|
|
|
|
Bu gün bu problemlə hər bir jurnalist üzləşə bilər. Nədir plagiat? Plagiat – elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsidir. Hansısa filmin, əsərin, məqalənin, musiqinin, və s. plagiatı olur. Film demişkən, bu günlərdə kinoteatrda maraqla izlədiyim filmin plagiatının şəxsən özüm internetdə şahidi oldum. Birini türklər çəkib, digərini hindlər. Məgər mövzu qıtlığıdır və ya problem nədir ki, daha çox hazır materiala can atırıq?
Bu problem demək olar bütün yaradıcı sahədə var və bununla mübarizə aparılır. Lakin mən yazımda daha çox jurnalist plagiatlığından danışmaq istərdim. Təsəvvür edin, hansısa jurnalist bir mövzu üzərində çalışır, günlərlə bütün əməyini bu yazıya sərf edir və sonda ərsəyə gətirdiyi yaradıcılıq məhsulunu hansısa informasiya vasitəsində-qəzetdə, jurnalda, saytda dərc edir. Günlər keçir digər həmkar bu yazını necə deyərlər “ hazıra nazir olub ” heç bir istinadsız-filansız öz adından verir. Bu, nə qədər düzgündür?!
Müasir mediada internet saytlarının, agentliklərin, xəbər portallarının sayı artmaqdadır. Bu da öz müsbət tərəfləri və təzahürləri ilə yanaşı həm də plagiata yol açır. Bu media vasitələrinin əksəriyyəti heç bir istinadsız, saat fərqi olmaqla xəbərləri biri gec, digəri tez verməklə sırf plagiatçılıqla məşğuldur. Bununla əlaqədar bu gün ölkədə tanınan bir neçə sayt rəhbərlərinin fikirlərini öyrəndik.
APA Holdinqin Direktorlar Şurasının sədri Nurşən Quliyev hesab edir ki, plagiat bu gun jurnalistlərin ən çox əziyyət çəkdikləri problemdir. “Biz də təcrübəmizdə plagiatla rastlaşırıq, jurnalistlər xəbərləri istinadsız verirlər ki, bu da çox ciddi problemdir. Çox olub ki, bizim informasiyanı hansısa sayt verib, amma istinadsız , sadəcə saat irəli çəkilərək verilib. Hətta yazının bizə aid olduğunu belə sübut edə bilməmişik. Biz də hansısa saytların informasiyalarından istifadə edirik, lakin mən həmişə əməkdaşlara tövsiyə edirəm ki, informasiya mənbəyini göstərsinlər. Hətta xarici saytlardan da informasiya götürəndə istinad etmək lazımdır”. Problemin həlli istiqamətində tədbirlərin görülməsi ilə bağlı N.Quliyev bildirdi ki, bunun hüquqi yolu var, lakin bununla məşğul olmağı kimsə üzərinə götürmür.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı isə plagiatı jurnalistikamızın ən ağrılı yeri hesab edir.” Bu gün bütün dünya bu problem qarşısında acizdir .Bunun əsas səbəbi isə internet mediasının inkişafı ilə əlaqədardır. Hazırda saytlar bir-birilə mübarizə aparır ki, təki flan informasiya birinci bizim saytda getsin. Bu səbəbdən də istinad vermədən başqa saytlardan götürüb xəbərləri verirlər. Fikrimcə, imza yoxdusa, demək xəbər də yiyəsizdi. Bu, çox mənfi tendensiyadır”. Plagiatın qarşısının alınması ilə bağlı tədbirlərə gəlincə Elşad Eyvazlı bildirdi ki, bu problem öz həllini nə vaxtsa ola bilər ki, tapsın. “Məncə, jurnalistin etika kodeksi internet mediasına daxil olmalıdır. Çünki başqasının yazısını oğurlamaq məhz etika məsələsidir. Bununla mübarizə aparmaq lazımdır. Biz də təcrübəmizdə çalışırıq plagiata yol verməyək, bunu edən əməkdaşı isə ciddi şəkildə cəzalandırırıq”.
Publika.az saytının rəhbəri Aynur Camalqızı da öz növbəsində plagiatı bu gün Azərbaycan mətbuatının ciddi problemi sayır və səbəbi internet mediası ilə əlaqələndirir. “ Yazılı mətbuatda necə ki, reket qəzetlər var, online mediada da bu problem plagiatla bağlıdır. Saytlar müəllifin əziyyətini nəzərə almadan informasiyaları öz adlarından verirlər.Hətta ötən günlərdə bizim başımıza da belə bir hadisə gəldi. Ölkəmizə qonaq gələn məşhur fransız aktyoru Jerar Depardye təkcə bizim sayta müsahibə verdiyi halda, sonradan bu yazını təxminən iyirmi, otuz sayt öz adından dərc etdi. Təbii ki, bu yolverilməz haldır. Bununla mübarizə aparmaq da olmur”. Plagiatla mübarizəni A.Camalqızı maarifləndirmədə görür. “Fikrimcə bu problemlə mübarizəni daha çox maarifləndirmə yolu ilə həll etmək olar. Eyni zamanda bu gün adi bir insan özünə istədiyi qədər domen adlar aça bilir. Məncə buna da nəzarəti gücləndirmək lazımdır. KİV haqqında qanuna online medianın üzləşdiyi problemləri əlavə etmək lazımdır. Qanunlar sərtləşdirilməlidir. Hansısa şəxs sayt açarkən ən azı öz bank hesabında 6 ay saytın fəaliyyət göstərməsi üçün maliyyə vəsaitinin olduğunu göstərməlidir”.
Fikrimizcə, bu problemlə bağlı bir jurnalist fikrini də bilmək maraqlı olardı. Bu səbəbdən APA.azda çalışan jurnalist Hafiz Heydərovdan məsələ ilə bağlı açıqlama aldıq. “ Biz bu problemlə mübarizə aparmaqdan yorulmuşuq.Hər hansı jurnalist bəzən xəbər hazırlayarkən üç, dörd gün əziyyət çəkir, sonra hansısa qəzet, sayt bu yazını nöqtə-vergülünü dəyişmədən verir.Bu, medianın bir-birlərinə hörmətsizliyidir. Buna qarşı hansısa tədbir görmək bir qədər çətindir. Çünki bu gün hətta müəllifi bəlli olmayan saytlar var. Dərdini kimə deyəsən?! Zənnimcə jurnalistdə istinad mədəniyyəti formalaşmalıdır və bu çox zəruridir. Mətbuat Şurası buna ciddi nəzarət etməlidir”.
Bizlərə hələ ki yalnız ümid etmək qalır ki, Azərbaycan dövləti öz siyasi kursunda dünyəvi dəyərləri əsas götürdüyündən yaxın gələcəkdə plagiat və onun cəmiyyətdə normal qarşılanması kimi mənəvi – əqli aşınma təzahürləri aradan qalxacaq, müəlliflik hüquqları və əqli mülkiyyəti qoruyan qanunlar ciddi əməli fəaliyyət göstərəcək.