|
|
|
|
Bu il Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, sosial sahədə atılmış addımlar ölkə əhalisinin böyük bir hissəsinin həyat şəraitinin yaxşılaşmasına, rifahının artmasına müsbət təsir göstərib.
Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla isə Azərbaycanda bu ilin əvvəlindən başladılan və inqilabi xarakter daşıyan sosial islahatlar yeni mərhələyə qədəm qoydu. Bu sənədlər dünyada sosial dövlət kimi tanınan Azərbaycanın mövqelərini daha da gücləndirəcək. Dövlətimizin iqtisadi imkanları, gəlirləri artdıqca əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə addımlar atılır. Məhz bu islahatların nəticəsi olaraq Azərbaycan dünyada sosial dövlət kimi xarakterizə olunur. Bu il həyata keçirilən sosial islahatlar isə daha geniş, hərtərəfli olması, insanların büdcəsinə, yaşayışına daha müsbət təsir göstərməsi, hətta onlara gələcəkləri üçün yığım imkanları verməsi ilə fərqlənir.
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin, dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, həmin məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda deyilir ki, minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin, o cümlədən, dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin maaşının artmasına imkan verib.
Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.
Ölkə rəhbərinin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman söyləyir ki, bizim siyasətin mərkəzində Azərbaycan xalqı və onun sosial rifah halı dayanır. Qeyd edilən artımlar, aparılan islahatlar bu fikri bir daha isbatlayır.
Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Musa Quliyev deyib ki, Azərbaycan dövləti sosialyönümlü bir dövlətdir: "Cənab prezidentin də siyasəti həmişə ondan ibarətdir ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə əhalimizin də sosial müdafiəsi gücləndirilsin. Yəni iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, sosial rifah halının güclənməsinə yönəldilsin. Bu, hər zaman belə olub və həmişə Azərbaycanın siyasətində sosial siyasət prioritet istiqamət təşkil edib".
Deputat vurğulayıb ki, 2019-cu il Azərbaycan dövlətçiliyi tarixində sosial rifah, sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il kimi düşüb və belə də qalacaqdır: "Məhz bu il ərzində ölkə başçısı tərəfindən iki sosial müdafiə paketi imzalandı. Təxminən 30-a yaxın fərman və sərəncamlar oldu ki, bunlar da əhalimizin sosial rifah halının tam yüksəltməsinə səbəb oldu. Bu fərman və sərəncamların nəticəsində 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdı. Pensiyalar, əməkhaqları, təqaüdlər artdı, banklarda olanların problemli kreditləri öz həllini tapdı və s. Bu fərman və sərəncamların içərisində xüsusi yer tutan bir fərman isə minimum əməkhaqqının artırılması ilə bağlı oldu. Bu ilin əvvəlində minimum əməkhaqqı ölkə üzrə 130 manat təşkil edirdi. Cənab prezidentin sosial islahatlar sahəsindəki birinci paketindəki fərman və sərəncamlar sahəsində minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Yəni bu rəqəm 50 manat məbləğində artdı. Sonrakı paketdə isə bu rəqəm daha da artırılaraq 250 manata çatdırıldı.
Demək olar ki, bir il ərzində minimum əməkhaqqı Azərbaycanda iki dəfə artırıldı ki, bu da dövlətçilik tariximizdə bir ilkdir. Bu artım sahəsində minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında köhnə post-sovet ölkələri arasında ikinci yerə yüksəlmiş oldu. Bu fərmanın nəticəsində təkcə bücdə təşkilatında deyil, eyni zamanda, özəl sektorda çalışan vətəndaşlarımızın da əməkhaqları artırılmış oldu. Artıq sentyabrın 1-dən bu fərman qüvvəyə minib. İnsanlarımız verilən bu qərardan razıdırlar. Biz seçicilərimizlə görüşdə də onlar cənab prezidentə minnətdarlıqlarını bildirirlər. Bütövlükdə ölkə başçısının apardığı bu siyasət xalqa yönəlik siyasətdir və xalqın sosial müdafiəsinin daim qayğısına qalan bir siyasətdir".
Millət vəkili Eldəniz Səlimov deyib ki, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50%, hüquq-mühafizə orqanlarında çalışanların əmək haqları 40%, ümumtəhsil və peşə təhsilli işçilərinin əmək haqları 20%, ümumiyətlə büdcədən maliyyələşən təşkilatların əməkhaqları da orta hesabla 40%-ə qədər artıb. Ümumilikdə 1,350 milyon insanın əməkhaqları və gəlirləri əhəmiyyətli şəkildə artıb.
Deputatın sözlərinə görə, bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin nəticəsində baş verir: "Ölkədə aparılan islahatlar nəticəsində iqtisadiyyat inkişaf edir, əldə olunan gəlirin bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Vətəndaş amili hər şeydən üstün tutulur. Sosial paket reallaşdıqca insanların rifahı yaxşılaşır. Bunlarla bərabər 1 oktyabrdan minimum pensiya artırılması nəzərdə tutulub".
Dil-ədəbiyyat müəlliməsi Gülnarə Əliyeva isə bildirib ki, dövlət başçısının məlum sərəncamları ilə dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılıb və bu artım ona da şamil olunacaq: "Son illər müəllimlərin əmək haqlarında ciddi artım baş verib. Biz cənab prezidentə dərin təşəkkürümüzü bildirirk. Gələcək nəslin savadlı, bilikli yetişməsində müəllimlərin rolu əvəzsizdir. Biz bu məsuliyyətimizi başa düşərək daha səylə çalışmalıyıq ki, həm ölkəmizin parlaq gələcəyinə töhfə verək, həm də prezidentimizin etimadını doğruldaq. Mənim öhdəmdə həm də tək böyütdüyüm övladım var. Dövlət başçısnın sərəncamı ilə övladım üçün alddığım müavinət də artırılıb. Bu artımlar minlərlə ailənin, milyondan çox insanın sevincinə səbəb olub. Bir daha ölkə rəhbərinə təşəkkürümüzü bildiririk".
Sabirabad sakini, təqaüddə olan Nailə Abbasova isə bildirib ki, son sərəncamlarla artımlar onun ailəsinin büdcəsinə çox müsbət təsir edib: "Mən ailəm adından dövlət başçımıza təşəkkür edirəm. Həm özümün, həm də həyat yoldaşımın pensiyası artıb. İki qızım müəllimədir, onların da əmək haqqı artırılıb. Bundan əlavə, öhdəmizdə bir xəstə nəvəmiz var. Prezidentimizin sərəncamı ilə bununla bağlı da verilən müavinət artırılıb. Biz dövlət başçımızdan çox razıyıq, hər zaman xalqı düşünür, onun qayğısını çəkir. Bü gün əmin-amanlıq, sabitlik içində yaşayırıq, ölkəmizdə bütün sərvətlər var, iş yerləri açılıb. İnşallah yaxın illərdə dövlətimiz inkişaf etdikcə insanlarımız da daha yaxşı yaşayacaq".
PƏRVANƏ