|
|
|
|
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə “Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” adlı yeni elektron xidməti istifadəyə verib.
Səhmdar Cəmiyyətdən verilən məlumata görə, sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər “Azərsu”nun informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün “www.azersu.az” saytında “Elektron xidmətlər” bölməsindəki elektron xidmətlərin siyahısından “Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidməti seçilməlidir. İstifadəçi şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.
Müraciət edən abonent sistemə müvafiq məlumatları daxil etməlidir. Sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu”nun müvafiq sukanal idarəsinə yönləndirilir. Daxil olan müraciətə baxılır və məlumatlar düzgün olduqda müraciət icra üçün qəbul olunur. Müraciət icra olunduqda abonentin məlumatları dürüstləşdirilir.
Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.
Müraciət icra olunduqdan sonra abonentin qeyd etdiyi telefon nömrəsi məlumatlandırma xidmətinə qoşulur. Gələcəkdə ərazi üzrə şəbəkə infrastrukturunda baş verən qəzalar və profilaktik işlər, həmçinin, səhmdar cəmiyyətin təqdim etdiyi xidmətlərdəki yeniliklər barədə abonent SMS vasitəsilə məlumatlandırılacaq.
C.ABASOV