"Camaat dedi indi daş yağacaq, Allah dözməz bu haqsızlığa... Yağdı... Kəndə mərmi yağdı. O gün hamının canı yandı. O gün ilk dəfə mərmi səsini tanıdılar, gücünü gördülər, evlərində nə qədər çarəsiz olduqlarını anladılar..." Bu sətirlər Vüsal Nurunun "Qaraqaşlı" romanındandır.
Nəsrin Qarabağ mövzusu hələ çox işlənəcək. Onu yaddaşının ən böyük ağrısı kimi daşıyacaq. İnsanların bu mövzuda yazacağı hər əsərdə bu yaşantılar olacaq. "Qaraqaşlı" da uşaqlığını oğurlamış müharibəyə qarşı nasir Vüsalın müharibəsidir. Onun əsərinin qəhrəmanı təkcə İbad deyil, insanlığa qənim kəsilənlər üzündən yurdu ulayan hər bir qarabağlıdır, azərbaycanlıdır. Və bir də Ruhdur, millətin oyaq ruhu...
Nəsr rubrikasını "Təranə Vahid" imzası ilə qısa hekayənin gözəl örnəkləri davam etdirir. Gözəl dili, mövzuya orijinal yanaşma ilə fərqlənən bu hekayələri oxucular birnəfəsə oxuyacaqlar.
Vaqif İsaqoğlunun, Müzadil Aqilin hekayələri də maraqlıdır.
"Öndə bir ümid yanır, Mən yorulsam, sən izlə" misraları 80 yaşlı Məmməd İsmayılın oxucusuna müraciəti kimi də qavranıla bilər. Azərbaycanın bu görkəmli şairinin yubiley arzusunu Rüstəm Kamal təqdim edir.
Natəvan Faiqqızı "Dünya, səndən kimlər keçdi..." rubrikasında unudulmaz Mənsur Vəkilovu anır.
Nəsimi İli çərçivəsində Paşa Kərimovun Nəsiminin böyük tədqiqatçısı, professor Cahangir Qəhrəmanovun dəyərli elmi fəaliyyətinə ekskursu yerinə düşüb.
Mədinə Karahan Əhməd Bəy Ağaoğlunu "Şuşadan Ankaraya..." müşayiət edir.
Jurnalın Publisistika rubrikası gözəl bir səyahət vəd edir. Dilarə Adilgilin "Şərqdə 36 gün" yazısını ixtisarla oxuyub təəssüflənəcək oxucuya müəllif tezliklə kitab nəşrini vəd edir.
Azərbaycan poeziyasının bənzərsiz şairi Vaqif Bayatlı Odər yaradıcılığının sirrini Südabə Ağabalayeva onun Təxəyyülünün obrazında görür. "Tanrılaşmaq qədərincə birlikdə susmaq" essesi bir təkrarsız şairlə yenidən görüş imkanı ola bilər.
Poeziya rubrikasında bu dəfə görüşünüzə gələnlər: Avdı Qoşqar, Sabir Yusifoğlu, Ay Bəniz Əliyar, Barat Vüsal, Qədiməli Əhməd, Əlirza Həsrət, Fəxrəddin Teyyub, Cavad Zeynal, Sahib Camal.
"Ədəbi kaleydoskop"u yenə də Zümrüd Əhmədova, "Kitab rəfi"ni Vüsal Nuru hazırlayıb.