|
|
|
|
“Adamın inanmağı gəlmir!”. Son zamanların ən zəhləm gedən sözünə çevrilib bu! Bir doğmamızı, dostumuzu, yoldaşımızı qəfil, yəni xəstə olmadan, itirəndə beynimizə, dilimizin ucuna ilk gələn bu ifadə olur: “Adamın inanmağı gəlmir!”
Elə ki, dəqiqləşdirirsən və əmin olursan ki, O, doğurdan dünyasını dəyişib. Və səbəblərini araşdıran da kədər səni üzür...
Onun da qəfil ölüm xəbərini Ədalətdən aldım (Əslində köçkünlərin yas məclislərində toplaşması da bir müşgülə çevrilib bu gün-ölüm, itim xəbərlərini gec eşidirsən. Eşidəndə də çox gec olur, nə dəfn, nə da yas məclisində iştirak edə bilirsən. Yenə yaxşı ki, bəzi dostlarımız eşidəndə, biləndə xəbər eləyir). Vaxtında xəbər tutmaq üçün dostlara, adətən, qısa bir mesaj yazan Ədalət Məhərrəmov deyirəm.
Həmin gün də ondan belə bir mesaj aldım: “Natiq müəllim vəfat edib!”
Dərhal Ədalətə zəng elədim...
Özündə deyildi! Havalıydı! İlk dəfəydi onu belə, çaşqın, başını itirən duyurdum...
Bəli, Natiq Ağayevi itirmişdik. Rəssam Natiq Ağayevi...
Dərd-səri Ağdam, Qarabağ olan rəssam
Natiq Ağayevi çoxdan tanıyan bir insan kimi onun həmişə işğalda qalan Ağdamla, Qarabağla bağlı nigarançılığını açıq-aydın görürdüm. Çox narahat idi Qarabağ məsələsindən. Dəqiq bilirdim ki, əksər dostlarımız kimi, onun da şəxsi, ailə, məişət qayğıları var idi. Amma bir dəfə də onları kimsənin yanında dilinə gətirməzdi. Heç gətirmədi də. Elə Qarabağdan nigaran idi...
Görüşəndə, hər imkan düşəndə cavabını özü hamıdan yaxşı bilsə də eyni sualları verirdi:
– Torpaqlardan, nə deyirlər, ay Rey?!
Mən də, gözünün dərinliyində həmişə kədər boylanan rəssama, sadəcə, onun bildiklərini təkrarlayırdım...
Böyük şairləri mənə daha da sevdirən rəssam
İmkan düşən kimi, baxmazdı, xeyir, yoxsa yas məclisləridir, mənə Qarabağdan, torpaqdan astaca şeir də deyərdi. Əslində beləcə halını, ovqatını dərdini danışardı.
Hələ qiymətlərini yetərincə ala bilməyən böyük şairimiz Famil Mehdidən, Şahmar Əkbərzadədən, Ramiz Rövşəndən şeir deyərdi. F.Mehdinin can verən anasını görüb yazdığı şeirini elə həyəcanla deyirdi ki...
Mənim qaçqın anam Bakıda öldü,
öldü “Ağdam” deyə, “Qarabağ”deyə.
Bakı da həmin o Bakı deyildi,
Bəs niyə yanmadı qarabəxtliyə?
Əlimi qoymuşdu döşünün üstə,
ürəyi şişirdi, bişirdi, Allah...
Əlimin altında, o dar qəfəsdə
ürəyi sinəsini deşirdi, Allah...
Qaçqın analarını Bakıda, Sumqayıtda, Şəkidə, Gəncədə və digər yerlərdə itirən bütün balalar üçündür bu şeir, bu əsər...
Şəhidləri, qaziləri çəkən rəssam
Onu həm də neçə-neçə şəhidin, şəhid atasının, anasının rəsmlərini çəkən rəssam kimi tanıyırdım.
O rəsmlər elə bil danışır. Natiq müəllim o əsərlərdə sanki sözün şəklini çəkib, özü də rəngli şəklini...
Vaxt gələcək o rəsmlərin hər biri böyük əsərə çevriləcək. İşğaldan azad edəcəyimiz Qarabağdakı muzeylərdə onun sərgisi keçiriləcək...
Şəklini fırça ilə çəkə bilməyəcəyimiz rəssam
Niyə dostlarımızın vaxtsız, erkən ölümlərinə inanmamalıyıq ki? Əslində azacıq vicdanı, namusu, mənliyi, kişiliyi olan, yurdu işğalda qalan hər kəs elə bu qədər yaşa bilər.
Qarabağsız, Ağdamsız yaşamaq çətin idi ona. Çox çətiniydi.
Ona görə də aramızdan tez getdi...
Gedişin bizə çox ağır oldu, Natiq müəllim!
Təəssüf ki, sənin şəklini nəinki, sözlə, heç fırça ilə də çəkə bilməyəcəyik...
Baxmayaraq ki, sən sözün rəngli şəklini çəkə bilirdin...
Ruhun şad olsun!
Rey KƏRİMOĞLU