"Qırmızı don istəyirəm!" Bu, 7 yaşlı Rüqəyyanın ən böyük arzusudu. 3 il əvvəl ailəsi tərəfindən atılmış Rüqəyya atalı-analı yetim olmaqla yanaşı, həm də fiziki qüsurludur.
Serebral ifliclə doğulan körpə indi "Ümid yeri"nə sığınıb. Bacısı da buradadı. Nəzrin Rüqəyyadan 8 yaş böyükdür. O da serebral ifliclə dünyaya gəlib. Nəzrin kiçik bacısından fərqli olaraq çanta və telefon arzusundadır. Ən böyük diləyi isə içkiyə qurşanan atasının, ruhi xəstə olan anasının onlara sahib çıxması yox, bacısının və özünün sağalmasıdı.
Nəzrin və Rüqəyya kimi uşaqlar Azərbaycanda az deyil. Əqli və fiziki qüsurlu uşaqların bir hissəsi valideyn himayəsində olsa da, imtina edilmişlər də var. Onların böyük əksəriyyəti ilə yanaşı, valideyn himayəsindən məhrum olmuş, atılmış uşaqlara dövlətimiz sahib çıxıb. Təəssüf ki, dövlət tərəfindən bu yöndə nə qədər iş görülsə də, yenə də küçələrdə kimsəsiz uşaqlara rast gəlirik.
Qorxulu rəqəmlər
Kimsəsiz uşaqlarla bağlı problem bütün dünyada mövcuddu. BMT-nin məlumatına görə, hələ 2015-ci ildə dünya üzrə 3 yaşından 18-ə yaşına kimi valideyn himayəsindən məhrum 550 milyon uşaq var idi və sayları hər il artır. Onların 40 faizi evsiz-eşiksizlər idi və küçələrdə məskunlaşmışdılar. Ekspertlərin hesablamalarına görə isə 2020-ci ildə bu rəqəm 800 milyona çatacaq.
Daha bir beynəlxalq qurum - Beynəlxalq Əmək Təşkilatının rəsmi açıqlamasında üçüncü dərəcəli ölkələrdə hər il doğum haqqında sənədi olmayan uşaqların sayının 50 milyon olduğu göstərilir və bu uşaqların gələcək taleyi qaranlıq qalmaqdadı. Bundan başqa dünya üzrə 4-15 yaş arasında 250 milyon uşaq məcburi əməyə cəlb edilir ki, onlardan da 180 milyonu ağır işlərlə məşğul olurlar.
Problem hətta inkişaf etmiş dövlətlərdə də hökm sürür. Təkcə ABŞ-da hələ 2012-ci ildə valideyn himayəsindən məhrum olmuş və küçələrdə məskunlaşan 1 milyon uşaq vardı. Bu rəqəm 5 il əvvəllə müqayisədə 2 dəfə çoxalmışdı. Qorxulu rəqəm ildən-ilə artmaqdadı.
Qonşumuz Rusiyada da vəziyyət acınacaqlıdı. Rusiyanın rəsmi dövlət orqanlarının hesablamalarına görə, 2015-ci ildə ölkədə 128 min sahibsiz küçə uşağı olub və bu artım indi də davam edir.
Kimsəsiz uşaqların sayının artması uşaq və orqan alverinin, fahişəliyin "çiçəklənməsi", ucuz əməyin və narkomaniyanın artması s. anormal hallar üçün münbit şərait yaradır. Hər bir dövlət problemin həllinə fərqli yanaşır. Azərbaycanda da kimsəsiz uşaqların statistikası az rəqəmlərlə göstərilmir. Amma hökumətin bu sahəyə xüsusi diqqət ayırması vəziyyətin get-gedə yaxşılaşacağından xəbər verir.
