|
|
|
|
Gecənin sükutunu iti addımlarla şütüyən ayaq səsləri pozurdu. Bu addımlar sanki ölümlə çarpışan kimisə həyata qaytarmağa, sönmüş bir ümidi yaşatmağa tələsirdi.
Əməliyyat otağında hər şey hazır idi. Bir anda cərrah formasını geyinib, həmişə olduğu kimi, köməkçi tibb işçilərinə lazımi məsləhətlərini verib diqqətli və cəld olmağı tapşırdı.
Əməliyyat gecə saat üçdə başa çatdı. Xəstənin vəziyyəti ağır idi. Arterial təzyiq düşür, nəbzi getdikcə zəifləyirdi. Sabahı xəstə ilə birlikdə açdı. Gənc cərrah kabinetə girərkən əsl Azərbaycan qadınına məxsus nurani, ağsaçlı qadının intizar dolu baxışları gözündən yayınmadı.
- Başına dönüm oğul, beş bacının bir qardaşıdır mənim balam. Qıyma evimin işığı sönsün.
Bu söz həkimi bir anda fikirdən ayırıb, onu uzaqlara, lap uzaqlara apardı. O, dərin sükuta getmişdi. Ananın səsi isə qulaqlarında hey deyirdi:
- Beş bacının bir qardaşıdır, qıyma evinin işığı sönsün.
Tək qardaşın bacı üçün necə arxa, dayaq, tükənməz varlıq olduğunu sanki indi bildi, duydu, hiss etdi həkim. Axı, o da səkkiz bacının tək qardaşı idi.
Çalışdığı illər ərzində bu cür hallar çox olub İlham həkimin həyatında. Deyir kiçik yaşlarımda anam, bacılarım, qohumlar mümkün olmayan şeyləri də mənim üçün etməyə çalışırdılar. Laçın musiqi məktəbində tar sinfində oxuyan vaxtlar, tarı sinəmə götürüb çalanda anam sevincdən bilmirdi neyləsin. Bacılarım mənə tarzən deyirdilər. Atam isə deyirdi:
- Mənim arzum bu balaca tarzəni həkim görməkdir.
El arasında belə bir deyim var. Ata alqışını, arzusunu, istəyini bəzən daha tez eşidir, ulu Tanrı. Elə bu ata arzusu da gənc İlhamı 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna gətirib çıxardı. Orta məktəbdə oxuduğu dərsliklərdə müəllif kimi yadında qalan alimlərin geniş auditoriyalarda tələbələr qarşısında mühazirə oxuduqlarını görəndə sevinci, fərəhi yerə-göyə sığmırdı.
İlham Kazımov hələ Tibb İnstitutunun üçüncü kursunu bitirdikdən sonra, orta tibb işçisi kimi xəstəxanaların təcili yardım şöbələrində işləməyə başlayır. İnstitutu fərqlənmə ilə bitirib, 1989-90-cı illərdə Bakı şəhərindəki beş nömrəli xəstəxanada həkim-cərrah ixtisası üzrə internatura keçərək akademik Böykişi Ağayevin rəhbərlik etdiyi "Elmi Tədqiqat Qastroluterologiya" institunda fəaliyyətə başlayır.
İnsan arzunun qanadlarında pərvazlanır, deyiblər. Dünya şöhrətli bir alimin yanında işləməyin özü böyük xoşbəxtlikdir. Tapşırılan işə məsuliyyətlə yanaşması, həkimlərlə ünsiyyəti, hər şeydən əvvəl yüksək mədəniyyəti, etikası, səmimiyyəti, peşəsinə olan marağı, akademik Böykişi Ağayevin diqqətindən yayınmadı.
Gənc aspirant gecə-gündüz çalışır, oxuyur, öyrənir, elmin dərinliklərinə baş vuraraq, sanki qanad açıb uçmaq istəyirdi. Deyir ki, 1991-ci ilin sentyabr ayı ən yaddaqalan gündür onun üçün. Sərbəst cərrahi əməliyyatı ilk dəfə onda edib. 1993-cü ildə isə böyük və çətin əməliyyatlar aparmaq etibar olunub ona. Moskvada, Kiyevdə, Türkiyədə, Alma-Atada, İsfahanda və dünyanın bir sıra şəhərlərində beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirak edib fəxri diplomlara layiq görülüb.
Söhbət əsnasında İlham Kazımov böyük razılıqla bildirdi ki, bu günədək əldə etdiyim bütün elmi nailiyyətlərə görə akademik Böykişi Ağayevə minnətdaram. Həkim deantologiyası, xəstələrə qulluq, onlarla davranış, hər xəstəyə psixoloji təsir etməklə, onları həkimin dediklərinə inandırmaq kimi hallar mənə bu böyük alimdən keçib. Peşəkar cərrah kimi formalaşmağında rəhmətlik akademik Vahid Əliyevin, professor Surxay Hadıyevin böyük əməyi olub.
Xalqını sevən həkim onu həmişə sağlam və xoşbəxt görməlidir. Sağlam adamların düşüncəsi saf, əməlləri təmiz olur. Adamların sağlam olması cəmiyyətimizin saflaşmasına, möhkəmlənməsinə müsbət təsir göstərir. Əhalinin sağlam olması dövlətimizin möhkəmlənməsi, qüdrətinin artması deməkdir.
Hazırda Elmi-Tədqiqat Qastroluterologiya institutunun akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində "Mədə, on iki barmaq bağırsaq cərrahlığı" şöbəsinin müdiri işləyən İlham Kazımov həm də Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. İki nəfər dissertantı var. Üç övlad atasıdır. İki qızı, bir oğlu var. Qızları Firuzə və Günel atalarının yolunu seçərək Azərbaycan Tibb Universitetində, oğlu Tural isə gənc istedadlar litseyinin yeddinci sinfində oxuyur.
Ailə xoşbəxtliyi insan ömrünün bəzəyidir. Bu xoşbəxtlik işığını İlham Kazımovun evində yandıran özünün dediyi kimi, bacıları və ömür-gün yoldaşı Arzu xanım olub.
- Bacılarım mənə həm ana, həm də həmkar olublar. İndinin özündə də körpə uşaq kimi əzizləyirlər məni. Böyük bacım Fatma və Fəridə həm də müəllimim olublar. Həyat yoldaşım çətinlikləri mənimlə birgə yaşayıb. Arxa, dayaq olub, maddi çətinliklərə dözüb, mənəvi güc verib mənə, qoymayıb elmi işim yarımçıq qalsın. Bax, beləcə Laçından Bakıya gələn bir gənc illərin qanadında uçaraq bu ünvanı gəzdiyi ölkələrdə tanıtdı. Özü isə dünya şöhrətli alimlərlə çiyin-çiyinə dayandı.
Vaqif Şükürov