|
|
|
|
Dünən Bakı Dövlət Universitetində (BDU) görkəmli ədəbiyyatşünas, maarifçi, pedaqoq və publisist Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirildi. Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Firudin bəy Köçərlinin xidmətləri haqqında danışdı: " Firudin bəy Köçərlinin Azərbaycanın dövlətçilik tarixində, ədəbi fikrinin, folklorşünaslığının formalaşmasında böyük xidmətləri olub. O, Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında böyük əmək sərf edib, ədəbiyyatımızın tarixi və müasir məsələləri ilə bağlı tədqiqatlar aparıb, Azərbaycanda milli təhsilin formalaşmasında əvəzsiz xidmət göstərib. Belə şəxsiyyətlər az-az olur. O, bütün həyatını elmə, təhsilə və ilk növbədə xalqına həsr etmiş ziyalılardan biridir. Bu səbəbdən heç təsadüfi deyil ki, möhtərəm Prezident İlham Əliyev müxtəlif təhsil ocaqlarında Firudin bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. 1863-cü ildə Şuşada dünyaya gələn Firudin bəy Köçərli Şuşadakı rus məktəbini və Qori Müəllimlər Seminariyasını bitirib. Bir müddət İrəvan Gimnaziyasında dərs dedikdən sonra Qori Seminariyasının Azərbaycan şöbəsində çalışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Qori Seminariyasının Azərbaycan bölməsinin bütün sənədlərini ölkəmizə gətirib və elə həmin ilin payızında Qazax Müəllimlər Seminariyasını təşkil edib. Qazax Müəllimlər Seminariyası sonradan Azərbaycanda yeni ziyalılar nəslinin yetişməsində böyük rol oynayıb. Azərbaycan xalqı üçün əvəzsiz xidmətləri olan Firudin bəy Köçərli Sovet dövründə ilk həbs olunan ziyalılarımızdan olub. Görkəmli maarifçi 1920-ci ildə bolşeviklər tərəfindən siyasi ittihamlarla qətlə yetirilsə də, onun yaradıcılığı və əməlləri Azərbaycan elminin, maarifinin və təhsilinin yaddaşına əbədi iz salıb.
Ümumiyyətlə, insan arxadakı nəsillərə çox borcludur. Hər yeni tikilən mərtəbənin altdakı mərtəbəyə borcu var. Həyat da belədir. Hər nəsil özündən əvvəlki nəslə borcludur. Əgər bu gün bizim ədəbi dilimiz varsa, bizim bədii təfəkkürümüz güclüdürsə, bunu Firudin bəy Köçərli kimi insanlara borcluyuq".
Sonra Firudin bəy Köçərli haqqında film nümayiş etdirildi. Filmin ardınca "Firudin bəy Köçərli alim və maarifçi kimi" adlı məruzə ilə Filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyev çıxış etdi: "Firudin bəy Köçərli sağlığında ziyalılarımıza verilən qiymətdən narazı olsa da, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Firudin bəyin 150 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam ziyalılarımıza verilən dəyərin bariz nümunəsidir. Firudin bəy Köçərli yubileylərin keçirilməsini milli bayram adlandırırdı. Bu gün də onun yubileyidir, deməli, bu gün bizim milli bayramımızdır. Firudin bəy Köçərli ana dilimizin inkişafı və qorunması uğrunda yorulmadan mübarizə aparmışdır. 1913-cü ildə yazdığı "Ana dili" məqaləsində o dövrdə doğma dilimizə olan münasibətdən danışmışdır. Maarifpərvər ziyalının ana dilinə olan münasibəti iki istiqamətdə - ana dilinin təmizliyi və ana dilinin tədrisi yönündə özünü göstərmişdir".
Türkologiya kafedrasının müdiri, professor Tofiq Hacıyev Firudin bəy Köçərlinin ilk professional ədəbiyyatşünasımız olduğunu vurğuladı: "Firudin bəy Köçərli mədəniyyət tariximizdə iki cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabı ilə məşhurdur. O, öz dövründə yazan, yaradan söz ustalarına nəzarət edir, onlara göstəriş verirdi. Yəni, Firudin bəy meydana gələn ədəbiyyatın idarə olunmasına xüsusi diqqət yetirirdi. O, bizim ilk professional ədəbiyyatşünasımızdır".
Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Tofiq Hüseynov da görkəmli ədib haqqında fikilərini bölüşdü: "Firudin bəy Köçərli ədəbiyyat tariximizin babası hesab olunur. O, ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərəndə milli ədəbiyyatların tarixi sahəsində elə də güclü ənənə yaradılmamışdı. Dövri mətbuatda tənqidi məqalələri ilə yanaşı, Firudin bəy Köçərli yazdığı dörd yüzdən çox məktubu ilə də tənqidçilik missiyasını həyata keçirirdi".
Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev isə Firudin bəy Köçərlinin yubileyinin keçirilməsinin indiki nəsillərin varislik borcu olduğunu vurğuladı.
Ramil ƏHMƏD