Azərbaycan Dövlət Statistika Komitəsinin 2018-ci il üçün hesabatında dövlətin nəzarətində olan 4 Körpələr evi, 8 Uşaq evi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 10 xüsusi internat məktəbi, əqli cəhətdən geri qalan uşaqlar üçün 2 internat evi, ümumi tipli 24 internat məktəbi, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 3 internat məktəbi fəaliyyət göstərdiyi qeyd olunur. Sözügedən müəssisələrin sayı 2017-ci illə müqayisədə 2 vahid çoxdur və ümumilikdə 12806 uşaq dövlətin himayəsindədir. Bundan başqa, 2 qeyri-hökumət uşaq təşkilatları da fəaliyyət göstərir. Onlardan biri də "Ümid yeri"dir.
"Ümid yeri" - kimsəsizlərin ümid yeri
"Ümid yeri" uşaq sığınacağı 1997-ci ildə yaradılıb. Telejurnalist Nigar Mənsimova 1997-ci ilin əvvəllərində "Ümid yeri" Xeyriyyə Cəmiyyətini təsis edib. Cəmiyyət fəaliyyət göstərdiyi 22 ildə 6 mindən çox kimsəsiz uşağa qucaq açıb, onların layiqli vətəndaş kimi yetişməsi və cəmiyyətə inteqrasiyası üçün çalışıb. "Ümid yeri"nin keçmiş sakinləri arasında bu gün onlarla ali təhsilli insanlara da rast gəlmək olar, bacarıqlı sənətkarlara da. Doğrudur, yetkinlik yaşına çatdıqdan sonra həyatda öz yerlərini tapmayanlar da var. Amma belələri çox azdır.
"Ümid yeri"nin sayəsində yüzlərlə dünənki kimsəsiz uşaq bu gün həyatda öz yerlərini tapıblar, ailə-uşaq, ev-eşik sahibi olublar. Məsələn, Aynur Vəliyeva (ad şərtidir - red.) "Ümid yeri"nə gətiriləndə 8 yaşı olub. Polislər Aynuru və kiçik qardaşını "8-ci km" parkında skamyada gecələyən vaxt aşkarlayıb və sığınacağa təhvil veriblər. Aynur "Ümid yeri"ndə böyüyüb, Bakı Xoreoqrafiya Akademiyasını bitirib, daha sonra təhsilini Türkiyənin Gözəl Sənətlər Universitetində davam etdirib. Hazırda Türkiyədə yaşayır, ailəlidir, 1 qızı var, özünün rəqs məktəbini açıb.
Başqa bir misal. 1999-cu ildə polislər "Ümid yeri"nə 2 qardaş, 1 bacı olmaqla 3 uşaq gətiriblər. Nigar xanım deyir ki, onlar 7-10 yaşlarında olub: "Anaları kimlərəsə borclu qaldığı üçün uşaqları evdə tək qoyub qaçmışdı. Ataları isə hələ bir neçə il əvvəl ailəsindən imtina edibmiş. Ailə kirayədə yaşayırdı, əgər buna yaşamaq demək mümkünsə. Bizə 3 uşağın neçə gündür ki, 1 otaqlı mənzildə bağlı qapı arxasında qaldığı barədə məlumat verildi. Polisin köməyi ilə uşaqları evdən çıxartdıq. Zavallılar ac qalmasın deyə, kartof qabığı yeyirmişlər. Beləcə, Ayxan, Azad və Aliyə Babazadələri (adlar şərtidir - red.) himayəmizə götürdük. Üstündən 20 il keçib. Ayxan Naxçıvanski adına hərbi məktəbi bitirdi, Türkiyədə hərbi təhsil aldı və hazırda yüksək zabit rütbəsi ilə ordumuza xidmət edir. Azad isə peşə məktəbinə daxil oldu. İndi sənətlə məşğuldu. Hər ikisi ailəlidir. Aliyə də ərə gedib, Türkiyədə yaşayır".
