İdris ABBASOV
İLAHİ DİNLƏR
Allah-Təalanın peyğəmbərlərinə vəhy etdiyi dinlərə ilahi dinlər deyilir. Allah tərəfindən göndərilən bütün peyğəmbərlərin təbliğ etdiyi din ilahi din olaraq səciyyələndirilir. "İlahi din" istilahı ilə yanaşı "səmavi din" termini də işlədilər. "Səmavi" göylə bağlı, göyə aid mənasını verir. Bu mənada "səmavi" kəlməsi bir məkan, yer ifadə edir. İslami anlayışa görə Uca Allah məkandan münəzzəhdir (uzaqdır). Bu termin yalnız göyü Tanrının məkanı kimi qəbul edən dinlər üçün düzgün bir səciyyələndirmə ola bilərdi. Çünki bəzi dinlərdə göy tanrıları (sky gods) mövcuddur. İlahi dinlərdə Uca Tanrı inancı olduğuna görə "səmavi" deyimi uyğun görülmür. Qurani-Kərim Hz.Adəmdən Hz.Muhəmmədə qədər gələn vəhyə və peyğəmbərlərə dayanan dini ənənəyə "İslam" adını vermişdir. Yəhudilik və xristianlıq, hətta Quranda adı keçən dinlər də ilahi din kimi xarakterizə olunur. Hz.Adəm ilk insan və ilk peyğəmbərdir. İlahi vəhyə söykənən Hz.Adəm övladlarını haqq dini, yəni ilahi din əsasında tərbiyə etmişdir. Sonradan insanlar bu dindən uzaqlaşmış və yollarından sapmışdırlar. Uca Allah zaman keçdikcə göndərdiyi peyğəmbərləri vasitəsilə insanları haqqa və tövhidə dəvət etmişdir. Dinin həqiqi vaizi və qurucusu Allah-Təaladır. Dini Allahdan alıb təbliğ etdikləri üçün peyğəmbərlərə din və şəriət vaizləri deyilə bilər. Allah tərəfindən vəhy edilib kitab endirilən Hz.Musa, Hz.İsa və Hz.Məhəmməd kimi peyğəmbərlərin bildirdikləri dinləri ilahi dinlər kimi nəzərdən keçirəcəyik. Bu dinlər Yəhudilik, Xristianlıq və İslamdır.
YƏHUDİLİK
Hz.Musanın peyğəmbər olaraq göndərildiyi qövmün adı yəhudilikdir. Bu gün yer üzündə iyirmi milyondan artıq yəhudinin olduğu söylənilir. Bunların dörd milyon yarıma qədəri İsraildə, altı milyonu ABŞ-da, qalanları isə Avropada və dünyanın digər ölkələrində yaşayırlar. Hz.Musa tərəfindən təbliğ edildiyinə görə bu dinə "musəvi" də deyilir. Yəhudilər müqəddəs kitablarında İsrail oğulları ilə Tanrı arasındakı "əhd"ə geniş yer vermişdirlər. Uca Tanrı Turi-Sinada bu qövmlə əhd bağlamış, Allahın əmrlərinə uyacaqları barəsində söz almış, sonra da Hz.Musanın şəxsində onlara Tövratı göndərmişdir. Buna görə də bu din "əhd dini" kimi də tanınır. İsrail oğullarının başına gələn müsibətlərin verdikləri sözün üstündə durmamaları ilə əlaqədar olduğu həm Tövratda, həm də Qurani-Kərimdə dəfələrlə bildirilmişdir.
Bu dinin Babil sürgünündən sonra milli din statusu aldığı qeyd olunur. Amma yəhudilik, vəhyə dayanan müqəddəs kitaba və peyğəmbərlərə yer verməsi ilə milli dinlərdən, milliləşdirilib bir irqə aid edilməsi ilə də ilahi dinlərdən fərqlənir. Əslində bugünkü yəhudiliyin bir din, irq, yoxsa millət olduğu tam məlum deyildir. Yəhudilikdə din ilə irq iç-içə olduğundan birini digərindən ayırmaq çox çətinləşmişdir. Yəhudi dininin mərkəz nöqtəsi Qüdsdəki Məbəddir (ibranicə, Bet-ha-Miqdaş; ərəbcə, Beytu-l-Maqdis). Dağıdılmadan öncə bu Məbədin bir otağında "Əhd sandığı" saxlanılırdı. Yəhudiliyin simvolu "yeddi qəndil" və "altıguşəli ulduz"dur (Davudun ulduzu).
