Xalq şairi
YAŞASIN ÜRƏK
Şeir ürəkdən süzülüb gəlir, böyrəkdən yox. Şeir ürəkdə yazılır, böyrəkdə yox. Ürək dostumdu, böyrək düşmənim. Dostuma da, düşmənimə də sözümü deyirəm. Qoy hər ikisi öz payını götürsün. Ürək deyir ki, böyrəksiz yaşaya bilərsən, ürəksiz yox. Oğulsan ürəkli şeirlər yaz, ürəklə yaşa. Homerdən Aşıq Veysələ qədər gözsüz şairlər tanıyıram ki, onların əsərləri, səsi, sədası dünyanı silkələyib. Əlsiz şairlər tanıyıram ki, fələyin acığına dişiylə yazıb əsərlərini. Ayaqsız şairlər də tanıyıram. Şeir onlar üçün əl-ayaq olub. Qol-qanad olub, onları göyün yeddinci qatına qaldırıb. Əlsiz rəssamlar tanıyıram ki, zaman-zaman insanları öz bənzərsiz əsərləri ilə heyrətdə saxlayıblar. Mən də böyrəksiz şeirlər yazmışam. Onları əziz oxucularıma təqdim edirəm. Ürək varsa, hər şey var, ürək yoxsa, həyat yoxdur. Yaşasın ürək!
ÖLDÜRSÜN
Qar yağırdı, qış günüydü
mən olanda,
İndi məni qoy çiçəkli
yaz öldürsün.
Bir şairi dağa salsın,
daşa salsın,
Bir gözəlin canındakı
naz öldürsün.
Donur ağac, solur yarpaq,
əsir külək,
Basılır göy, sınır qanad,
düşür lələk.
Zalımlığı yerə qoysun
zalım fələk,
Məni böyük dərdlərimlə
az öldürsün.
Köçüm gedim əlim halal,
dilim halal,
Allahıma tez yetişsin
bu ərzi-hal.
Aşıq gəlsin, əli qızıl,
söhbəti bal,
Son nəfəsdə qoy məni bir
saz öldürsün.
GÖNDƏRİŞ
Allah beşik göndərir
uyumağa, yatmağa,
Allah layla göndərir
qızılgülə batmağa.
Ömrü boyu böyüyür,
ucaldıqca ucalır,
İnsan oğlu can atır
Allahına çatmağa!
Allah bələk göndərir,
körpəni qucmaq üçün,
Allah qanad göndərir,
ucalıb uçmaq üçün.
Allah ağıl göndərir,
idrak, düşüncə verir,
Bağlanmış qapıları
açarsız açmaq üçün.
Əssə də soyuq külək,
yağsa da qar gözəldi,
Barlı payız, qarlı qış,
güllü bahar gözəldi.
Aç qoşa qollarını
Tanrı üçün, ey insan,
Allahın bəndə üçün
hər nəyi var, gözəldi!
İNSAN SEVİLƏNDƏ,
İNSAN SEVƏNDƏ
Göy nə genişdi,
Günəş nə işıqlıdı,
Ay nə nurludu,
Ulduz nə yaraşıqlıdı,
Dünya nə şirindi,
həyat nə uğurludu,
Sular nə nurludu,
bulaq nə təmizdi,
Sevilənlər nə gözəldi,
sevənlər nə əzizdi,
İnsan seviləndə,
insan sevəndə!
Təpələr nə ucadı,
dağlar nə vüqarlıdı,
Bağlar nə bərəkətli,
bağçalar nə barlıdı,
Kasıblar nə dövlətli,
yoxsullar nə varlıdı,
Dövran nə etibarlı,
zaman nə ilqarlıdı,
İnsan seviləndə,
insan sevəndə!
Qədimlər nə yenidi,
köhnələr nə təzədi,
Gözəlliklər, gözəllər
yer üzünü bəzədi.
Yaxşılıqlar, yaxşılar
üz-üzə, göz-gözədi,
Həyat qəm-kədər deyil,
həyat meydi, məzədi,
İnsan seviləndə,
insan sevəndə!
SUAL
Yuxu şirin, həyat acı,
Yatmısanmı, oyaqsanmı?
Ey ruhumun ehtiyacı,
Gözlərimə çıraqsanmı?
