Ölkəmizdə ilk televiziya verilişləri 63 il bundan əvvəl efirə gedib. Bu sehrli aləm düz 63 ildir, Azərbaycan tamaşaçısını ağuşuna almaqdadır.
Fəaliyyətə başladıqdan sonra azı 30 il ağ-qara görünüşlü, hərdən rəngsiz də deyilən veriliş və reportajların nə qədər rəng çaları olduğunu zaman ötdükcə daha dərindən dərk edirik. Bu rəngsizlik içərisində böyük rəngarənglik, ağ-qaranın saysız palitrasını yaradan Azərbaycan televiziyaçılıq məktəbinin zaman-zaman xatırlanacaq nə qədər peşəkar nümayəndələri olub. Dünya sivilizasiyasına inanılmaz təkan verən, tarixən çox qısa zaman kəsiyində bütün dünyaya məhz ondan baxmağı, ondan görməyi diktə, bəlkə də məcbur edən televiziya ən böyük idarə edəndir desək, daha konkret olardı.
Dünyada televiziya verilişlərinin yayım fəaliyyəti bizə qədər çox-çox əvvəl başlayıb. Ümumi televiziya, radio dünyasına qoşulan Azərbaycan tamaşaçısı, dinləyicisi xalqın min illərdir formalaşan yazılı və şifahi mədəniyyət nümunələrini ekran-efirdən daha çox görüb, daha çox eşidib. Bu vasitə yazılı, şifahi ədəbiyyat və digər mətbu nümunələrindən xalqa daha yaxın olub.
Bu gün kommunikasiya və virtual aləmin inkişaf perspektivləri çox aydın görünürsə belə, yenə də sistemli televiziya verilişləri öz funksionerliyini saxlamağla davam edir. Bu mənada ölkədə fəaliyyət göstərən xeyli özəl və müstəqil televiziya kanalları peşəkarlıq baxımından böyük bir ənənənin davamçıları kimi öz auditoriyalarını yaratmağa nail olmuşlar. Etiraf etmək lazımdır ki, müstəqillik illərindən sonra yaranmış televiziyalar müəyyən qədər "ata ocağı" kimi qəbul edilən Azərbaycan Televiziyasının arxiv materiallarından tutmuş, texniki və peşəkarlıq xüsusiyyətlərindən bəhrələnə bilmişlər.
Peşəkarlıqla yanaşı, xalqa, millətə, əsl dövlətçiliyə yaradıcı xidmətin ideologiyası keşiyində də birmənalı olaraq dayanan məhz Azərbaycan Televiziya və Radiosu olmuşdur. İllər ərzində bu məkana ən müxtəlif peşə sahibləri rəhbərlik etmiş, əsasən ideoloji olaraq öz funksiyalarını yerinə yetirmişlər.
Azərbaycan televiziyasının, yəni Az.TV-nin əsas ideologiyası Azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında cəmiyyətin ən müxtəlif tərəflərini işıqlandırmaqla yanaşı, onun ədəbiyyatına, mədəniyyətinə, ictimai əxlaqının formalaşmasına müstəsna xidmət etmək olub. Təəssüf ki, kifayət qədər ənənələri olan televiziyamızda zaman-zaman xoşagəlməz hadisələrin şahidi də olmuşuq. Televiziyada illərlə can qoymuş, fədakarlıq, bəlkə də fanatiklik göstərmiş yaradıcı insanlara son dövrlərə qədər göstərilən ögey münasibət cəmiyyətdə birmənalı qarşılanmamışdır. Nəhayət, 63 ildən sonra verilmiş bir sərəncam - özü də televiziyanın tarixində ilk dəfə olaraq məhz Azərbaycan jurnalistika məktəbinin yetirməsi haqqında verilən sərəncam radio və televiziyaçıların sönməkdə olan inamlarını özünə qaytardı desək, səhv etmərik.
Sərəncam verilməzdən aylar əvvəl icraçılığı dövründə aparılmış islahatlar, sadalanmaqla qurtarmayan xeyli sayda illərlə gözlənilən yeni verilişlər, yaradıcı və peşəkarlara göstərilən diqqət, qayğı bütün Azərbaycan Televiziya və Radio işçiləri adından onu deməyə əsas verir ki, hamılıqla deyək, Sizə təşəkkür edirik cənab Prezident!
Və bir də Azərbaycan Televiziyası, Radiosunun çoxsaylı kollektivi adından demək istərdik ki, sıralarımıza xoş gəldiniz, Rövşən Məmmədov!
Mahəddin ƏSGƏR