Dünya ədəbiyyatında bu qövm yəhudi, ibrani, israil oğulları kimi müxtəlif adlarla adlandırılır.
Yəhudi. İsrail oğullarına peyğəmbər olaraq göndərilən İshaqın oğlu Yaqubun on iki oğlu var idi. Dördüncü oğlunun adı Yuda, yaxud Yahuda idi. Məhz onun adına nisbətlə İsrail oğullarına yəhudi deyilmişdir. Fələstinin cənub bölgəsində qurulan Yəhuda Krallığı da bu adın qaynağı kimi irəli sürülmüşdür.
İbrani. Bu söz "ibri", yaxud "hibri" kəlmələrindən törəmişdir. Miladdan öncə XV-XIV əsrlərdə Fələstində olmuş köçəri bir qəbiləyə verilən addır. "O tərəfin adamları" anlamında Fərat və İordan çayının digər sahilindən gəlmiş köçəriləri ifadə edir. Yəhudilərə bu ad Kənan ölkəsinin yerliləri tərəfindən verilmişdir. Bu barədə yəhudilərin müqəddəs kitabında məlumat verilir.
İsrail. Bu söz Yaquba Tanrı tərəfindən verilmiş bir ləqəb sayılır. Ümumdünya Yəhudi Ensiklopediyasında sözün əsl mənasının müəyyən olmadığı, bildirilir, Təbəri isə Hz.Yaquba "gecə qaranlığında Allaha sarı gedən" anlamında "İsrail" deyildiyini qeyd edir. On iki yəhudi qəbiləsi də İsrail adı ilə tanınır. Amma qeyd olunmalıdır ki, bu ad Hz.Süleymandan sonra ikiyə ayrılan ölkənin şimalda qalan bölümünü əmələ gətirən qəbilələrin krallığını səciyyələndirmək üçün işlədilmişdir. Yəhudi inancına görə Yaquba bu ad Tanrı tərəfindən verilmişdir. Buna görə də yəhudilik milli bir din, Yehova da milli bir tanrı kimi qəbul edilmişdir. Quranda 40 ayədə 41 dəfə "Bəni İsrail" (İsrail oğulları) ifadəsi keçir.
Bu qövm Kənan diyarına (Fələstin) gəlib yerləşmədən öncə ibrani, orada yerləşdikdən sonra israilli, Sürgündən sonra isə toplum olaraq İsrail oğulları, fərd kimi də yəhudi deyə adlandırılmışdır. Hər üç terminlə eyni din və eyni qrup nəzərdə tutulur.
Yəhudiliyin tarixi onların müqəddəs kitablarına söykənir. Müqəddəs kitab dünyanın və ilk insanın yaradılışından peyğəmbər Malakiyə qədər keçən hadisələri ehtiva edir. Sami irqindən sayılan ibranilər kəldanilərin Ur şəhərindən çıxıb Harrana gəlirlər. Yəhva (Tanrı) Abrama (Hz.İbrahimə) Hərran bölgəsindən Kənan diyarına köçməsini əmr edir. O da arvadı Saranı, qardaşının oğlu Lutu (Hz.Lut) və Hərranda qazandıqlarını özü ilə götürərək Kənan diyarına gəlir. Ölkədə qıtlıq başladıqda Abram öz arvadı ilə Misirə gedir. Orada Fironla yaxınlıq qurduqdan sonra mal-dövlətləri artır. Çobanları arasındakı bir mübahisədən sonra Abramla Lut bir-birindən ayrılırlar. Lut şərqə doğru gedir, Abram isə Kənanda yerləşir. Abram bölgədə hakimiyyətini qəbul etdirir və bu zaman əsir düşən qardaşı (daha öncə qardaşının oğlu kimi göstərilmişdir) Lutu qurtarıb yanına aparır. Bu hadisələrdən sonra Tanrıdan uşaq istəyir və arvadı Saranın təklifi ilə cariyəsi Həcərlə evlənir və ondan İsmayıl dünyaya gəlir. O zaman Abramın səksən altı yaşı var idi. Doxsan doqquz yaşında Tanrı ona görünərək onun nəslini çoxaldacağını xəbər verir. Allah ona belə xitab edir: "Mən isə, budur, əhdim səninlədir və bir çox millətlərin atası olacaqsan və artıq adın Abram (uca ata anlamında) çağırılmayacaq, fəqət adın İbrahim (xalqın atası anlamında) olacaq. Çünki səni bir çox millətlərin atası etdim... Səndən sonra sənin nəslinin də Rəbbi olmaq üçün səninlə və səndən sonra nəslinlə mənim aramdakı əhdimi nəsillər boyu əbədi əhd kimi sabit edəcəyəm. Sənin qürbət diyarını, bütün Kənan diyarını sənə və səndən sonra zürriyyətinə (nəslinə) əbədi mülk kimi verəcək və onların Allahı olacağam". Allah İbrahimə və nəslinə əhd olaraq oğlan uşaqlarının sünnət edilməsini tövsiyə etmişdir. Eyni zamanda Allah İbrahimə arvadı Saraya bir oğul verəcəyini, adının da İshaq olacağını bildirməklə Saranı Həcərə qarşı olan qısqanclıqdan xilas edəcəyini bildirir.