Nigar xanım söhbət zamanı binanın həyətində uşaqlara nəzarət edən gənci göstərir: "Bu, bizim Aslan balamızdı. "Ümid yeri"nə sığınanda 6-7 yaşı var idi. Qonşular Aslanı bacısı ilə birgə gətirmişdilər. İndiyə kimi yadımdadır, bura gələndə qonşu uşaqların ayaqqabılarını geyinmişdilər. Onları təhvil verəndən sonra qonşular ayaqqabıları saxlamadılar. Aslanın 18 yaşı tamam olduqda hərbi xidmətə yollandı, Aprel döyüşlərinin iştirakçısıdır. İndi 25 yaşı var. Hərbi xidmətdən sonra yuvasına qayıdıb, balaca qardaş-bacılarının qayğısına qalır. Polis olmaq istəyir. Artıq, sənədlərini hazırlayıb DİN-nin müvafiq qurumuna müraciət edib".
Yeri gəlmişkən, bu ailənin neçə-neçə üzvü sonradan ömür-gün yoldaşını seçməyə uzağa getməyiblər. Onlardan bir neçəsi ilə görüşüb söhbətləşmək istədik. Təəssüf ki, razı olmadılar. Azərbaycan mentaliteti... Məhz bu üzdən yazının gedişində haqqında bəhs etdiyimiz bəzi insanların adlarını şərti vermək məcburiyyətində qaldıq.
"Düşünürdüm ki, "Ümid yeri" tezliklə fəaliyyətini dayandıracaq"
"Ümid yeri" təsis olunandan sonra 15 ilə yaxın "Azərcell" Şirkətinin himayəsində olub. Daha sonra bir müddət müxtəlif layihələr, digər şirkətlər və sadə vətəndaşların hesabına fəaliyyətini davam etdirən müəssisə son bir neçə ildə çətinliklərlə üzləşib. Əsas da uşaqların məskunlaşdığı evin təmirsiz olması Nigar xanımı qayğılandırmaya bilməzdi. 2 il əvvəl "Ümid yeri"ndə olduğumuz vaxt Nigar xanım çətinliklərdən danışmış, maliyyə vəsaitinin azlığından, uşaqların yaşadığı evin şəraitsizliyindən bəhs etmişdi. Hətta vəziyyət elə idi ki, "Ümid yeri" fəaliyyətini dayandıra bilərdi. Yaxşı ki, hər sahədə olduğu kimi, burada da dövlətimiz "Ümid yeri"ni ümidsiz qoymadı. Heydər Əliyev Fondunun dəstəyi ilə cəmiyyətin köhnə binası yenidən quruldu. Ötən ilin sonlarında başlayan yenidənqurma işləri bu il yekunlaşdı və iyunun 13-də sakinlərin istifadəsinə verildi. Açılışda Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etdi və görülən işlərlə tanış oldu, "Ümid yeri"nin sakinləri ilə görüşdü. Təmirə kimi cəmi 6 yataq, 1 dərs otağı olan binada indi 12 yataq, 5 dərs otağı var. Otaqların sayının artması uşaqların yaş qrupları üzrə bölünmələrinə imkan yaradıb. Bundan başqa, uşaqların təhsil almaları, boş vaxtlarını səmərəli keçirmələri, sənət öyrənmələri, bir sözlə, hər bir körpənin normal yaşayışı üçün bütün şərait yaradılıb. 53 yerlik yeni binada müxtəlif sənət sahələri - xalçaçılıq, rəssamlıq, əl bacarıqları üzrə emalatxanalar, həmçinin, informatika kabineti, istirahət güşəsi, əyləncə otaqları da var.
Nigar Mənsimova 2 il əvvəllə müqayisədə vəziyyətin xeyli yaxşılaşdığını söylədi: "Özünüz də şahidi olmuşdunuz, vəziyyətimiz çox ağır idi. Maliyyə imkanlarımız aşağıydı, uşaqları çətinliklə saxlayırdıq. Müxtəlif təşkilatlar, fərdi şəxslər nə qədər kömək etsələr belə, çətinliklərimiz azalmırdı. Əsas da binamızdakı şəraitsizlik, təmirə ehtiyac bizi sıxırdı. Düşünürdüm ki, "Ümid yeri" tezliklə fəaliyyətini dayandıracaq. Ümidimizi dövlətimizin dəstəyini bağlamışdıq. Belə bir çətin vəziyyətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əlimizdən tutdu. Müraciətimizdən sonra Mehriban xanımın göstərişi ilə binada yenidənqurma işləri aparıldı. Bir daha əmin olduq ki, dövlət dəstəyi əvəzedilməzdi. Bu, uşaqlar üçün böyük hədiyyə oldu".
