Bəxtiyar HÜSEYNOV
Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır. Ölkəmiz Beynəlxalq Konvensiyalara qoşulub, bu sahədə əsas hədəfləri müəyyənləşdirib.
Ekoloji vəziyyətin yaşıllaşdırılmasına dair qəbul edilmiş Kompleks Tədbirlər Planı bəhrəsini verməkdədir. Xüsusilə, həyata keçirilən yaşıllaşdırma və yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli və möhtəşəm miqyasda həyata keçirilməsi dövlət başçımızın təbiətə qayğısı ilə bağlıdır. Son illərdə meşələrin, yaşıllığın qorunması sahəsində həyata keçirilən müsbət tədbirlərdən biri də ölkənin, ələlxüsus onun ucqarlarının, meşəətrafı kənd və qəsəbələrin, digər yaşayış məntəqələrinin təbii qazla təmin edilməsidir. Ölkənin başdan-başa qazlaşdırılması təbiətin xilasına yönəlmiş ən böyük diqqətdir. Ölkənin meşə-xammal materiallarına olan tələbatını başqa ölkələrdən idxal edilməsi hesabına ödənilməsi təbiətimizin qorunmasına da təsirli impulsdur. Bir sıra alternativ enerji mənbələrindən istifadə edilməsi praktikası uğurla inkişaf etdirilməkdədir. Bu sahədə aparılan sistemli işlər meşə qırıntılarının qarşısını xeyli dərəcədə alıb və almaqda davam edir.
Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ölkəmizdə bu istiqamətdə görülmüş işləri ümumiləşdirərək deyir: “Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir". Meşələrin mühafizəsi və bərpası dövlətimizin daim diqqət mərkəzindədir. Təkcə 2008-2012-ci illərdə 53.480 ha ərazidə meşə bərpaetmə tədbirləri həyata keçirilib. Yeni tingliklər salınması üçün 849 ton müxtəlif toxumlar tədarük edilib. Xüsusilə, respublikanın yaşayış məntəqələrinin və yolların mühafizə zolaqlarının yaşıllaşdırılmasına diqqət artırılıb. Bu iş ardıcıl şəkildə davam etdirilməkdədir. Yeni yaşıllıqların salınması təcrübəsi zənginləşir. Əvvəlki illərdə buraxılmış səhvlər aradan qaldırılır. Yaşıllıq, xüsusilə, ağac əkini ilbəil yeni ərazilər fəth edir. Hətta şoran torpaqlarda, səhra və yarımsəhralarda təbii şəraitə uyğun yeni ağac növləri, kollar əkilir. Relikt və endemik ağaclara üstünlük verilməklə yanaşı, təbiətimizə uyğun bəzək ağacları və kolların əkini geniş vüsət alıb. Meşə massivlərində əkilən şərq çinarı, dəmirağac, qoz ağacı, şabalıd, palıd, şam, cır meyvə, narıngi, fexoa, itburnu kimi ağac və kollar təbii meşələrin mədəni bərpasına xidmət edirsə, şəhərdə, şəhər ətrafında əkilən ağaclar təbiətə həm rəngarənglik, həm gözəllik, həm də təmiz hava bəxş edir.
Nazir Hüseyn Bağırov Lənkəran ictimaiyyəti ilə görüşündə regionun ekoloji durumuna toxunmuş, uğurlar və nöqsanlar haqqında konkret danışmış, tövsiyə, təklif və göstərişlərini vermişdir. Lənkəranın biomüxtəlifliyi, xüsusilə, meşə fondu bütün dünyanın diqqət mərkəzindədir. Meşə-iqlim, su, təmiz hava, böyük sərvətdir. Əlbəttə ki, ekoloji nəticələri nəzərə almaqla atılan hər bir addım rayonun əhalisinə, qonaqlarına mənəvi, ruhi rahatlıq, sağlamlıq gətirir. Ölkəmizin meşə fondu o qədər də böyük yer tutmur. Ölkə ərazisinin cəmi 11, 4 faizini meşələr təşkil edir. Ona görə də ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəflərdən biri də yaşıllıqların artırılmasıdır. Elə ona görə də bu faiz gərgin zəhmət hesabına 11, 4-dən 11, 8-ə qalxıb.
Meşələr torpaqqoruyucu, sutəmizləyici, iqlimsaflaşdırıcı əhəmiyyətə malikdir. Məhz buna görə Lənkəranda yeni yaşıllıqların, meşə zolaqlarının salınması çox vacibdir. Yeni meşələrin salınması meşələr üçün nəzərdə tutulmuş geniş massivlərdə daha sərfəli olsa da, insanların sıx yaşadığı böyük yaşayış məntəqələrində, qəsəbə və şəhərlərdə də çox vacibdir. Lənkəran şəhərində son illərdə görülmüş mühüm abadlıq işlərində yaşıllaşdırmanın özünəməxsus payı var.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması" sərəncamının həyata keçirilməsi istiqamətində Cənub bölgəsində ciddi işlər davam edir. Bu günlərdə Lənkəran şəhərində və onun ətrafında görülən yaşıllaşdırma işləri fərəh doğurur. Rayon rəhbərlərinin iştirakı ilə yolboyu salınan yaşıl zolaqlar yoldan keçən hər bir vətəndaşın haqlı olaraq diqqətini cəlb edir. Planlı və sistemli şəkildə iş aparılır. Hamı görür ki, rayonun rəhbərləri də sıravi adamlarla əl-ələ verib ağac əkirlər. Kütləvi şəkildə həyata keçirilən ağacəkmə işi təbiətə qayğıdır, hamının yalnız öz rayonu, öz ölkəsi qarşısında yox, sözün geniş mənasında bəşəriyyət qarşısında öhdəliyidir.