İbrahim əhdin gerçəkləşməsi üçün özü doxsan doqquz, İsmayıl isə on üç yaşında ikən eyni gündə sünnət edilirlər. Digər tərəfdən Sara İshaqı doğur və İbrahim oğlu İshaqı səkkiz günlük ikən sünnət etdirir. Uşaq böyüyüb süddən kəsildikdən sonra İbrahim böyük bir ziyafət verir. Bu zaman İsmayılın güldüyünü görən Sara İbrahimdən onu qovmasını tələb edir. Bu istək İbrahimi qane etmir. Ancaq Allah İbrahimə Saranın istəyini yerinə yetirməsini əmr edir. Çünki İbrahimin nəsli İshaqın adı ilə çağırılacaqdır. Həcər İsmayılı götürüb çölə gedir. Bir gün Allah İbrahimi imtahan etmək üçün oğlu İshaqı qurban etməsini istəyir və İbrahimin bu işi həqiqətən də icra etmək istədiyini görüb mələk vasitəsilə göydən bir qoç endirməklə onu bu işi görməkdən çəkindirir. Çünki İbrahim əmri yerinə yetirmişdir. Allah İbrahimin ölümündən sonra İshaqı mübarək qıldı. İshaqın Əsav və Yaqub adlı iki övladı olur. İshaq yaşlaşıb gözləri görməz olduqda Yaqub atasının sevdiyi Əsavın yerinə özünü mübarək qıldırır və Hərrana doğru yola çıxır. Gecə vaxtı yuxusunda Rəbb ona belə deyir: "Atan İbrahimin Allahı və İshaqın Allahı Rəbb mənəm. Üzərində yatdığın diyarı sənə və sənin nəslinə verəcəyəm; nəslin yerin tozu kimi qərbə, şərqə, şimala və cənuba yayılacaqdır, yerin bütün qəbilələri sənin və sənin nəslinin vasitəsilə mübarək qılınacaqdır..." Yaqub oyandıqda "Bura Allahın evidir və bu, göylərin qapısıdır" deyərək oranı "Beyt əl-Ləhəm" (Allahın evi) adlandırır. Sonra yoluna davam edərək Hərrana yetişir. Orada anasının qardaşı Labanın yanında çalışır. Onun Labanın iki qızından və onunla birlikdə gəlmiş iki cariyədən on iki oğlu və bir qızı olur. Onları da götürüb Kənana, atasının yanına gəlir. Yaqub uşaqlarından ən çox Yusifi (Yosef) sevərdi. Buna görə də qardaşları onu qısqanırlar. Yusif gördüyü yuxunu qardaşlarına söyləyir. Bu yuxuda "qardaşları ilə birlikdə bir tarlada buğda dərzləri bağladıqlarını, öz dərzinin dik durduğunu, onlarınkının isə bunun dərzinin ətrafında əyildiyini" söyləyir. Qardaşları bu yuxudan onun hegemon olacağı mənasını çıxarırlar və ona qarşı qısqanclıqları artır. Digər bir yuxusunda Yusif Günəş, Ay və on bir ulduzun ona səcdə etdiyini görür. Bu zaman qardaşlarının qısqanclığı daha da artır və sürünü otararkən qardaşları onu soyunduraraq bir quyuya atıb atalarına qardaşlarını bir canavarın yediyini deyib qana batırılmış köynəyini ona göstərirlər.
(Ardı var)