https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Azərbaycanda idman və Olimpiya Hərəkati: inkisaf tarixi, nəticələr və perspektivlər

Azərbaycanda idman və Olimpiya Hərəkati: inkisaf tarixi, nəticələr və perspektivlər

Azərbaycan müstəqillik qazanandan sonra hökm sürən ictimai-siyasi gərginlik başqa sahələrə olduğu kimi, ölkədə idmanın inkişafına diqqəti də arxa plana atmışdı. Bir çox tanınmış idmançılarımız və potensial vəd edən gənclərimiz xaricə üz tutmuş, müxtəlif yarışlarda, o cümlədən olimpiadalarda başqa respublikaları təmsil etmək məcburiyyətində qalmışdılar. Onları yenidən Vətənə qaytarmaq, yeni itkilərlə üzləşməmək, gənc nəsli düzgün yönəltmək, Azərbaycanı dünyanın idman arenasında tanıtmaq məqsədilə olimpiya hərəkatının yaradılması vacib idi. Hələ 1992-ci ildə qurulmuş Milli Olimpiya Komitəsi (MOK) bu işin öhdəsindən lazımınca gələ bilmirdi. Çünki dövlət tərəfindən lazımi qayğı və dəstək yox idi.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra respublikamızda bir çox sahələrə olduğu kimi idmana da diqqət ayırmağa başladı. 1993-cü il iyulun 31-də İlham Əliyevin MOK-a prezident seçilməsi bu diqqət və qayğını daha da artırdı. Ölkəmizdə Olimpiya Hərəkatı geniş vüsət almağa başladı. 1996-cı ildə keçiriləcək XXVI Yay Olimpiya Oyunlarında olimpiyaçılarımızın lazımi səviyyədə hazırlaşması üçün 1995-ci ilin fevralında prezident Heydər Əliyev sərəncam imzalandı. Dövlət tərəfindən ciddi nəzarət və qayğının nəticəsi kimi idmançılarımız Atlantadan Vətənə medalla qayıtdılar. Sərbəst güləşçimiz Namiq Abdullayevin sayəsində cəmi bir gümüş medal qazanmağımıza baxmayaraq, güclü potensial və düzgün qurulmuş iş gələcəkdə daha böyük uğurların əldə olunmasından xəbər verirdi. Doğrudur, buna kimi 1992-ci ildə Barselonada keçirilən Olimpiadada cüdoçumuz Nazim Hüseynov birinci yeri tutmuşdu. Amma o vaxt MOK-nin Beynəlxalq Olimpiya Komitəsinə üzv olmadığı üçün idmançılarımız MDB-nin birləşmiş komandasının tərkibində çıxış etmişdilər.

Nəhayət, çəkilən əziyyət öz bəhrəsini verdi. 2000-ci ildə keçirilən XX əsrin son Olimpiya Oyunlarında idmançılarımız nəyə qadir olduqlarını göstərdilər. Onlar bu dəfə Vətənə 2 qızıl və 1 bürünc medalla döndülər. Azərbaycana ilk qızıl medalı isə xanım idmançımız qazandırdı. Bu, stend atıcımız Zemfira Meftəhəddinova idi.

Bu yazımızda yeganə qadın olimpiya çempionumuz Zemfira Meftəhəddinovanın olimpiya zirvəsinə getdiyi çətin yolu, olimpiadalarda göstərdiyi nəticələri, Olimpiya Hərəkatının yaranması, bu günü və gələcəyi haqda fikirlərinə yer ayıracaq, Azərbaycanı indiyə kimi olimpiya oyunlarında təmsil edən qadın idmançılarımızın əldə etdikləri nailiyyətlərə toxunacaq, həmçinin idmançılarımızın 2015-ci ildə Bakıda təşkil ediləcək I Avropa Olimpiya Oyunları və 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında əldə edə biləcək nəticələrdən danışacağıq. 

Quşu gözündən vuran xanım

Olimpiya Hərəkatının ilk təmsilçilərindən biri də Zemfira Meftəhəddinovadır. Dəfələrlə Dünya və Avropa çempionu olan, altı Dünya, iki Olimpiya rekordu müəyyən edən Zemfira xanıma Atlantaya getmək nəsib olmayıb. Çünki onda stend atıcılığı olimpiya idman növü deyildi, ilk dəfə Sidney olimpiadasında proqrama daxil edildi. Lisenziyaların sayı az olduğundan uzaq Avstraliyaya getmək üçün lisenziya verən turnirlərdə maksimum nəticə göstərmək lazım idi. Əslində, Meftəhəddinova bunu bacardı, amma... Ammasını özü deyəcək: “İlk qızıl medalı mənim qazanmağım qürurverici haldır. Amma bu təkcə mənim deyil, xalqımızın qələbəsi idi. Olimpiadaya kimi həm Avropa, həm də Dünya çempionu olmuşdum. Olimpiya zirvəsinə gedən yol heç vaxt asan olmur. Bunun üçün çox əziyyət çəkməlisən. Qismət elə gətirdi ki, olimpiadaya lisenziya qazana bilmədim. Bunun maraqlı tarixçəsi var. 1997-ci ildə Avropa çempionu oldum. Amma orada lisenziya yox idi. Bir il sonra Dünya Kubokunda 1-ci yeri tutdum. Yenə də olimpiadaya lisenziya verilmədi. 1999-cu ildə Dünya Kubokunun gümüş mükafatçısı oldum. Lisenziya ancaq 1-ci yerə verilirdi. Bəxtim gətirmirdi. Yəqin ki, birbaşa lisenziya buna kimi əldə etdiyim nailiyyətlərə görə verildi. Hər halda əlimə düşən şansdan maksimum yararlandım.

