“Azərbaycan” qəzetinin 20 noyabr 2013-cü sayında Milli Məclisin deputatı, yazıçı dramaturq Hüseynbala Mirələmovun “Günəş ləkə götürməz” yazısını ürək ağrısıyla oxudum. Məncə, bu məqalə Azərbaycan ictimaiyyəti arasında nüfuzlu ziyalılar tərəfindən geniş müzakirə olunmalı və son illərdə ölkəmizdə nəşr olunan Güntay Gəncalpın “Səfəvilər”, İsgəndər Palanın “Şah və Sultan”, Reha Çamuroğlunun “İsmayıl” kimi kitabların və “Möhtəşəm yüz il” kimi teleserialların yayımlanmasına kəskin münasibət bildirilməlidir.
Bu gün böyük Qərb dövlətlərinin Şərqə – İslam dünyasına münasibətdə apardıqları siyasətin xristian amilinə söykəndiyi bir vaxtda İsamda iki nüfuzlu təriqət arasına müsəlman olaraq bizim özümüzün qarmaqarşıqlıq salmağa haqqımız yoxdur! Əgər nicatımız türk dünyasının birliyindədirsə, onda milli –dini hissiyyata toxunan bu cür əsərlərin nəşri və serialların yayımı qətiyyən yolverilməzdi. İçimizdə İslam sevgisi ilə türk sevgisi vahid müstəvidə olmalı, hər iki qardaş ölkənin qələm sahibləri bu amala xidmət etməlidir. Unutmaq olmaz ki, İslamın sünni-şiə təriqətləri əsrlər boyu Azərbaycanın və Türkiyənin mənəvi-əxlaqi dəyərlərinin əsasını təşkil edib.
“Qanun” nəşriyyatının Azərbaycan oxucusuna təqdim etdiyi “İsmayıl” romanında xalqımızın qürur mənbəyi olan, Azərbaycan türkcəsini dövlət dilinə çevirən, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüş, klassik Azərbaycan şairi Şah İsmayıl Xətai kimi qüdrətli bir simaya müəllifin öz soy adına sadiq qalaraq qərəzlə ÇAMUR atması, doğrudan da, indiki zamanda millətimizə, dini etiqadımıza qarşı hörmətsizlik və sayğısızlıqdır. Amma gəlin görək, bu, milli-dini hesiyyatımıza toxunan ilk əsərdimi? Bundan öncə İsgəndər Pala məgər “Şah və Sultan” əsərində Şah İsmayıla az çirkab atmışdımı? Yaxud, çox savadsızcasına və başdansovdu qələmə alınmış “Səfəvilər” kitabında Güntay Gəncalp oxucuya Şah İsmayıl Xətaini və qızılbaşları adam əti yeyən vəhşi kimi təqdim etməsi hansı amala, ideoloji xəttə, mədəni inkişafa, “iki dövlət, bir millət” prinsipinə xidmət edir? Xətai təxəllüsü ilə gözəl və incə ruhlu şeirlər yazan, qəsidələrində Allahı, peyğəmbəri, on iki imamı vəsf edən, heca vəznini Azərbaycan ədəbiyyatına gətirən, “dili şəkərdən dadlıyam, Murtəza Əli zatlıyam” deyən bir şair necə o cür qəddar ola bilərdi?
İxtilaflara yol açan, mənəvi gərginlik yaradan bu cür uydurma əhvalatlar İslam dünyasına qənim kəsilən düşmənlərin dəyirmanına su tökmək deyil, bəs nədir?
Şübhə etmirəm ki, “Möhtəşəm yüz il” serialında səfəvi hökmdarlarının, xüsusilə I Şah Təhmasibin ünvanına çox ağır təhqiredici ifadələrin yer alması da eyni nifrətdən, ideoloji qəzəbdən qaynaqlanır. 1566-cı ildə Sultan Süleymanın vəfatı münasibəti ilə Osmanlı sarayına göndərdiyi məktubda onun Avropada qazandığı zəfərlərdən söz açaraq öz sevinc hissini gizlətməyən, eyni zamanda II Səlimin canişin təyin olunmasını ölkəsində təntənəli bayram elan edən bir hökmdarın ünvanına filmdə bu qədər nalayiq ifadələr Azərbaycan tamaşaçısına həqarət deyilmi?!
Azərbaycan Tarix Institutunun direktoru, akademik Yaqub Mahmudov böyük türk hökmdarı Sultan Süleymanın həyatından bəhs edən bu serialı tarixi hadisələrin kəskin təhrif olunduğunu vurğulayaraq, əbəs yerə onu türk tarixi üçün “zəhərli film” adlandırmır! Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan da bu “Möhtəşəm yüz il”i tənqid edərək, onun tarixi faktları təhrif etdiyini bildirib.
