındakı diplomatik əlaqələrin mərhələləri, siyasi əməkdaşlığın aspektləri öz əksini tapıb.