2004-cü ildə Afina Olimpiadası da mənim üçün düşərli oldu. Bu dəfə üçüncü yeri tutdum, amma olimpiya oyunları elə bir yarışdır ki, orada medalın əyarı o qədər də önəm daşımır. Bürünc da mənə qızıl qədər əzizdir”.

Yaşın nə fərqi var

Stend atıcılığı elə bir idman növüdür ki, orada yaş önəmli rol oynamır. Əsas idmançının psixoloji durumudur. Təbii ki, növbəti yarışlarda hamının Zemfira xanımdan medal gözləməsi ona psixoloji təzyiq göstərir, “əlavə yük” olurdu. Zemfira xanımın sözlərinə görə, növbəti olimpiadalarda Vətənə əliboş dönməsinin bir səbəbi bu, digəri isə, Afina olimpiadasından sonra hazırlıqlara bir qədər gec başlaması idi. Bir idmançının bütün yarışlarda qalib gəlməsi mümkün olan hal deyil. Olimpiya çempionunun fikrincə, onun uğur qazanmasında dövlətimizin idmana göstərdiyi qayğı önəmli rol oynayıb: “Azərbaycanda Olimpiya Hərəkatının təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. İdmanımızın bu səviyyəyə çatması, qazanılan nəticələr Prezident İlham Əliyevin adı ilə bağlıdı. Prezidentimizin idmana ayırdığı diqqət, idmançılara göstərdiyi qayğı çox az ölkələrdə rast gəlinir. Olimpiya komplekslərinin, yeni-yeni idman arenalarının, stadionların tikilməsi, idmançıların problemlərinin, onların məişət qayğılarının həlli və s. buna əyani sübutdur. Bundan başqa, olimpiya oyunlarının gedişində İlham Əliyevin idmançılarımıza azarkeşlik etməsi onlarda ruh yüksəkliyi yaradır, yarışlara daha yaxşı köklənmələrinə kömək edir. Özüm dəfələrlə bunun şahidi olmuşam. Əgər dövlət tərəfindən idmanımızın inkişafına qayğı göstərilməsəydi, bu qədər nailiyyət əldə edə bilməzdik. Olimpiadalarda medalların sayı getdikcə artır. İnanıram ki, Rio-de Janeyroda onlar daha da çoxalacaq”.

“Yerimi gənclərə verməyə hazıram”

Olimpiadada çıxış etmək hər bir idmançının arzusudur. Qalib olmaq isə başqa bir hissdir. Zemfira xanımdan qızıl medalı qazanarkən, keçirdiyi  hissləri bölüşməsini istədik: “Finalda psixoloji durumuma kənar təsirin olmaması üçün məşqçim Hafiz Cəfərov heç kimi mənə yaxın buraxmırdı. Təsadüfən nümayəndə heyətimizdən Asif müəllimi tribunada gördüm. Gizlənirmiş kimi, sakitcə bir kənarda əyləşmişdi. Həyəcanım daha da artdı. İdman dilində buna “mandraj” deyirlər. “Mandraj”ın müxtəlif növləri olur – səni səhv eləməyə məcbur edə də bilər, məsuliyyətini artıra da. Məndə ikinci tip “mandraj” vardı. Allaha şükür, son iki cəhddən asılı olmayaraq, artıq çempion idim. Buna baxmayaraq, sevinc hisslərimi bir kənara qoyub qalan iki cəhddə də hədəfi düzgün nişan ala bildim. Həmin an keçirdiyim hissləri sözlə ifadə eləmək mümkün deyil. Təltifetmə mərasimində himnimizin səslənməsi, bayrağımızın yüksəlməsi isə tamam başqa zövq idi. Hamı ayaqüstə bayrağımızın altında himnimizi dinləyirdi. Bizi sevənlər də, sevməyənlər də. Bütün idmançılarımıza bu anları yaşamağı arzulayıram”.