Yanımda qiymətin, qədrin,
Qəlbimdə hörmətin, xətrin,
Adamı öldürür ətrin,
Çiçək dolu budaqsanmı?
Ömrüm-günüm yaşıl tağdı,
Sevgin sağlam, eşqin sağdı.
Sinən üstü ağdan ağdı,
Yazılmamış varaqsanmı?
İşıqlıdır odun, qorun,
Sevgidədir gücün, zorun.
Yandırırsan korun-korun,
Odu sönməz ocaqsanmı?
Birim, pirim, bircə dənəm,
Sən sevilən, mən sevənəm.
Bu evin sahibi mənəm,
Sən bir qərib qonaqsanmı?
İSTƏK
Damla da var, dərya da
mənim yaranışımda,
Mən adi bir damlayam,
dəryamı istəyirəm.
Dünya məni böyütdü,
yaşatdı insan kimi,
Mən kiçik bir zərrəyəm,
dünyamı istəyirəm.
Gurlamışam, çaxmışam
şimşəklərin içində,
Zərif ömür sürmüşəm
çiçəklərin içində.
Şipşirin bir arzu var
istəklərin içində,
Mənə “işığım” deyən
anamı istəyirəm.
Nə sözdən, nə nəğmədən,
nə bulaqdan doymadım,
Nə oddan, nə alovdan,
nə ocaqdan doymadım.
Nə ana təbiətdən, nə
torpaqdan doymadım,
Həyat adlı güzgünü,
aynanı istəyirəm.
ACLIQ
Ac gəlmişdim, ac gedirəm dünyadan,
Qismətimə düşən azdan doymadım.
Arı kimi güldən-gülə dolaşdım,
Nə payızdan, nə də yazdan doymadım.
Can yandırdı köz baxışlar, köz əllər,
Torpaq oldu, tez töküldü xəzəllər.
Saymazyana gəldi-getdi gözəllər,
Nə işvədən, nə də nazdan doymadım.
Nəğmələrlə ürəyimi aldılar,
Şirin-şirin xəyallara daldılar.
Min bir yerdə min bir hava çaldılar,
Nə aşıqdan, nə də sazdan doymadım.
GÖZƏLLƏR
Gözəllər də buz bulaqlar kimidi,
Öpüldükcə gözəlləşir, durulur.
Vurulanlar elə-belə vurulmur,
Bir könüldən min könülə vurulur.
Gözəllər də göy yaylaqlar kimidi,
Çəməni var, çiçəyi var, ətri var.
Sevənlərin ürəyində, ruhunda,
Sevilənin dağlar boyda xətri var.
Gözəllər də gül dodaqlar kimidi,
Ləzzəti var, nəğməsi var, sözü var.
Yer üzünə neçə insan gəlibsə,
Hamısının dodaqlarda gözü var.
Gözəllər də gur ocaqlar kimidi,
İstisi var, işığı var, odu var.
Ürəkləri, könülləri isidən,
Damaqlardan heç getməyən dadı var.
Gözəllər də oyuncaqlar kimidi,
Aldanan var, aldadan var, atan var.
Gözəlliyin qiymətini bilməyib,
Dünyasını beş qəpiyə satan var.
ARZU
Dolandıqca hey dolanam təbiəti,
Yola çıxam, bu yollarda izim ola.
Qayalardan sərtlik dərsi ala biləm,
Yoxuşlarda bükülməyən dizim ola.
Fərhad kimi dağlar yaram, qaya çapam,
Ucalmaqçün ucalıqla bir dil tapam.
Dağ başında bir dağılmaz qala yapam,
Zirvələrlə görüşməyə üzüm ola.
Bülbül gərək dost bağında ötmək üçün,
Ürək gərək arzulara yetmək üçün.
Torpaq altda canı sulu getmək üçün,
Can verəndə canında bir dözüm ola.
Qollarıma qüvvət verə dostum, yarım,
Ürəyimi üşütməyə qışım, qarım.
Qalxan günü Allah ola xilaskarım,
Enən günü düzəngahım, düzüm ola.
Yer də, göy də sağ-salamat durmaq üçün,
Qurduğunu sevdiyintək qurmaq üçün,
Yüz illərə, min illərə varmaq üçün,
Bizdən sonra dünya yenə bizim ola!
