https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Olimpiya Stadionu Avroliqanın finalına necə hazırlaşır?

Olimpiya Stadionu Avroliqanın finalına necə hazırlaşır?

Azərbaycan klubları avrokubokların finalına çıxa bilməsələr də, final özü gəlib bizə çıxıb.

ONA-nın məlumatına görə, ən azından azarkeşlərimiz qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının həlledici oyununu canlı izləmək imkanı qazanıb. Cəmi 12 gün sonra Bakı Olimpiya Stadionunda (BOS) “Çelsi” və “Arsenal” arasında London derbisi baş tutacaq. Bu da nəinki qitənin, bütün dünyanın diqqətini yenidən Azərbaycana yönəldəcək.

Azərbaycan idman ölkəsi imicini çoxdan doğruldub

Əslində, idman dünyasının diqqət mərkəzində olmaq ölkəmiz üçün yenilik deyil. Dəfələrlə mötəbər yarışlara ev sahibliyi edən Azərbaycan idman ölkəsi imicini çoxdan doğruldub. 2015-ci ildə keçirilən ilk Avropa Oyunları, ardıcıl 4 dəfə “Formula-1” üzrə mərhələ yarışı, İslam Həmrəyliyi Oyunları, bir sıra dünya və Avropa çempionatları buna əyani sübutdur. Bir sözlə, bütün beynəlxalq qurumlar çəkinmədən ən yüksək səviyyəli yarışları Azərbaycana etibar etməkdə tərəddüd etmirlər.

Avropa Liqasının final matçını da UEFA Bakıya verməkdə hansısa sual qarşısında belə qalmayıb. 2017-ci il sentyabrın 20-də Bakı Olimpiya Stadionu qitənin ikinci dərəcəli klub turnirinin həlledici matçı üçün ev sahibi seçilib. Düzdür, həmin vaxt BOS Çempionlar Liqasının finalı üçün mübarizəyə girişsə də, sonda “Tottenhem”lə “Liverpul”un qarşılaşacağı matç Madridin yeni inşa olunan "Metropolitano" stadionuna həvələ olunub. İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında verilən qərar zamanı Bakı Avropa Liqasının finalına iddia edən İstanbulun “Vodafon Park” və Sevilyanın “Estadio Ramon Sançes Pisxuan” arenalarını qabaqlayıb.

“Arsenal” və “Çelsi” nümayəndələri stadiondan razıdırlar

Artıq bu gün deyə bilərik ki, Bakıda oynanılacaq final digər ölkələrdəkindən geri qalmayacaq. Buna BOS-un ictimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva ilə söhbətimizdə bir daha əmin olduq. Onun sözlərinə görə, həlledici matça qısa müddət qaldığından hazırlıq prosesi də finiş nöqtəsinə yaxınlaşır: “Ötən həftədən UEFA nümayəndələri Bakıda bizimlə birgə çalışır və bu həftə də Avropa qurumunun nümayəndələri tam heyətlə paytaxtımıza gələcəklər. Bakıda finalçıların rəsmilərinin iş görüşü də keçirilib. “Arsenal” və “Çelsi”nin nümayəndələri stadionda gəlib, infrastrukturla tanış olublar. Bildiyim qədərilə, şəhərinin də infrastrukturu ilə maraqlanıblar. Hər şeydən razıdırlar. Çünki onlar artıq avrokuboklarda “Qarabağ”la oynayıblar və Bakı onlar üçün tanış bir şəhərdir. Nümayəndələr hər hansı bir rəy bildirməyiblər. Stadion onlar üçün tanışdır. Ona görə hazırda sadəcə təşkilatı xarakterli görüşlər keçirilir və birgə işimiz müzakirə olunur, plan qurulur. Bunun əsasında da biz fəaliyyət göstərəcəyik”.

Finalın keçiriləcəyi Bakı Olimpiya Stadionu UEFA standartlarına tam cavab verir. Lakin həlledici matçla bağlı təməli Azərbaycan futbolunun 100 illiyində - 2011-ci ildə qoyulan və açılışı 2015-ci ilə təsadüf edən arenada bir sıra yeniliklər edilib. Parkinqi genişləndirilən stadionda KİV nümayəndələrinin işi daha da yüngülləşdirilib və əlavə oturacaqlar da quraşdırılıb. Həmçinin video köməkçi hakim (VAR) Avropa Liqası tarixində ilk dəfə Bakıda tətbiq olunacaq.

BOS-da yeniliklər

C. Mehdiyevanın sözlərinə görə, stadionda texniki işlər artıq yekunlaşıb: “Maraqlı məqam odur ki, bu turnirdə VAR sistemi ilk dəfə Azərbaycanda tətbiq olunacaq. Bu, siqnal vasitəsilə canlı yayım ərazisindən əsas meydançaya ötürüləcək və videoassistent komandası tərəfindən baş hakimə təqdim ediləcək. Əlavə olaraq, KİV nümayəndələri üçün bir neçə yenilik də edilib. Bundan öncə Azərbaycanda bütün canlı yayım telekom xətləri vasitəsilə həyata keçirilirdisə, hazırda bizim fiberoptikanın infrastrukturunu nəzərə alaraq, bunu internet vasitəsilə reallaşdıracağıq. UEFA bu ideyanı bəyəndi. Artıq digər tədbirlərdə də tətbiq edəcəyik”.