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları və bir il sonra təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızdan daha böyük uğurlar gözləyən olimpiya çempionu buna gücümüzün və potensialımızın çatdığı fikrindədi: “Bütün idmançılarımızda, o cümlədən qadınlarımızda nəticə qazanmaq üçün imkanlar var. Güləşçimiz Mariya Stadnikin adını çəkə bilərəm. Təəssüf ki, son yarışlarda Mariya bürünc və gümüşlə kifayətlənməli oldu. Onun hədəfə doğru inamla irəliləməsi, özünəinamı ümid verir ki, növbəti olimpiadada birinci olsun. İnanıram ki, Stadniklə yanaşı digər idmançılarımız, o cümlədən xanımlarımız növbəti olimpiadada daha çox medal qazana biləcəklər. Məncə, bu dəfə ən azı 3-4 qızılımız olacaq. O ki qaldı mənə, hələki məşq edirəm. Stend atıcılığında artıq ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edə biləcək gənclər yetişib. Olimpiadada kimin iştirak edəcəyini isə hələ demək tezdir. Seçim imkanım olsa, məmnuniyyətlə yerimi gənclərə verməyə hazıram. Əsl peşəkar idmançı hər dəfə qələbə qazananda yenisinə doğru can atmalıdı. Amma gəncləri də unutmaq olmaz. Onlara özlərini sübut etmələri üçün həmişə şans vermək, dəstək olmaq lazımdır. İstərdim ki, gələcəkdə mənim qazandığım uğurlar onlara da qismət olsun”. 

Qadınalırımız Olimpiya Oyunlarında

İndiyə qədər ölkəmiz müstəqil dövlət kimi 5  yay olimpiya oyununda ümumilikdə 200-dən çox idmançı ilə təmsil olunub. Atlanta Olimpiadasında cəmi 3 qadın idmançımız mübarizə aparırdısa, növbəti yarışlarda bu rəqəm artmağa başladı. Londonda onların sayı 15-ə çatmışdı. Bu olimpiadalarda idmançılarımız ümumilikdə 26 medal (6 qızıl, 5 gümüş, 15 bürünc) qazanıblar. Onlardan 6-ı xanımların payına düşür. Zemfira xanımdan başqa, güllə atıcımız İradə Aşumova Afinada, güləşçimiz Yuliya Ratkeviç Londonda bürünc, onun komanda yoldaşı Mariya Stadnik isə Pekində bürünc, 4 il sonra isə gümüş medala layiq görülüb. Bu medalların sayı daha da çox ola bilərdi. Xüsusilə, ilk iki olimpiadada dəfələrlə dünya və qitə birinciliyində yüksək nəticələr qazanmış cüdoçumuz Zülfiyyə Hüseynovadan medal gözləyirdik. Lakin onun bir qədər bəxti gətirmədi. Atlantada 7-ci nəticə göstərən Hüseynova Sidneydə yarımfinalın bir addımlığında çiynindən zədələnərək yarışları başa vurmalı oldu. Bundan başqa son yarışlarda ağırlıqqaldıran Boyonka Kostova 5-ci, bədii gimnast Aliyə Qarayeva isə 4-cü yeri tutublar.

Paralimpiyaçılarımızı da yaddan çıxarmaq olmaz. İlk dəfə Atlanta olimpiadasında cəmi 2 idmançı ilə təmsil olunmuşduq. Bu sahəyə də ayrılan diqqət və qayğının nəticəsi kimi növbəti yarışlarda iştirakçıların və qazanılan medalların sayı artamağa başladı. İndiyə kimi paralimpiyaçılarımız olimpiadalarda üst-üstə 27 medal (8 qızıl, 10 gümüş və 9 bürünc) qazanıblar. Onlardan 8-i (2 qızıl, 5 gümüş və  1 bürünc) zərif cinsin nümayəndələrinin hesabına düşür. 2000-ci ildə güllə atıcımız Yelena Taranova gümüş, bir il sonra isə bürünc medala layiq görüldü. Son olimpiadada isə artıq qadınların hesabında 2 qızıl medal var idi. Cüdoçu Afaq Sultanova və üzgüçü Natali Pronina çempion oldular. Maraqlı bir fakt - Pronina London olimpiadasında üzgüçülüyün müxtəlif növlərində daha 4 dəfə 2-ci yeri tutdu.

Yeganə ağrılı yerimiz qış olimpiya oyunları ilə bağlıdı. Bura aid olan idman növləri hələki respublikamızda o qədər  də inkişaf etməyib. Amma son zamanlar bu sahədə xeyli addımlar atılıb, müxtəlif idman qurğuları inşa olunub və olunmaqdadı. Onlardan biri – Qusarda inşa olunmuş qış-yay olimpiya kompleksi artıq istifadəyə verilib. Bu da gələcəkdə Azərbaycanda qış olimpiya idman növləri üzrə müxtəlif beynəlxalq yarışların keçirilməsinə və idmançıların yetişməsinə zəmin yaradır.

İdmana olan diqqət, yeni-yeni Olimpiya Komplekslərinin və idman arenalarının inşası, müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə təşkili, gənclərin olimpiya hərəkatında geniş iştirakı, Azərbaycanı dünyanın idman arenasında və olimpiadalarda layiqincə təmsil edə biləcək gənc nəslin yetişməsi gələcəyə nikbin baxmağa əsas verir. Sübut kimi 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarını göstərmək olar. 12 idmançı ilə qatıldığımız olimpiadada yeniyetmələrimiz 5 qızıl və 5 gümüş medalla Vətənə alnıaçıq dönə bilmişdilər.

İlqar TAĞIYEV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.