Lənkəran-Astara magistral yolboyunca yaşıllaşdırma işləri vüsət alıb. Yolun Astara ərazisində bu estafet davam edir. Əkilən tinglər sabahkı ağaclardır. Gözəl bir ab-hava içində həyata keçirilən bu yaşıllaşdırma tədbirində Astara rayon İcra Hakimiyyətinin rəsmiləri də iştirak edir. Necə deyərlər, birlik harda, dirilik də oradadır. Bu yerdə mərhum meşəbəyi Naib kişinin sözü yadıma düşür. Deyərdi ki, müharibədə (İkinci Dünya müharibəsində) döyüşdüm, faşistlər məni yaraladı. O yaranın yeri məni elədə ağrıtmır. Ancaq təbiətə əl qaldıranların mənə vurduğu yara faşistlərin yarasından da dərin və ağrılıdır. Rəhmətlik veteran təbiət vurğunu idi, hər ağaca öz övladı kimi baxardı.
İndi təbiətə uzanan məlhəm əllər bizdə sevinc hissi doğurur. İnanırıq ki, bu yaralar sağalacaq, təbiət daha da gözəl görkəm alacaq, suyu saf, torpağı münbit olacaq.
Yolboyu ətrafın yaşıl örtüyü, baş-başa verib söhbətləşən, qucaqlaşan ağaclar müsafirlərə xoş ovqat, qəlb sakitliyi bəxş edir. Bu ovqatdan doymaq olmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 Saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Loğman Əliyev deyir:
"Bu gün dünyanı düşündürən ən mühüm həyati problem ekologiya ilə bağlıdır. Bəşəriyyət sanki iki müharibə ilə üz-üzədir: ekoloji və hərbi müharibələr. Ekoloji müharibəni insan təbiətə qarşı aparır, hərbini isə insan insana qarşı. Hər iki müharibə özümüzə qarşıdır. Baxın dünyanın mənzərəsinə. Təbiətə müdaxilələr nələrə aparıb çıxarır? Dünyanın çox yerində fəlakətlər, zəlzələlər, sunamilər, qasırğalar baş alıb gedir. Şəhərlər dağılır, su altında qalır, torpaq, dağ, yamac sürüşmələrinin sayı-hesabı yoxdur. Bu cür ekoloji fəlakətlər dünyanı tar-mar etmək gücündədir. İnsanın əli ilə ekoloji balansın pozulması bilinməyən fəlakətlərə aparır. Ekoloji fəlakətlər hərbi fəlakətlərdən qorxuncdur. Ona görə də dünya bu fəlakətlərə qarşı birləşir. Bu birlik dünyanın xilas yoludur. Ekologiyaya düşünülməmiş müdaxilələrə qarşı mübarizə hamımızın işidır. Ölkəmiz də dünyanın bir hissəsi kimi təbiətin mühafizəsi və bərpası işinə özünəməxsus töhfə verir. Möhtərəm Prezidentimizin ekoloji sahə üzrə çox dəyərli sərəncamlarını həyata keçirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi təxirəsalınmaz tədbirlər görür. Belə tədbirlərdən biri də ekoloji maarifləndirmədir. Bu günlərdə çap üzü görmüş Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı təbiətin, belə demək mümkünsə, yol xəritəsidir. Prezidentimizin qarşımıza qoyduğu yeni tələblər bizim məsuliyyətimizi qat-qat artırır. İndi təbiətin bizdən daha çox umacağı var".
... Bəşər övladı yarandığı gündən təbiətlə həmahəng yaşayıb, həyatını onunla təmasda, ünsiyyətdə qurub. Başqa sözlə, insan zaman-zaman təbiətin bir parçası olaraq inkişaf edib, formalaşıb. Bəlkə biz ona görədə təbiətə ana demişik. Onu müqəddəsləşdirmiş, əziz tutmuşuq. Amma nə yazıqlar ki, biz illər və qərinələr uzunu ana dediyimiz təbiətə qənim kəsilmişik. Onun nemətlərini talamış, ehtiyatlarını, resurslarını insafsızcasına dağıtmışıq. Bir də ayılıb görmüşük ki, özümüz-özümüzə qənim kəsilmişik və təbiəti özümüzdən qorumağa məcbur olmuşuq. Şükürlər ki, Azərbaycan təbiəti qorumaq işində dünyanın öncül ölkələrindəndir. Fəxrlə qeyd etməliyik ki, ölkəmizin başçısı bu sahədə dünyanın ən ali mükafatına layiq görülüb. Biz də öz fəaliyyətimizlə möhtərəm Prezidentimiz İlham Əliyevin etimadını doğrultmalıyıq.