Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Mərkəzi Azəri" platformasına baş çəkib. Nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Qari Couns "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun cari vəziyyəti, "Mərkəzi Azəri" platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.
Səfər zamanı həmçinin AÇG-nin işlənməsinin növbəti mərhələsi olan "Azəri-Mərkəzi-Şərqi" layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.
Xatırladaq ki, "Mərkəzi Azəri" platforması "Azəri" yatağında quraşdırılmış üç platformadan biri olmaqla, AÇG layihəsinin 1-ci mərhələsində istismara verilib.