|
|
|
|
Xəbər verildiyi kimi, Əlikram Hümbətov Ermənistana səfər edib. O, 1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası”nı elan edən, daha sonra həbs edilərək bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək, ölkədən deportasiya olunub. Ermənistanda bir sıra görüşlər keçirən Ə.Hümbətovun Dağlıq Qarabağa gedəcəyi də gözlənilir. Ə.Hümmətovun Ermənistana səfəri ölkə ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ə.Hümbətovun satqın olduğunu qeyd edib. Onun sözlərinə görə, Milli Şuranın dəstəklədiyi Ə.Hümbətov millətə və dövlətə xəyanət edən bir insandır: “Bu xəyanətkar İrəvanda, Dağlıq Qarabağda Azərbaycan əleyhinə təxribatlarda iştirak edir. Hesab edirəm ki, Azərbaycan xalqının hər biri ona nifrətlə yanaşır. Cəmil Həsənlinin Dağlıq Qarabağla bağlı fikirlərinə münasibət bildirən M.Qurbanlı AXC-Müsavat cütlüyünün o dövrdəki fəaliyyəti nəticəsində Şuşa, Laçın və Kəlbəcər kimi strateji mərkəzlərin itirildiyini qeyd edib: “Hesab edirəm ki, Cəmil Həsənlinin Dağlıq Qarabağdan danışmağa heç bir haqqı yoxdur. Onların xəyanətləri nəticəsində Dağlıq Qarabağ düşmənlərin işğalı altındadır. Ona görə də onların Dağlıq Qarabağdan danışmağa, münaqişənin həlli yolunda həyata keçirilən siyasətə irad tutmağa heç bir mənəvi haqları yoxdur. Gərək üzləri olsun ki, bu barədə danışa bilsinlər. Nə İsa Qəmbər, nə Əli Kərimli, nə də Cəmil Həsənli Dağlıq Qarabağ problemi və onun həllində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərk etmək qabiliyyətinə malik deyil”.
Politoloq Cümşüd Nuriyev Ə.Hümbətovun şəxsi maraqlar naminə hər şeyini satmağa hazır olduğunu qeyd edib. O, məsələ ilə bağlı belə deyib: “Eldəniz Quliyevin Əlikram Hümbətovu müdafiə etməsi o deməkdir ki, Milli Şura Azərbaycanda qarşıdurma yaratmaq, milli seperatizmi qızışdırmaq, eyni zamanda onların dili ilə desək, Suriya hadisələrini ölkəmizə gətirmək istəyir. Ə.Hümbətovun İrəvana getməsi və orada Şərqşünaslıq fakultəsində talış bölməsinin açılması siyasi təxribatdan başqa bir şey deyil. Dünyada talış dili heç bir siyahıya düşməyib. Bu, növbəti təxribatın hazırlanmasından xəbər verir. Çünki Ermənistan həddindən artıq siyasi cərimə içindədir. Onlar xalqın iradəsi ilə ölkə başçısı İlham Əliyevin yenidən prezident seçiləcəyindən çox narahatdırlar. Məhz buna görə də onlar ölkə daxilində qarşıdurma yaratmaq istəyirlər. Vay Milli Şuranın halına ki, onun aparıcı adamı Eldəniz Quliyevdir. Bu, müxalifətin faciəsi deməkdir. Eldəniz Quliyev Azərbaycanda açıq şəkildə separatçılıqla məşğuldur. Ələkrəm Hümbətov öz şəxsi maraqları naminə nəinki Azərbaycan dövlətini, hər şeyini satmağa hazırdır. O, şeytanla müqaviləyə girən insanlardandır. Burada acınacaqlı hal onun ölkədən idarə olunmasıdır. Eldəniz Quliyev Cəmil Həsənliyə arxadan zərbə vurdu. Bunun başqa adı yoxdur”.
Milli Məclisin deputatı Cavanşir Paşazadə açıqlamasında bildirib ki, Əlikram Hümmətov azərbaycanlı deyil. Millət vəkilinin sözlərinə görə, onun Ermənistana, oradan da Dağlıq Qarabağa gedib orada talışlarla bağlı çıxış etməyə haqqı yoxdur: “Onu talışlar, cənub bölgəsinin camaatı talışlıqdan çıxarıb. Xalq onu vətəndən deportasiya edib”. Əlikram Hümmətov bir dəfə vətəni satıbsa, yenə sata bilər. O artıq ermənilərdən biridir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, Ə.Hümmətovun talışların adından danışmağa haqqı yoxdur: “O, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir. Bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Əlikram Hümmətovu qəbul etmir. Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Əlikram Hümmətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Əlikram Hümmətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir ya yox?”.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə (Sədi) bəyan edib ki, Ə.Hümmətovun gedib haradasa talışlar adından çıxış etməyə haqqı çatmır. O, belə deyib: “Biz Əlikram Hümmətova görə o vaxt çətin günlər – xaos, qalmaqallı günlər yaşamışıq. Ölkə bir neçə hissəyə bölünmüşdü. Ona görə də bizim xalq Əlikram Hümmətov kimi adamları heç vaxt qəbul etmir və edə də bilməz. Ölkədaxili separatizmin, milli ədavətin müəllifi olan, millətin adından danışan, yağı düşmənlə bir yerdə olan dinimizin düşmənidir. O vaxt Ermənistanda talış radiosu açmaq kimi bir fikir də ortaya atmışdılar. Bu, cəfəngiyyatdır. İyirmi faiz torpaqlarımızı işğal edən, əli qanımıza bulaşan Ermənistanla eyni fikirdə olan insanı biz qəbul edə bilmərik”.
Müsavat Partiyasının üzvü Əlövsət Talışxanlı isə bildirib ki, Lənkəran xanının nəvəsi olaraq Ə.Hümmətov kimi bir adamın fəaliyyətini kəskin pisləyir. O bildirib ki, Ə.Hümbətov kimi fırıldaqçıları, haranınsa qucağına atılmış bir adamı tanımır: “Qısa formada desək, o, bizə düşməndir. Onun bizim aramızda heç bir nüfuzu yoxdur. Azərbaycan dövlətçiliyinə xələl gətirən hansısa bir adamı bütün el-obam pisləyir. Şəxsən bir müsavatçı kimi mənim, qohum-əqrəbamın bir amalı var, bu da bütöv Azərbaycandır”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, Ə.Hümmətov elə bir tipdir ki, onun fəaliyyəti ilə bağlı şərh verməyə ehtiyac yoxdur. O, Ə.Hümbətovu Cənub bölgəsində heç kimin dəstəkləmədiyini bildirib: “Mən hələ indiyə qədər Cənub bölgəsində onun hansısa fikrinə dəstək verəcək 10 nəfər də görməmişəm. Ona görə də biz bu məsələdən narahat deyilik. Bildirirəm ki, o, Azərbaycan vətəndaşı deyil, xaindir. Ona görə də onunla bağlı elə bir şərh verməyə ehtiyac duymuram.
Əslən Cənub bölgəsindən olan Xalq artisti Canəli Əkbərov isə Əlikram Hümmətovun hərəkətindən hiddətlənib: “O, talışlara heç vaxt nüfuz gətirməyib. O kimdir ki, talışlar adından danışır?!”.
AQİL