İyulun 23-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar I. Habaşneh ilə görüş keçirib.
Fonddan verilən məlumata görə, görüşdə G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib.
O, həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfələrdən danışıb.
Fond rəhbəri bu mədəniyyətinlərin bir araya gətirilməsinin, onların sahib olduğu dəyərləri beynəlxalq aləmdə tanıdılmasının vacibliyindən bəhs edib.
İordaniya səfiri N. I. Habaşneh türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Fondun təsis edilməsinin əhəmiyyətini vurğulayaraq, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Bu xüsusda səfir ərəb və türk dünyasına məxsus mədəni irsin təşviq edilməsinin vacibliyini dilə gətirərək, İordaniyanın təşkilata üzv dövlətlər, o cümlədən, Azərbaycanıa mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.
Sonda İordaniya ilə fond arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılaraq, işbirliyinin daha da inkişafına və birgə layihələrin uğurla icra ediləcəyinə əminlik ifadə edilib.
C.ABASOV