|
|
|
|
"Bu ilin ilk 3 ayının nəticələrini təhlil etsək, görərik ki, Ümumi Daxili Məhsul 3 faiz, qeyri-neft sənayesi 15, inflyasiya cəmi 2 faiz olub. Ötən il Dünya Bankı Azərbaycanı dünyada ən çox islahat aparan ölkə elan etmişdir. İslahatlar nəticəsində iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son iki ayda 200 milyon manat artırıb".
Bu fikirləri millət vəkili Tahir Mirkişili son aylar ölkədə aparılan iqtisadi, sosial islahatlar və onların nəticələrini şərh bedərkən bildirib.
O deyib ki, dövlətin artan gəlirlərini vətəndaşların sosial müdafiəsinin güclənməsinə yönəldən dövlət başçısı minimum əmək haqlarını, pensiyaları, sosial müavinətləri, tələbə təqaüdləri və s. artırmaqla bir daha aparılan islahatların əsas məqsədinin Azərbaycan vətəndaşının daha yaxşı yaşaması olduğunu göstərib.
Deputat vurğulayıb ki, cari ilin ilk iki ayı göstərdi ki, Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub, şəfafflıq, büdcə gəlirləri, vergi sistemində yığılmalar artıb:
"Bu yığılmalar imkan verdi ki, əvvəllər yaranan çətinliklərin nəticələrinin aradan qaldırılması ilə bağlı addımlar atılsın və ölkə prezidenti də problemli kreditlərlə bağlı fərman imzaladı. Prezident tərəfindən verilmiş bu fərman miqyasına və mexanizmlərinə görə tarixi bir addımdır".
T.Mirkişili bankların sağlamlaşdırılması baxımından dövlətin atdığı addımın çox böyük əhəmiyyət kəsb etdiyini deyib:
"Çünki bank iqtisadiyyatın "şah damarı"dır. Banklarda olan istənilən bir problem sonra bütövlükdə iqtisadiyyata yayılır və bütün sektora təsir edir. Ona görə də bank sektorunun sağlamlaşdırılması bütövlükdə iqtisadiyyat üçün çox vacibdir. Bu addım həm iqtisadiyyatın sağlamlaşdırılması, həm iqtisadiyyatda bank sektorunun effektiv və fəal iştirakının artırılması, həm də vətəndaşın sosial müdafiəsinin qorunması baxımından çox mühümdür".
O, digər bir aktual mövzuya, bankların verdikləri kreditlərin faizlərinin aşağı salınması mümkünlüyünə də toxunub:
"Bu gün Azərbaycanda kredit faizlərinin, xüsusən sahibkarlıq üçün kredit faizlərinin yuxarı olması sahibkarlığın inkişafı üçün müəyyən qədər maneələr yaradır. Kredit faizləri nə qədər aşağı olarsa, sahibkarlıq daha çox investisiya cəlb edə bilər və yaxud daha çox iş görə bilər. Bu gün bütövlükdə kredit portfelinin ümumi daxili məhsulda həcmi, təxminən 12 faizə yaxındır. İqtisadiyyatın sürətli inkişaf etməsi üçün kredit portfelinin ümumi daxili məhsulda payı 60 faizdən yuxarı olmalıdır. Bu o deməkdir ki, Azərbaycanda kredit portfelinin həcmi xeyli aşağıdır. İqtisadiyyatın sürətli inkişafı üçün kreditlərə ehtiyac var, bu kreditlərin həcmi artmalıdır. Amma istənilən halda kredit faizləri də sahibkarlara daha çox iş görməyə imkan verməlidir.
Bu gün bankların hər hansı bir formada kredit faizlərini aşağı salması iki istiqamətdə mümkündür. Bir istiqamət ondan ibarətdir ki, istənilən halda bankların daha çox ucuz pul kütləsinə çıxışı olmalıdır. Bu gün bankların kredit cəlb etməsində iki mühüm mənbə var. Birincisi, əhalinin əmanətləridir, ikincisi isə bankların beynəlxalq bazardan cəlb etdiyi pul kütləsidir. Kredit faizlərinin yuxarı olmasının bir səbəbi də əhalinin qəbul olunan əmanətlərin faizlərinin yuxarı olmasıdır. Belə çıxır ki, biz kredit faizlərini aşağı salmağa çalışsaq, istənilən halda əhalinin əmanət faizləri də aşağı düşməlidir. Bu, bir tərəfdən əhalinin gəlirlərinə təsir edəcək. Amma digər tərəfdən bunu iqtisadi üsulları da var. Bir çox ölkələrdə müəyyən dərəcədə məhdudiyyətlər tətbiq edirlər ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən sərf etməsin. Məsələn, əgər banklar yuxarı faizli kredit verilirsə, bu kreditlərin qaytarılması üçün banklar daha çox özlərində ehtiyat yaratmalıdır. Bankın daha çox ehtiyat yaratması bir çox hallarda ona sərf etmir. Ona görə də bank daha az ehtiyat yaratmaq üçün aşağı faizlə kredit verməkdə maraqlı olur. Bu, məsələnin mühüm bir hissəsidir. Biz də düşünürük ki, bu gün ölkəmizdə iqtisadi alətlərlə banklara kredit faizlərinin aşağı salınması ilə bağlı təsir etmək mümkündür. Amma eyni zamanda, daha ucuz kreditə və yaxud da pul kütləsinə çıxışı təmin etmək üçün banklara köməklik göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin aşağı düşməsində hamımız maraqlıyıq. Çünki kredit faizlərinin yuxarı həddə olması sahibkarlıq fəaliyyətinin inkişafı üçün maneədir".
Azərbaycan iqtisadiyyatının əlavə dəyər vergisindən (ƏDV) tədricən xilas olması, bu verginin digər vergilərlə əvəz edilməsinə dair səslənən fikirlərə də toxunan deputat bildirib ki, Azərbaycanda ƏDV vergi yığımlarının, təxminən 50 faizindən bir az çoxdur:
"Yəni bu gün həm gömrük, həm vergi sahəsində ƏDV-nin yığım həcminə fikir versək, bu, bütövlükdə büdcə gəlirlərinin, təxminən 30 faizinə yaxındır. Bu, kifayət qədər böyük məbləğdir. Bu gün ƏDV bir tərəfdən iqtisadi funksiyaya sahibdirsə, digər tərəfdən onun mühüm bir sosial istiqaməti var. ƏDV olmayanda, bu qədər vergi yığılmayanda son nəticədə əhalinin sosial qayğı ilə əhatə olunmasında ciddi şəkildə problemlər yarana bilər. Yığılan vergilərin böyük hissəsi son nəticədə pensiyaya, sosial təminata, sosial müavinətə və bütövlükdə əhalinin maddi rifahının artırılmasına yönəlir. Yəni verginin əsas funksiyalarından da biri bundan ibarətdir. Amma mən düşünürəm ki, istənilən halda ƏDV mexanizminin təkmilləşdirilməsi ilə bağlı işlər görmək mümkündür".
PƏRVANƏ