İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avadın həbs xəbəri təsdiqlənib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter”də bildirib ki, dünən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avad həbs edilib.
“Türkiyənin terrorla mübarizəsi davam etməkdədir. Əbubəkr əl-Bağdadinin bacısının həbsi Türkiyənin terrorla mübarizə sahəsində qazandığı uğurlu nümunələrindən biridir. Terrorun hər növü ilə mübarizədə başı bəlalar çəkən ölkəmiz İŞİD-lə mübarizədə qərarlı və qətiyyətlidir”, - deyə Fəxrəddin Altun vurğulayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Əbubəkr əl-Bağdadinin bacısını saxlaması barədə xəbərlər yayılıb.