ŞAİRLİK
Bulaqların dilində kövrək, həzin nəğmədi,
Yarpaqların dilində pıçıltıdı şairlik.
Yaralı gövdələrdə ağrıdı, göynərtidi,
Xəzəllərin dilində sızıltıdı şairlik.
Çəmənlərin dilində çiçəklərin rəngidi,
Çiçəklərin içində təravətdi şairlik.
Yerlərin yaraşığı, göylərin ahəngidi,
Babalardan bizlərə əmanətdi şairlik.
Çayların axarında nərədi, hönkürtüdü,
Sellərin dodağında şırıltıdı şairlik.
Göyləri silkələyər hirsi, qəzəbi tutsa,
Şimşəklərin dilində gurultudu şairlik.
Cəmiyyət ağlayanda ondan qabaq ağlayır,
İztirab, hıçqırtıdı, göz yaşıdı şairlik.
Böyüklərin qisməti edam, ya dar ağacı,
Ölümsüz bir ölümlə yanaşıdır şairlik.
Gözünə duz basıblar, heç azalmır ağrısı,
Heç zaman sağalmayan bir yaradı şairlik.
İnsanların dərdini o çatdırır Allaha,
Allah bəndə arası bir aradı şairlik.
MƏN OLSAM DA, OLMASAM DA
Dünya hər gün tikiləcək,
söküləcək,
Dəniz hər gün qabaracaq,
çəkiləcək,
Bu dünyada mən olsam da,
olmasam da.
Göylər hər gün ələk kimi
ələnəcək,
Torpaq hər gün bərəkətə
bələnəcək,
Bu dünyada mən olsam da,
olmasam da.
Günəş hər gün paylayacaq
öz nurunu,
Dağ tutacaq şaxlığını,
qürurunu,
Bu dünyada mən olsam da,
olmasam da.
Çətinləri qoy çevrilsin,
asand olsun,
Bu dünyanın hər bir işi
avand olsun,
Bu dünyada mən olsam da,
olmasam da.
DÜNYA VƏ MƏN
Dayanmışıq yanaşı,
Dünyayla üz-üzəyəm.
Mən deyirəm, o deyir,
Dünyayla söz-sözəyəm.
Yeri yandırır, yaxır,
Göyü gurlayır, çaxır.
Mən baxıram, o baxır,
Dünyayla göz-gözəyəm.
Hey dalırıq xəyala,
Eh, kim ölə, kim qala.
O anadı, mən bala,
Dünyayla diz-dizəyəm.
GÖZƏLLİK
Nə nurludu, nə parlaqdı, nə gözəldi,
Nur payıdır insanların ən gözəli.
Aydan alır, Gündən alır işığını,
Baş tacıdır vicdanların ən gözəli.
Uzun sürən “Vətən-Qürbət dastanı” var,
Qəhrəmanlıq, sevgi, həsrət dastanı var.
Hər ürəkdə bir məhəbbət dastanı var,
Məhəbbətdi dastanların ən gözəli.
Gözəllikdi halal şöhrət, halal maya,
Şükür olsun yaradandan gələn paya.
Suyu öpür gözəlləşir sahil, qaya,
Dalğa doğur tufanların ən gözəli.
Qoca dünya dadlı olur, şirin olur,
Bir misaldı, axar sular sərin olur.
Dənizlərdən, dəryalardan dərin olur,
Göz yaşıdır ümmanların ən gözəli.
Həyat orda, ən işıqlı gün ordadı,
Nəğmə orda, səs ordadı, ün ordadı.
İnsaf orda, iman orda, din ordadı,
İnsanlıqdı irfanların ən gözəli.
BORCUM VAR MƏNİM
Yaxşılıq görmüşəm yaddan, yaxından,
Yaxına, uzağa borcum var mənim.
Ruhumu uyudan, laylamı çalan,
Beşiyə, qundağa borcum var mənim.
Bu palıd ağacı, bu məğrur cökə,
İstəyir həmişə nazımı çəkə.
Sığallı gövdəyə, şirəli kökə,
Meyvəli budağa borcum var mənim.
Hər barlı bağçaya, hər əlvan bağa,
Hər dolu sünbülə, hər yaşıl tağa,
Çəmənə, çiçəyə, ota, yarpağa,
Günəşə, torpağa borcum var mənim.
