Yaradıcılığında Qarabağ mövzusuna geniş yer ayıran qələm dostum Vahid Məhərrəmovun yeni bir kitabı işıq üzü görüb.
Böyük həcmli bu romanı vərəqləyib oxuduqca elə zənn edirsən ki, Azərbaycan xalqının öz müstəqilliyi və Qarabağın azadlığı uğrunda apardığı mübarizənin və həmin ərəfədə yaşanılan məşəqqətli günlərin salnaməsini vərəqləyirsən. Əsərin əvvəlki fəsilləri rahat oxunsa da, sonradan sanki qaysaq bağlamış yaralarımızın qaysaqları qoparılır və hər səhifəni ürək arğısı ilə oxumadan keçmək olmur. Kitabın adı "Müharibənin qanlı kölgəsi" adlansa da, əslində, müəllif bütün kölgələrə işıq tutmağa və həmin dövrdə birtərəfli gördüklərimizi 30 il sonra müxtəlif rakuslardan bizə təqdim etməyə çalışmışdır. Əsərdə bədii ədəbiyyata xas olan zavyazka, kulminasiya nöqtəsi, razvyazka elə də güclü nəzərə çarpmasa da, müharibənin real həyat həqiqətləri bədii çalarlarla dəqiq əks etdirilmişdir ki, bu da müəllifin uzun illər hərbi müxbir kimi çalışmasından irəli gəlir. Kitabda müstəqillik ərəfəsində xalqımızın oyanışı, sadə zəhmətkeşlərin bu oyanışlara, meydan hərəkatına, aramsız davam edən mitinq və tətillərə münasibəti, yaşlı nəslin Sovet imperiyasına və partyaya inamı real lövhələrlə təsvir edilib. Müəllif qanlı Yanvar gecəsi, böyüyündən tutmuş uşağınacan heç kəsin, sovet hökumətinin dinc əhali üzərinə zirehli texnika yeridəcəyinə və sovet əsgərinin dinc əhaliyə atəş açacağına inanmadığını ürək ağrısı ilə qeyd edir.
Əsərin özəyində Qarabağ məsələsi dayanır. İlk zamanlar xalq müstəqillik əldə etməkdən çox ermənilərin Qarabağdan əl çəkmələri üçün mübarizəyə qoşulur və bunu Mərkəzi hakimiyyətdən tələb edir. Ancaq Mərkəzi hakimiyyətin laxladığını gordükdən sonra xalq öz müqəddəratını həll etmək üçün müstəqillik mübarizəsinə qədəm qoyur və müstəqillik əldə etməyimiz Qarabağın itirilməsi ilə nəticələnir. Minlərlə soydaşımızın didərginlik və qaçqınlıq həyatı başlayır. Nəticədə təkcə Qarabağı deyil, əzəli yurdymuz sayılan Qərbi Azərbaycanı da həmişəlik itiririk. Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin düşmələri, bu zaman onların yaşadığı ağrı-acılar da kitabda Məleykə və onun ailəsinin timsalında boyalı lövhələrlə geniş şəkildə təsvir edilmişdir. Yeri gəlmişkən onu da qeyd edim ki, əsərin əsas qəhrəmanlarından biri olan Məleykə, haqq dünyasına qovuşmuş, 2 qardaşı Ermənistanda ermənilər tərəfindən müəmmalı şəkildə qətlə yetirilən, sonuncu qardaşı Kamandar isə Qarabağ müharibəsində şəhid olan tibb bacısı, Qarabağ müharibəsi mövzusunda bir neçə əsərin müəllifi, Ulu Öndərimiz tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş və təltif zamanı vətənpərvər çıxışına görə leytenant rütbəsinə də layiq görülmüş şairə-publisist Məleykə Səmanın bədiiləşdirilmiş obrazıdır.
Əsərdə Qarabağ döyüşləri, müharibə səhnələri, kəşfiyyatçı əsgərlərimizin şücaətləri geniş işıqlandırılır və torpaqlarımızı itirməyimizin əsas səbəbi kimi vahid komandanlığın və nizami ordunun, həmçinin, hərbi qruplaşmalar arasında birliyin olmaması göstərilir.
Kitabda ən təsirli səhnə səhra hospitalında tibb bacısı işləyən Məleykənin qardaşı, igid döyüşçü və cəsur kəşfiyyatçı Kamandarın şəhid olması və onun hərbi hospitala gətirilməsidir. Həmin əhvalatı sağlığında biz Məleykə Səmanın öz dilindən də dəfələrlə eşidib kədərlənmişdik. Elə bilirəm Vahid Məhərrəmov da hərbi jurnalist işlədiyi vaxtlar bu hadisələri Məleykə Səmanın özündən eşidib. Bu səbəbdəndir ki, həmin bölmə olduqca təsirli alınıb və istər-istəməz bu səhifələri göz yaşı axıtmadan oxuyub keçmək olmur. Bu yerdə mən məşhur alman yazıçısı Ştefan Şvayqın "Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi" kitabından bir sitat gətirmək istərdim. "İnsanlar başa düşməlidirlər ki, müharıbə özü özlüyündə ədalətsizlik deməkdir, çünki onun zərbəsi, adətən, müharibəni başlayıb aparana dəymir, əksinə, az qala, həmişə günahsız insanlara - nə qələbədən, nə də məğlubiyyətdən heç nə qazanmayan kasıb xalqa dəyir". Həqiqətən də talesiz bacımız, didərginlik və müharibə yolu keçən, bu yolda üç qardaşını itirən, sonda məşəqqətlərə dözməyərək xərçəng xəstəliyinə tutularaq dünyasını dəyişən Məleykə Səmanın timsalında bu sətirlərin nə qədər həqiqət olduğunu anlayırıq. Sağ olsun Vahid Məhərrəmovu ki, Məleykə Səmanın həyatını əsərin sonunda bədii lövhələrlə əbədiləşdirərək ona ölməzlik bəxş edir, O, oxucuların yaddaşında həmişəyaşar tibb bacısı kimi qalır...
Düzdür, bu gün kitab oxumaq dəb deyil və internet səhifələrini dolduran lazımsız və lüzumsuz boş-boş məlumat və əyləncələr gənclərin diqqətini daha çox cəlb edir. Bu gün ağrılı-acılı günlərimizə işıq tutan bu salnaməni vərəqləmək, həmin salnaməni yaşayanların övladlarına, televiziyadakı ucuz şou proqramlardan maraqsız gəlir. Bəlkə elə bu səbəbdəndir ki, itirə-itirə gedirik. 20-30 il əvvəlki tariximizlə maraqlanmırıqsa, 200-300 il əvvəlki tariximizlə necə maraqlanacağıq. Əgər 20-30 il əvvəl başımıza gətirilən müsibətlərdən xəbər tutmaq istəmiriksə, demək, hələ itirəcəklərimiz çox olacaq.
Sonda isə bu əsəri ilə Qarabağ müharibəsinin qanlı kölgəsinə işıq tutaraq qəlbimizin yarasını yenə sızladan qələm dostum Vahid Məhərrəmova yeni yaradıcılıq uğurları arzulayıram və Qarabağ mövzusunda silsilə yazılarının ardının gəlməsini arzulayıram. Yaz, qardaşım, nə qədər oxucu qıtlığı olsa da, yenə oxuyanlar tapılacaq!
Elman RÜSTƏMOV
yazıçı-publisist