Stadion rəsmisi VAR sisteminin stadionda apreldə quraşdırıldığını və testdən keçirildiyini də qeyd edib: “Bu sistem Azərbaycanda istifadəyə hazırdır”.

Onun sözlərinə görə, əgər bu oyunadək arenanın tutumu 68 min 700 nəfər təşkil edirdisə, artıq say 70 minə çatdırılıb: “Oturacaqların sayında da dəyişiklik edilib. Atletika rejimində istifadə olunan media platformalar yığışdırıldı, onlar hamısı oturacaqlarla əvəz olundu. Beşinci mərtəbədə isə oturacaqlar yığışdırıldı, onların əvəzinə studiyalar tikildi. Beləliklə, hazırda stadionda oturacaqların sayı 70 minə çatdı”.

Avropa Liqası tarixində bir oyunluq finallarda rekord 62 min izləyicidir. Tamaşaçı tutumu bundan xeyli artıq olan BOS-un bu rekordu qırması isə çox realdır. C. Mehdiyeva da buna inandığını və arenanın ən yüksək pilləyə qalxacağına ümid etdiklərini vurğulayıb: “Biz anşlaq gözləyirik və bu isə UEFA-da bir rekord kimi qeyd olunur”.

O, finalda azarkeşlik edəcəyi komandanı da açıqlayıb. Güclünün qalib gəlməsini istəyən BOS rəsmisi London derbisində “Arsenal”ın kuboka sahib çıxmasını arzulayır: “Almaniya futbolunun azarkeşiyəm. Bu səbəbdən də Məsut Özilə görə “Arsenal”a azarkeşlik edəcəyəm. Hər halda, Bakı Olimpiya Stadionunda ingilis derbisinin özünü bir tarix kimi hesab etmək olar”.

AFFA finalla bağlı danışmaq istəməyib

BOS-un İctimaiyyətlə Əlaqələr və Media Departamentindən fərqli, oyunun Bakıya salınmasında böyük əməyi olan AFFA rəsmilərindən kimisə danışdırmaq cəhdi alınmadı. Qurumun mətbuat xidməti dəfələrlə istəyimizi müsbət cavablandırmadı. Halbuki azarkeşlərin təhlükəsizliyi, bileti olan tamaşaçıları gözləyən sürprizlər barədə məhz AFFA nümayəndələri danışmalı idi. Onlar hətta baş katib Elxan Məmmədovun oyuna xərclənən 7 milyon dolları pivə satışından çıxaracaqları barədə fikirlərinə də aydınlıq gətirməli idilər. Görünür, ya yarışın əhəmiyyətini tam bilmirlər, ya da məsuliyyətlərini dərk etmirlər. Halbuki indiyədək Bakıda keçirilən multiidman yarışlarının Təşkilat Komitəsi və ya mətbuat xidmətləri heç bir KİV nümayəndəsinin suallarını cavabsız qoymayıblar.

Finalda kim şanslıdır?

Həlledici oyuna gəlincə, tarixdə ilk dəfə Avropa futbolunun finallarında yalnız bir ölkə təmsilçiləri mübarizə aparacaq. Çempionlar Liqasında olduğu kimi, Avropa Liqasında da hər iki finalçı – “Çelsi” və “Arsenal” Premyer Liqanı təmsil edir. Çempionlar Liqasının final cütündə isə “Tottenhem”lə “Liverpul” üz-üzə gələcəyini nəzərə alsaq, İngiltərə avrokuboklarda hər üç mükafatı təmin edib. Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı, UEFA Superkubokunun da Premyer Liqa təmsilçisinə nəsib olacağı rəsmiləşib.

Bakıdakı matçda isə bukmeykerlər “Çelsi”ni daha şanslı hesab edirlər. Onlar London derbisində “zadəganlar”ın qalib gəlməsini 2,28 əmsalla qiymətləndiriblər. Əsas vaxtda heç-heçənin qeydə alınmasına 3,40 əmsal verilibsə, “Arsenal”ın kuboka yiyələnməsi 3,10 əmsaldır. Bakıda ən azı 3 qol vurulub-vurulmayacağına isə eyni əmsal verilib – 1,85. Yeri gəlmişkən, əgər əlavə vaxta ehtiyac olarsa, hər komanda dördüncü əvəzetmə hüququ qazanacaq. 

Artıq Bakıda ictimaiyyətə təqdim olunan Avropa Liqasının kubokunun çəkisi 15 kq-dır. Bu, UEFA-nın bütün yarışlardakı gümüşdən hazırlanan mükafatlarının ən ağırıdır. Hər komanda üçün ümumilikdə 40 medal nəzərdə tutulub ki, onlar da futbolçularla əməkdaşlara veriləcək. Qalibin Çempionlar Liqasının qrupuna vəsiqə qazanması da az əhəmiyyət kəsb etmir. Amma “Çelsi”nin ölkə çempionatından bu hüquqa yiyələndiyini nəzərə alsaq, “Arsenal” üçün qələbə daha vacibdir. Bu oyun isə Bakıdan Avropanın 48, digər qitələrin 156 ölkəsinə birbaşa yayımlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.