Zirvədi, ətəkdi, bənddi, bərədi,
Hər görüş cənnətdən bir mənzərədi.
Vurğunu olduğum dağdı, dərədi,
Hər elə, oymağa borcum var mənim.
Haqqın yaratdığı rəngə, naxışa,
Buluda, şimşəyə, mehə, yağışa,
Alovlu ürəyə, odlu baxışa,
Nəğməli dodağa borcum var mənim.
Verdim öz ömrümü hissə, duyğuya,
Yaşadım dünyanı mən duya-duya.
Udduğum havaya, içdiyim suya,
Öpdüyüm bulağa borcum var mənim.
Hər söz bir mətləbə, mənaya bağlı,
Hər daş bir guşəyə, xanaya bağlı.
Allaha, ataya, anaya bağlı,
Müqəddəs ocağa borcum var mənim.
NƏ YAXŞI
Bizim gözümüzün qabağındadı,
İşıqda Allah var, Allahda işıq.
Allahı işığa yaraşdırmışıq,
İşığı Allaha yaraşdırmışıq.
Arzuda, xəyalda, həqiqətdədir,
Varlığın ləzzəti, varlığın dadı.
Göylərə ucalmaq, yerlərə enmək,
Bizim ruhumuzun varlığındadı.
İşıqdan güc alır hər nəfəsimiz,
Qayalar yarmağa inadımız var.
Allaha yetişir uca səsimiz,
Nə yaxşı uçmağa qanadımız var.
ANA DÜNYA
Anamın yanına gəlmişəm Allah,
Bircə gün anasız eyləmə məni.
Ömrümün mənası varlığındadır,
Heç zaman mənasız eyləmə məni.
Zəhməti, cəfanı, dözümü görrəm,
Qaşımı, üzümü, gözümü görrəm,
Onun güzgüsündə özümü görrəm,
Güzgüsüz, aynasız eyləmə məni.
O uca bir dağdı, mən kiçik təpə,
O coşqun dalğadı, mən həzin ləpə.
Anasız ömürlər dəyməz bir çöpə,
Zərrəyəm, dünyasız eyləmə məni.
Zirvənin ağı var saçın qarında,
Eşqin meyvəsi var bağça-bağında.
Üzmək istəyirəm ağ sularında,
Damlayam, dəryasız eyləmə məni.
Oğul ana üçün bəydi, paşadı,
Ananın eşqiylə oğul yaşadı.
Analı ömürlər toy-tamaşadı,
Toysuz, tamaşasız eyləmə məni.
AMAN ALLAH,
DÜNYA NECƏ ŞİRİNDİ
Bu dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi.
Fəsil gözəl, həftə gözəl, ay gözəl,
Aman Allah, dünya necə şirindi.
Kim bəxtindən, taleyindən yarıdı,
Kimin bəxti axıracan sarıdı.
Dünya çiçək, insan oğlu arıdı,
Aman Allah, dünya necə şirindi.
Göylərə bax, göyü günlü, yağışlı,
Yerlərə bax, yeri güllü, naxışlı.
Gözəlləri tülək tərlan baxışlı,
Aman Allah, dünya necə şirindi.
Baxmaq üçün bərəsi var, bəndi var,
Gəzmək üçün şəhəri var, kəndi var.
Şəkəri var, pətəyi var, qəndi var,
Aman Allah, dünya necə şirindi.
Səsli gələn səssiz ölmək istəmir,
Heç bir canlı ölüb itmək istəmir.
Hamı gəlir, gələn getmək istəmir,
Aman Allah, dünya necə şirindi.
NƏ DEMƏKDİR
Çox yeriyin, çox dolanın, çox gəzin,
Ot basmasın cığırları, izləri.
Gur suları darıxmağa qoymayın,
Yol çəkməsin bulaqların gözləri.
İnsan oğlu, qoy əlini qarşına,
Dolan hər gün doğma yurdun başına.
Güvənəndə torpağına, daşına,
Yerə gəlməz pəhləvanın dizləri.
Yüz nədir ki, yüz əllini haqlayın,
Gözəlliyi göz üstündə saxlayın.
Ən müqəddəs ocaq kimi qoxlayın,
Çiçəkləri, çəmənləri, düzləri.