Görülən işlərə rəğmən "Ümid yeri"nin çətinlikləri qalmaqdadı. Əsas da maliyyə vəziyyəti ürəkaçan deyil. Nigar Mənsimovanın sözlərinə görə, binanın açılışı zamanı Mehriban xanım tezliklə bu problemin də həll ediləcəyini bildirib: "Birtəhər çətinliklərin öhdəsindən gəlirik. Ərzaq, geyim və digər vacib məsələlərin həlli üçün ayda 15 min manata yaxın vəsait tələb olunur. Yaxşı insanlar çoxdur, qismən köməklik göstərirlər. Uşaqların nədənsə korluq çəkməməsi üçün əlimizdən gələni edirik. Amma məsələ təkcə yeməklə, geyimlə bitmir. Uşaqların normal vətəndaş kimi yetişməsində vacib amillərdən biri də təhsildi. Bunun üçün təcrübəli pedaqoqlara ehtiyacımız var. Hazırda cəmiyyətdə 12 işçi fəaliyyət göstərir. Amma 20-22 əməkdaşın olması lazımdı".
"Anam məni çox istəsin, atam qayıtsın"
Binada hər şey göz oxşayır. Səliqəli geniş otaqlar, emalatxanalar, istirahət güşələri, yeməkxana... Hamısı da yeni mebel və avadanlıqlarla təmin olunub. Yeri gəlmişkən, mebel və avadanlıqlar Heydər Əliyev Fondunun cəmiyyətə hədiyyəsidi. Diqqətimizi çəkən bir məqam da "Arzu evi" oldu. Uşaqlar arzularını kağıza köçürərək balaca qutuya atır və yerinə yetəcəyinə inanırlar. Arzularla tanış olduqca Nigar xanım həmin uşaq haqqında qısa məlumat verir. Dinləmək çətindi. Arzulara gəldikdə isə...
Böyüyəndə avtomobil almaq və şirkət sahibi olmaq istəyən 10 yaşlı Ağamirzə Tağıyev 2 ildir "Ümid yeri"nin sakinidir. Anası həbsdədi, atası isə vəfat edib. Elgün Süleymanov da avtomobil arzusundadı. Böyüyəndə isə polis olmaq istəyir. Başqa bir arzusu MP3-nün olmasıdı. Elgünün 9 yaşı var. 4 ildir ki, buradadır. Onun da atası yoxdur. Anası isə ruhi xəstədi və küçələrdə yaşayır.
Nədəndi bilmirəm, oğlan uşaqlarının əksəriyyəti böyüyəndə polis olmağı arzulayır. Onlardan da biri İmandı. Heç soyadı da bilinmir. "Ümid yeri"nə 2 ay əvvəl gətirilib. Polislər onu küçədə gecələyən yerdə tapıblar. Hələ ki kimliyi araşdırılır, ata-anasının axtarışı gedir. İnanırıq ki, tezliklə İmanın valideynləri tapılacaq və indiki arzusu gerçəkləşəcək - ona telefon alacaqlar.
7 yaşlı Gülnarə Saydilova 6 aydı buradadı. O, baytar həkim olmaq istəyir. Atası yoxdu, anası isə içki düşkünüdü. Gülnarənin həmyaşıdı Angilina isə balerina olmaq arzusu ilə yaşayır. Angilina balaca vərəqdə "Anam məni çox istəsin, atam qayıtsın" yazmışdı. Zavallı qızcığaz haradan bilsin ki, anası hələ doğum evində ondan imtina edibmiş. Balerina olmaq asandır, Angilina! Ananın səni çox istəməsi və atanın qayıtması isə...
Arzularınıza çatasınız, balalar!
İlqar TAĞIYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir