Vaşinqtonun Cənubi Qafqaz siyasətini son zamanlar tənqid edənlərin sayı artıb. İradlar əsasən region dövlətlərinə qarşı diferensiallaşdırılmış siyasətin aparılmaması ilə əlaqəlidir. Müasir geosiyasi reallıqlar isə bunun çox təhlükəli olduğunu göstərir. Yaranmış vəziyyətdən çıxış yolları axtarmağın vaxtı çatmışdır. Bununla bağlı bir sıra analitiklər öz fikirlərini açıq ifadə edirlər.
Yanlış geosiyasətin acı nəticələri
Həqiqət gec və ya tez öz yerini tapmalıdır. Bu qayda yalnız insanların məişət həyatına aid deyil. Yüksək səviyyədə aparılan siyasətə, dövlətlərarası münasibətlərə və bütövlükdə geosiyasətə də xasdır. Əsrlərdir ki, Azərbaycan xalqına qarşı tutulan ədalətsiz mövqenin də bir sonu vardır. Onun əlamətlərini artıq görürük.
Bu günlərdə Qərbin tanınmış analitiklərindən olan, ''Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi'' kitabının müəllifi Aleksandros Petersenin ''The National Interest'' nəşrində ''Qafqaz regionunda əksliklər'' adlı təhlili yazısı dərc edilib (bax: Alexandros Petersen. Contrast in the Caucasus / www.nationalinterest.org, 7 oktyabr 2013). Müəllif orada Cənubi Qafqazın geosiyasi mənzərəsi ilə əlaqəli olduqca düşündürücü məqamlara diqqət çəkib. Onlar həm də qlobal geosiyasətin incə aspektləri ilə bağlı olduqlarından üzərilərində geniş dayanmağa ehtiyac görürük.
A.Petersen bu regiona bütöv sistem kimi yanaşır. Azərbaycan, Ermənistan və Gürcüstanı həmin müstəvidə bir-biri ilə sıx əlaqədə nəzərdən keçirir. Lakin onların hər birinin özünəməxsus geosiyasi funksiya yerinə yetirdiyini də etiraf edir. Bu əsasda, məsələn, Azərbaycan və Ermənistana qarşı fərqli siyasət yeridilməsini doğru sayır.
Onu deyək ki, burada Gürcüstan faktoruna müəllif toxunmur. Bunu məqalənin zəif cəhəti hesab etmək olar. Eyni zamanda, Ermənistanla Azərbaycana qarşı Qərbin yeritdiyi siyasətə yanaşma dolayısı ilə Gürcüstan məsələsinə də işıq salmağa imkan yaradır. Həmin səbəbdən Cənubi Qafqazın hər bir dövlətinə münasibətdə ABŞ-ın apardığı siyasətin geniş ictimaiyyətə gizli qalan bir sıra incə cəhətlərini izah etmək mümkündür.
İndi Qərb geosiyasi terminologiyasında ''postsovet məkanı'' ifadəsi geniş yayılıb. Bununla geniş bir ərazidə mövcud olan müstəqil dövlətlərin hamısını bir növ ''eyni qəlibə'' salırlar. Onlara qarşı reallıqları nəzərə alan diferensiallaşdırılmış siyasət yeritmək əvəzinə, süni amillərə əsaslanaraq ümumi mövqe nümayiş etdirirlər. Belə bir siyasət artıq çoxlu sayda ziddiyyəti meydana çıxarmışdır. Hazırda Qərb diplomatiyası onların izahını verə bilmir. Nəticədə, postsovet məkanında geosiyasi nüfuzunu getdikcə itirir.
Məsələn, bu ərazidə mövcud olan münaqişələrə vahid meyarlarla yanaşma yoxdur. Doğrudur, onlar sözdə bütün münaqişələrə ədalətli yanaşdıqlarını deyirlər, ancaq reallıqlar tamam başqa məqamlardan xəbər verir. ABŞ və Avropa İttifaqı Gürcüstanın iki bölgəsinin işğal edildiyini açıq bildirməklə kifayətlənməyərək, beynəlxalq miqyasda Tbilisinin mövqeyini aktiv surətdə dəstəkləyirlər.
Hesab edirik ki, düz edirlər. Lakin Azərbaycanın işğal edilmiş ərazilərinə gəlincə vəziyyət bir qədər dəyişir. Sözdə Bakının mövqeyi dəstəklənir, beynəlxalq sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü tanınır. Lakin Ermənistanla əlaqəli konkret heç bir tədbir görülmür. İndiyə qədər İrəvandan bir dəfə də olsun ciddi surətdə işğal etdiyi ərazilərdən çıxması tələb olunmayıb.
A.Petersen Ermənistana ABŞ Konqresində lobbiçilik edənlərin mövcudluğunu açıq etiraf edir. Bununla belə, Azərbaycan və Ermənistana yönəlik siyasəti bir-biri ilə birləşdirməyin düzgün olmadığı fikrini xüsusi vurğulayır. Buradan haqlı olaraq bir sual yaranır: ''...əgər onların strateji əhəmiyyəti Vaşinqton üçün tamamilə müqayisəedilməzdirsə, nəyə görə Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı bır sıraya qoyur?'' Bizcə, problemin kökü bu suala cavabdadır.