Gah ağlarsız, gah göz yaşın silərsiz,
Gündə yüz yol dirilərsiz, ölərsiz.
Susuz qalıb susayanda bilərsiz,
Nə deməkdir Zəlimxanın sözləri.
DAĞ OLMAĞIN ŞAN-ŞÖHRƏTİ
Dağlarındı bu dərəlik, bu dağlıq,
Dağlarındı bu sağlamlıq, bu sağlıq.
Dağlarındı yüksəklərdə bu ağlıq,
Dağ olmağın şan-şöhrəti başqadı.
Yazda qaçar çiçəklərin dodağı,
Çiçək açar gözəllərin yanağı.
Yayda gələr, sayagəlməz qonağı,
Dağ olmağın səxavəti başqadı.
Ətəyində çökəklik var, tala var,
Zirvəsində əlyetişməz qala var.
Hər daş altda bir canlı var, bala var,
Dağ olmağın təravəti başqadı.
Dizlər üçün qüvvəti var, heyi var,
Gözlər üçün min naxışlı göyü var.
Bulaqların nəğməsi var, neyi var,
Dağ olmağın əzəməti başqadı.
Torpağında dürlü-dürlü halı var,
Yaşılı var, sarısı var, alı var.
Süfrəsində qaymağı var, balı var,
Dağ olmağın ziyafəti başqadı.
Qorxusu yox nə borandan, nə yeldən,
Qorxusu yox nə yağışdan, nə seldən.
Ucadadı hər obadan, hər eldən,
Dağ olmağın güc-qüvvəti başqadı.
Dastan bağla, əsər yarat, kitab yaz,
Dağlar üçün hər nə desən azdı, az.
Həm məclisdi, həm söhbətdi, həm də saz,
Dağ olmağın şeiriyyəti başqadı.
İNDİ
Öldürdüm özümü öz içərimdə,
Özüm öz canıma bir qəsdəm indi.
Nədən danışıram qırılır sözüm,
Sağlam ola-ola şikəstəm indi.
Göz var, ondan ötrü ocaq olmuşam,
Göz var, ondan ötrü bıçaq olmuşam.
Çətin ağrılara calaq olmuşam,
Dərmansız dərdlərə peyvəstəm indi.
Qanlı kəfənimi özüm biçmişəm,
Sualı, Sıratı çoxdan keçmişəm.
Dərdin şərabını elə içmişəm,
Şərab içənlərdən çox məstəm indi.
GƏTİRİN
Ölüm ayağında dirildin məni,
Çəmənin ətrini gətirin mənə.
Qoy aşıq oxusun, qul Ələsgərin
Bir neçə sətrini gətirin mənə.
Zirvəsi ucadı, dərəsi dərin,
Sevgisi istidi, suları sərin.
Yaşıl yaylaqların, göy meşələrin
Kölgəlik çətrini gətirin mənə.
Uzaqdan, yaxından alım səsini,
Eşidim zilini, duyum pəsini.
Ana təbiətin hər müjdəsini,
Tükənməz xətrini gətirin mənə.
BULAQ
Elə bulaq dedim, bulaq eşitdim,
Nə var bu dünyada bulaqdan gözəl.
Axdı ürəyimə, axdı qəlbimə,
Yaxından yanğılı, uzaqdan gözəl.
Dərdləri, qəmləri vurdum, taladım,
Ömrümə-günümə ömür caladım.
Bulaq kənarında ocaq qaladım,
Odlu duyğularım ocaqdan gözəl.
Yerlərə, göylərə vurulur insan,
Saattək təzədən qurulur insan.
Sulara baxanda durulur insan,
Olur ləldən gözəl, dodaqdan gözəl.
Hər dərddən, xəbərdən, hər sirdən agah,
Sökülür dan yeri, açılır sabah.
Ana təbiətin nəyi var, Allah,
Bu sudan, havadan, torpaqdan gözəl.
YAZILMALIDIR
Nəsillər dəyişir, fəsillər ötür,
Qış getdi, dalınca yaz olmalıdır.
Bulaqlar başına çıxanlar bilər,
Harda söhbət düşüb, saz olmalıdır.
Ətrini yaydıqca yazın çiçəyi,
Artır düşüncənin, sözün çiçəyi.
