|
|
|
|
Dünən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavinləri Zakir Quliyev Salyan rayonunda, Rafiq Aslanov isə Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər.
ASC-dən verilən məlumata görə, müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi və müxtəlif məsələləri əhatə edib.
Z.Quliyev Salyan rayonunda keçirdiyi qəbulda 13, R.Aslanov isə Hacıqabulda 14 vətəndaşı qəbul edib. Vətəndaşların müraciətlərini dinləyən qurumun sədr müavinləri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar veriblər. Qəbulda qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətiriblər.
C.ABASOV