|
|
|
|
Unudulmaz xanəndə Səxavət Məmmədovun 60 yaşı tamam olur. Cəmi 38 il ömür sürmüş sənətkar bu müddət ərzində görkəmli ifaçı kimi tanınaraq, sevilərək adını Azərbaycan muğam ifaçılığının, musiqi sənətinin tarixinə silinməz hərflərlə həkk edib. Vəfatından keçən 22 il göstərir ki, onun səsi, sənəti, təkrarsız ifaçılıq tərzi zamanın sınağından uğurla çıxıb, Səxavət Məmmədova əbədi mənəvi ömür qazandırıb.
Dəyərli şairimiz Qulu Ağsəsin ölməz sənətkarın xatirəsinə həsr etdiyi “Səxavətin şeiri”ni bu yubiley münasibətilə oxuculara təqdim edir, Səxavət Məmmədovu ehtiramla xatırlayırıq.
Ona çox dedilər:
– Özündən muğayat ol!
Adamlar dil tökdü,
ağaclar yarpaq,
uzağa getməsin deyə
yollar toz basdı.
Heç kəsə qulaq asmadı,
özündən muğayat olmadı,
özündən muğamat oldu –
hamı ona qulaq asdı...
Oxudu
gecənin qarasına,
gündüzün ağına.
Bir payız
durnalar isti ölkə axtaranda
o, azad quş olub
qondu cənnət bağına...