https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
https://525.az/img/pics/medium/2024-03/307352_h968sw1thd.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/307220_ksostchfr2.jpg Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid yazır
search
19 Mart 2024
18 Mart 2024

Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı

Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı

Aydın BAĞIROV
[email protected]

Premyer Liqamızın 17-ci turunun ötən bazar günü keçirilən "Səbail" - "Qəbələ" qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da davam edəcək ki, sadəcə, yazının mövzusu bu deyil.

Ona görə birbaşa keçirəm mətləbə. Matçı Bayıl stadionundan (arenanın indiki adı nəsə dilə yatmır) canlı izlədiyimdən əvvəl müsbət, sonra isə nöqsanlı məqamları qeyd etmək istəyirəm. 

Birinci müsbət məqam 

"Səbail"də Ruslan Hacıyev adlı 21 yaşlı bir cinah yarımmüdafiəçisi var. Aftandil Hacıyevin "Qarabağ"ın aşağı yaş qrupundan komandasına cəlb etdiyi bu istedadlı oyunçunun yaxşı gələcəyi ola bilər. "Qəbələ" ilə görüşdə əzmkarlığı, istəyi, sürəti ilə müsbət mənada fərqləndi. Hesabda geridə olan komandasının qələbəsində (3:1), fikrimcə, ən çox pay sahibi də məhz Ruslan oldu. Fərdi bacarığına görə cərimə meydançasına girib, əvvəlcə ikinci qolun ötürməsini etdi, sonra isə üçüncü qolla yekunlaşan penalti qazandı. Gərək ki, o, "Keşlə" ilə matçdakı yaxşı oyununa görə ötən turun rəmzi komandasına da düşüb.

Deməli, futbolumuzda hər şey qara rəngdə deyil. Az da olsa, yaxşı gənclərimiz yetişir. Kaş ki, gələcəkdə Ruslanda arxayınlıq, özünəvurğunluq yaranmasın. Əksinə, onun üçün hər şey indi başlayır. Həvəslənib istedad və potensialından layiqincə istifadə etsə, özü də qazanacaq, futbolumuz da. 

İkinci müsbət məqam 

"Səbail" özünə gəlir. Komanda həqiqətən çox istəkli və əzmkardır. Təsadüfi deyil ki, son iki turda qalib gəlirlər. Komanda 18 xalla 7-ci pillədə olsa da, 4-cü yerdəki "Sumqayıt"la arasında cəmi 4 xal fərq var. İkinci hissəyə məğlub başlayan komanda 3 qol vurub layiq olduğu qələbəni qazandı. Məşqçi Hacıyevin işi görünür.

Yeni transfer, kənardan zahirən 16 yaşlı məktəblini xatırladan 28 yaşlı Hendrik Ekşteyn oyunun qurulmasında və ümumən çox fəal idi. Hələ ki, uğurlu transfer olduğunu qeyd edə bilərik. Sadəcə, "Səbail"ə aidiyyatı olmasa da, maraqlıdır, "Sabah" Ekşteynlə müqaviləni bu qış fasiləsində niyə və hansı məntiqlə ləğv edib? 

Mənfi məqam ("Səbail") 

Ehtiyac olmadığı halda Maykl Essyen yenə də start heyətində yer almışdı. Dəfələrlə qeyd olunduğu kimi, 37 yaşlı bu futbolçu ağırdır, fiziki olaraq çatdıra bilmir. Komandasına xeyiri yox, ziyanı dəyir. Meydana çıxdığı hər oyunda "Səbail" sanki bir nəfər azlıqda oynayır. “Qəbələ” ilə oyunda da 62-ci dəqiqədə əvəzləndi. Ortada oynayan bir futbolçu üçün bu, ciddi nöqsandır. Ümumiyyətlə, mövsümün sonu Esyyenlə bir futbolçu kimi əməkdaşlıq dayandırılmalıdır. Klub rəhbərliyi bu haqda ciddi düşünməlidir.

Yeri gəlmişkən, "Səbail"ə artıq konkret rəsmi vəzifəsi olan bir idarəçi təyin edilməlidir. Media da, ictimaiyyət də bilməlidir ki, bu klubun işlərini kim idarə, icra edir. Belə bir şəxs faktiki olmadığına görə qeyri-müəyyənlik davam edir, xeyli sual da cavabsız qalır. 

... Və "Qəbələ". 

Azərbaycan tarixinin ən yaxşı üç klubundan birinin yaxşı olmayan iqtisadi durumunun əsas komandaya vurduğu zərbə hər tur özünü göstərir. 17 oyuna cəmi 13 xal və sonuncu yer. Futbolçular çoxu gənc və təcrübəsiz (içlərində ümidvericiləri və potensiallıları olsa da. Xüsusi vurğulayacağım: Amin Seydiyev), məşqçi də həmçinin. Legionerlərin ümumi səviyyəsi də aşağı. "Qəbələ" sırf imkansızlıqdan belə çarəsiz duruma düşüb. Amma yenə də məhdud imkanlarla komanda ayaqda dura bilib. Amma klubun büdcəsi ilə bağlı belə qeyri-müəyyənlik davam etdikcə Avropaya ən azı çempionat yolu ilə getməkdən danışmaq da nağıl olar...

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.