İkili standartdan ədalətli siyasətə
Məsələ ondan ibarətdir ki, ABŞ başda olmaqla Qərb ölkələri ikili siyasət yeridirlər. Onlar bir situasiyada tətbiq etdikləri meyarları analoji vəziyyətdə dəyişirlər. Deyək ki, İsrailə nüvə silahı istehsal etmək olar, İrana olmaz. Yaxud Ermənistan erməni olmayanların hamısını öz ərazisindən deportasiya edib. Oradan azərbaycanlılar zorla çıxarılıblar. Buna görə indiyə qədər rəsmi İrəvana qarşı hansı sanksiyalar tətbiq edilib? Real olaraq heç biri. Ermənistan rəhbərliyindən nəyə görə milli azlıqları onların təbii haqqı olan yaşamaq hüququndan məhrum etdiyinin səbəbi soruşulmayıb?
Bunların fonunda Türkiyə və Azərbaycandan hər xırda məsələyə görə izahat tələb edirlər. Müsəlman ölkələrində kilsələrin taleyi ilə bağlı hay-həşir salırlar, lakin İrəvandakı məscidlərin aqibəti yada düşmür. Nəhayət, İraqa, Misirə, Əfqanıstana, Suriyaya nüfuz edərək insanları dini inancına, məzhəbinə, etnik mənsubluğuna görə qarşı-qarşıya qoyurlar. Cəmiyyətə nifaq salırlar. Ermənistan kimi təcavüzkar ölkədə isə birliyin olmasına çalışırlar. Bu fərq nə ilə əlaqəlidir?
Üsamə bin Ladeni, Müəmmar Qəddafini, Səddam Hüseyni ən sirli yerlərdən tapıb çıxardılar. Azərbaycanlı əsirlər neçə illərdir ki, Ermənistanda gizlədilir, onlara işgəncə verilir, lakin Qərbin kəşfiyyat orqanları onları ''tapıb xilas edə bilmir''.
Təbii ki, ikili standartların səbəbləri bilinir. Sadəcə, artıq qərbli analitiklərin də həmin məsələdə daha açıq danışmağa başladığını vurğulamaq istəyirik. Ancaq onlar gecikməyiblər ki? Qərbin siyasi dairələri çox dərinliyə getməyiblərmi?
Hər bir halda son zamanlar siyasi leksikonda iki dəyişikliyin baş verdiyini hiss edirik. Birincisi, Azərbaycanın beynəlxalq tədbirlərdə aktiv iştirakının lazımi şəkildə qiymətləndirilməməsidir. Məsələn, Qərbin antiterror əməliyyatlarında, enerji təhlükəsizliyinin təmini ilə bağlı həyata keçirilən proqramlarda Bakı daim fəal iştirak edir. ABŞ üçün aktual olan Əfqanıstan məsələsində də hüququn imkan verdiyi çərçivədə pozitiv davranır.
Bunun qarşılığında Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində heç bir iş görülmür. Bakıya təzyiq etmək istəyənlərin qarşısı nəinki kəsilmir, hətta Qərbin bəzi dairələri bunu dəstəkləyirlər. Məsələn, ''Avroviziya'' yarışması öncəsi Almaniya KİV-lərinin hansı işlər gördüyü Azərbaycanda unudulmayıb.
İkincisi, etiraf edilir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil xarici siyasət yeridən yeganə dövlətdir. Ermənistanın isə tamamilə Rusiya və İrandan asılı olduğu qeyd edilir. A.Petersen İrəvanın yalnız Moskva və Tehranla sıx beynəlxalq əlaqələr qurduğunu açıq yazır. Belə çıxır ki, geosiyasi aspektdə Qərbin tərəfdaşı Azərbaycandır. Buna rəğmən, Brüssel və Vaşinqton Ermənistanı himayə edirlər. Bütün bunlar Qərbin xarici siyasətinin ziddiyyətli olduğunu təsdiqləyir.
Hazırda regionda formalaşmış geosiyasi vəziyyət yeni yanaşmalar tələb edir. Qərb nəhayət ki, reallıqları nəzərə alaraq, Cənubi Qafqaz ölkələrinə münasibətdə diferensiallaşdırılmış siyasət yeritməlidir. Hər şeydən əvvəl bu onun özünə xeyirlidir. Azərbaycan özünü müstəqil siyasət yeridən etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Bakı həmin xətti bundan sonra da davam etdirəcək. Ölkədə keçirilmiş prezident seçkisinin nəticələri də həmin gerçəkliyi bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan vətəndaşları hazırkı prezident İlham Əliyevə səs verdilər. Bu o deməkdir ki, rəsmi Bakının seçdiyi geosiyasi kurs davam edəcək.
Azərbaycan regionun bütün dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurub. Rusiya, İran, Türkiyə, Gürcüstan Bakı ilə münasibətlərin inkişaf etdirilməsində çox maraqlıdırlar. Təcrübə göstərir ki, Azərbaycanın xarici siyasəti reallığı əks etdirən prinsiplərə əsaslanıb. Burada ölkənin milli maraqları müasir dünyanın geosiyasi şərtləri nəzərə alınaraq gözlənilir.
Vaşinqton və Brüssel həmin məqamları diqqətə almağa məcburdurlar. Əks halda, onların Cənubi Qafqazda davamlı olaraq nüfuz sahibi olmaları mümkün deyildir. Gözləmək olar ki, yaxın zamanlarda bütün bu səbəblərə görə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Qərbin müəyyən addımları ola bilər. Belə bir dəyişiklik bütövlükdə regionda geosiyasi mənzərəyə müsbət təsir göstərər.
Newtimes.az