Çiçəyin nazı var, nazın çiçəyi,
Çiçək olan yerdə naz olmalıdır.
Çox-çox yazıları pozuram indi,
Ölüb getməyə də hazıram indi.
Tale şeirləri yazıram indi,
Çox şeylər təzədən yazılmalıdır.
GÖRƏSƏN
Ömrün axırına nə qalıb görən,
Ömrü ömür kimi sürəcəyəmmi?
Ətirli çöllərin çıxıb qoynuna,
Yazda çiçəkləri dərəcəyəmmi?
Dünyaya dağılan şeirlərimi,
Ucalıb dağ olan şeirlərimi,
Təzəcə doğulan şeirlərimi,
Qəlbin süfrəsinə sərəcəyəmmi?
Qalmayıb dizimdə taqətim, heyim,
Susub birdəfəlik kamanım, neyim.
Bu gün-sabahlıqdı bəlkə taleyim,
Görəsən sabahı görəcəyəmmi?
QOCA DAĞ
Ay qoca dağ, gəldim sənə baş çəkim,
Sevincimi qəm eyləmə, sən Allah.
Kövrəlirəm səni tutqun görəndə,
Üz-gözünü nəm eyləmə, sən Allah.
Fikir çəkim, duman çəkim, çən çəkim,
Qayğıları tən daşıyım, tən çəkim.
Nə dərdin var, qoy çoxunu mən çəkim,
Sən kefini kəm eyləmə, sən Allah.
Yaxşı qoru mərd duruşu, şaxlığı,
Gözəl olur qocalığın şuxluğu.
Bu vətəni, bu bolluğu, toxluğu,
İtə-qurda yem eyləmə, sən Allah.
XATİRƏ QALSIN
Gözümüz nəyi görür,
Yazın, xatirə qalsın.
Bir sözü min bir yerə,
Yozun, xatirə qalsın.
Baxın torpağa, daşa,
Bu dünya bir tamaşa.
Dünyanı başdan-başa,
Gəzin, xatirə qalsın.
Vurun şirin xalları,
Geniş açın qolları.
Yorun uzaq yolları,
Azın, xatirə qalsın.
Dodaqda oynasın səs,
Ömür keçməsin əbəs.
Dünyada bir müqəddəs,
Həzin xatirə qalsın.
MƏN SƏNİ GÖRƏNDƏ
“Mən səni ilk dəfə görəndə
saçların qapqaraydı.
Bu saç-saqqalı nə tez ağartdın,
ay oğul.”
Həmayıl xanımın dediklərindən
Mən səni ilk görəndə
qapqaraydı saçların,
Qızılından bahaydı
şahlar qoyan tacların.
Ən şirin meyvəsiydin
bar verən ağacların,
İndi hanı o saçlar?
Hanı qapqara qaşlar?
Mən səni ilk görəndə
üzdə qırış yoxuydu,
Qocalıq yollarında
bir çağırış yoxuydu.
Tutqun payız yoxuydu,
boranlı qış yoxuydu,
İndi hanı şahlığın?
Hanı o gümrahlığın?
Mən səni ilk görəndə
bulaqlardan duruydun,
Alovlu baxışların
atəşiydin, nuruydun.
Düzlərin bərəkəti,
dağların qüruruydun,
Heyif o heyranlığa,
Heyif o cavanlığa.
Gənclik dönüb gələydi
nola bircə anlığa.
Mən səni ilk görəndə
əldə əsmə yoxuydu,
Ürəkdə bir titrəyiş,
bir tələsmə yoxuydu.
Ağrı özü yoxuydu,
ağrıkəsmə yoxuydu,
Sağlam bir an varıydı,
Ruhda, gözdə, fikirdə,
bir həyəcan varıydı.
İndi səni görürəm
qartalmış qoca kimi,
İndi səni görürəm
tüstüsüz baca kimi.
İndi səni görürəm
xocasız xoca kimi.
Xocasan, xocan hanı?
Yanar odun, alovun
tüstülü bacan hanı?
Səni görmək istərəm
ucalan bir dağ kimi,
Səni görmək istərəm
qızılı bir çağ kimi,
Səni görmək istərəm
millətə bayraq kimi.
Sənin bu ağ saçların
səni bizdən almasın,
Cavan saxla ürəyi,
ürəyin qocalmasın!