Hər kəsin doğulduğu, ilk dəfə dünyaya salam verdiyi bir ünvan olur. O ünvanda addım atır, ayaq tutub yeriyir, böyüyüb boya-başa çatır, ərsəyə yetir. Zaman keçdikcə həmin ünvan bizə doğmalaşır, ata ocağına, ana qucağına çevrilir, özümüzü həmin ünvansız və küçəsiz təsəvvür edə bilmirik. O ünvan bizim pasportumuza, müasir dillə desək, şəxsiyyət vəsiqəmizə yazılır. Həyatımızın qayğılı-qayğısız günləri, ömrümüzün acılı-şirinli xatirələri dünyaya göz açdığımız həmin o ünvanla bağlı olur.
Dünyanı doğulduğumuz küçədən, yaşadığımız məhəllədən dərk etməyə başlayırıq. Küçədə toy çalınır, matəm tabutu yola salınır. Dünyanı bizə, bizi dünyaya doğmalaşdıran küçə. Ona görə də küçə adlarına təkcə ünvan bələdçisi və coğrafi məkan kimi yanaşmaq düzgün deyil, onlar həm də həyatımızın, ömrümüzün bir parçasıdır.
Bakının mərkəzi hissəsində yerləşən İstiqlaliyyət küçəsi. Bu küçənin adı bir neçə dəfə dəyişdirilib. Çar Rusiyasının vaxtında Nikolayevsk, 1918-1920-ci illərdə Parlament, sovet dövründə Kommunist adını daşıyıb. Müstəqillik illərində İstiqlaliyyət adlandırılan küçənin tarixi yaddaşında hansı hadisələr əks olunub, onun səkilərini kimlərin ayaq izi naxışlamayıb?
Bakının erməni-daşnak dəstələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa vaxtilə həmin küçədə yaşayıb. Məşhur milyonçu Ağamusa Nağıyevin həmin küçədə tikdirdiyi İsmailiyyə binasının pilləkənlərində ölkəmizin ictimai həyatında mühüm rol oynayan görkəmli ziyalılar - M. Ə. Rəsulzadə, F.Xoyski, N. Nərimanov, Y. Məmmədəliyev, S. Vurğun, S. Hüseynin... ayaq izləri yaşayır. Yaxud yenə həmin küçədə yerləşən Mirzə Ələkbər Sabirin adını daşıyan bağın yerində ötən əsrin əvvəllərində ictimai fikir tarixində öz yeri olan "Kaspi" qəzeti redaksiyası yerləşib. Dövrün məşhur qələm sahibləri, mühərrirlər, yazıçı və şairlər redaksiya ilə əməkdaşlıq ediblər. Bu gün İstiqlaliyyət küçəsindən ötüb keçəndə vaxtilə onun sinəsi ilə aşağı-yuxarı addımlamış Ü. Hacıbəylinin, H. Zərdabinin, H. Cavidin, M. Müşfiqin, Əbülhəsənin unudulmaz xatirələri də bizimlə olur.
Filologiya elmləri doktoru, professor Qara Məşədiyevin "Bakı küçələri: adlar və talelər" kitabında paytaxtın Nərimanov, Nəsimi və Səbail rayonlarındakı küçə, meydan, park və xiyabanların keçmiş və yeni adları, bu adların aid olduğu şəxsiyyətlər haqqında ətraflı məlumat verilmişdir. Müəllif həmin rayonların sosial xəritəsinə daxil olan hər bir küçə və dalanın urbanonimlər sistemində baş verən dəyişikliklərdən bəhs edir. Təkcə 1988-1998-ci illəri əhatə edən on il ərzində Bakı şəhərində 4 meydan, 10 bağ və park, 20-dək prospekt, 80-dən artıq küçə və 50-ə qədər döngənin adı dəyişdirilib. Qara Məşədiyevin "Bakı küçələri: adlar və talelər" kitabında Azərbaycan paytaxtının küçələrinin keçmiş və müasir adlarına işıq tutulur, bu sahədə baş verən dəyişikliklər xronoloji ardıcıllıqla izlənilir.
Kitabın axırında paytaxtın küçə və meydanlarının, eləcə də şəhərətrafı qəsəbələrin adlarının verilməsi də maraq doğurur. Təəssüf ki, kitabın hazırlanmasında tələskənlik hiss olunur, adları çəkilən küçə və meydanlarda olan ən mühüm tarixi və sosial obyektlər, baş verən tarixi hadisələr xatırlanmır, qeyri-dəqiqlik və yanlışlıqlara da rast gəlmək mümkündür. Qeyd olunan xətalar kitabın müsbət məziyyətlərinə qismən xələl gətirsə də, onun dəyərini qətiyyən azaltmır.
...Bakı ölkəmizin paytaxtı, hamıya doğma və əziz olan şəhərdir. Kütləvi oxucu auditoriyasına ünvanlanan bu kitab hər kəs üçün əhəmiyyətlidir - gənclik və tələbəlik illərini bu şəhərdə keçirənlər, onu özünə yaşayış yeri seçənlər, eləcə də buraya qonaq gələn müsafirlər üçün də...
Süleyman QARADAĞLI