Bir sıra Avropa ölkələrində, Ukrayna və Rusiyada bu filmin nümayişi dayandırılıb, İranda isə “Möhtəşəm yüz il” serialını fars dilinə dublyaj edən bir qrup şəxs həbs olunub.
lll
Biz tez-tez bu gün iki ölkə arasında əməkdaşlıqdan fəxrlə danışırıq. Amma görünür, mədəniyyət tariximiz – Azərbaycan-türk tarixçilərinin, sənət dünyasının əməkdaşlığı hələ də lazımi səviyyədə deyil. Əgər bu əlaqələr yaxşı olsaydı, dünən də, bu gün də müəllifi Azərbaycan bəstəkarları olan onlarca mahnı Türkiyənin rəsmi kanallarında tamaşaçıya anonim təqdim olunmazdı. Şübhəsiz ki, bu kanalları dünyada yaşayan 50 milyon azərbaycanlı da seyr edir. “Ay mənim Arzu qızım”, “Dilbərim”, “Reyhan”, “Gülüm naz ilə baxma”, “Daşlı qala” və s. kliplərin subtitirində “söz və muzik anonim” yazılması sözsüz ki, hər bir Azərbaycan türkünü təəssüfləndirir. Və ya “Sarı gəlin” eynən Akif İslamzadə tərzində ifa edib ona “erməni möhürü vurmaq” məgər türk sənətçilərinin mədəniyyətimizə hörmətsizliyi deyil? Niyə Mikayıl Müşfiqin “Sən Müşfiqin yanında qalginən sənə qurban” misrasından şairin adını çıxardıb təkcə Türkiyənin özəl deyil, dövlət kanallarında da özününküləşdirirlər?.. Əlbəttə, bu kimi problemləri şişirtmədən müəllif hüquqları və ya hər iki dövlətin aidiyyati qurumları yoluna qoya bilərlər...
Lakin kommunist rejiminin tüğyan elədiyi 37-ci illərdə Azərbaycanda yüzlərcə din alimi repressiyaya məruz qalsa da, Moskvada nə etiqadımıza çirkab atan bir kitab nəşr olundu, nə də bu və ya digər müsəlman respublikalarında sünnü-şiyə ayrı-seçkiliyinə rəvac verildi. Əgər elə nəşrlər rusca var idisə, ziyalılarımız onu ana dilimizə çevirmədilər. İndi özümüzə tolerant xalqıq deyə-deyə milli hisslərimizə toxunan belə əsərlərin müəlliflərinə təşəkkürmü etməliyik?!
Taxt – taca görə öz doğma atasını zəhərləyib öldürən, sülaləsindən bütün kişilərin öldürülməsinə əmr verən, qardaşlarını, qardaşı oğlanlarını qətlə yetirən Sultan Səlimi oxucuya romanda Şah İsmayıldan daha üstün düşüncəyə, təfəkkürə, hərbi siyasətə malik sərkərdə kimi təqdim etməsi Reha Çamuroğlunun nə qədər qərəzkar, ixtilaf salmağa meylli, V əsr bundan öncə olan ədavəti yenidən qızışdıran qələm sahibi olduğunu sərgiləyir. Məgər R. Çamuroğlu bilmir ki, Sultan Səlim olduqca qəddar, qaniçən və qisasçı bir şəxs olduğuna görə Yavuz (qorxunc) ləqəbi almışdı. Atası Bəyazidin Səfəvilərlə sülhpərvər davranışı və Şah İsmayıla sevgi ilə yanaşması Səlimi hələ taxt-tac sahibi olmazdan öncə qəzəbləndirərdi. Ona görə Sultan Səlim hakimiyyətə keçən kimi qızılbaşlara qarşı hərəkətə keçdi. Və şiəliyin kafirliklə eyni tutulması ilə bağlı şeyxülislamın fətva verməsini tələb etdi. Sultan Səlimin əmri ilə təkcə Qaramanda 40 mindən artıq şiə öldürüldü. Qətliamda yeniçərilər iştirak etmədilər. Çünki onların yetişdirildiyi Bəktaşi təkkəsi şiəliyə yaxın məzhəb hesab olunurdu.
(Yeri gəlmişkən, dünyada ən çox izlənilən “Qurdlar vadisi” teleserialının yaradıcıları Şaşmaz qardaşları bəktaşilərdi. Filmin ilk serialarının daha uğurlu alınmasının səbəbi də məhz Həzrəti Əlinin fəlsəfəsi üzərində qurulması və filmin baş qəhrəmanı Polad Ələmdarın İmam Hüseynin haqq və ədalət uğrunda mücadiləsini özünə örnək seçməsidir).
Məhz ordusunun əsas hissəsi Orta Asiyada olan Şah İsmayılı müharibəyə təhrik edən, Çaldırana gedən yolun başlanğıcını qoyan da qardaş qanı tökmək üçün susamış Səlim oldu. Bəs onun təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan və iki dövlət arasında məsələni sülh ilə həll etməyə cəhd edən Şah İsmayıl Xətaini “İsmayıl” romanında alçatmaqla, qızılbaşlara küfr yağdırmaqla müəllif müasir oxucuya nə deməyə çalışır? Çamuroğlu və qeyriləri niyə əsərlərində Osmanlı – Səfəvi münasibətlərini gərginləşdirən və iki qüdrətli türk imperatorluğu arasında müharibəyə rəvac verən beynəlxalq amilləri önə çəkib qabartmır?
Niyə yazmırlar ki, 150 minlik osmanlı ordusu ilə 50 minlik qızılbaş ordusunun 1514-cü ildə Çaldırandakı savaşı tarixçilərin təbirincə desək, əslində artıq bitən orta əsrlərin sonuncu cəngavərlik nümunəsinin qətlı oldu. Bu qardaş savaşı doğrudan da, müasirliklə keçmişin sonuncu savaşıydı. Və bu savaşın əslində qalibi olmadı. “Orta əsrlər Orta Şərqdə başladığı kimi, Orta Şərqdə bitdi” (A.Qaramanlı).
Bəli, əgər o zaman qərb siyasəti iki qüdrətli türk dövlətini bir-biriylə savaşmağa sövq etməsəydi, bu gün Türkiyə Avropa birliyənə qəbul olunmağa deyil, Avropa dövlətləri Türk Birliyinə üzv olmağa can atacaqdı... Bu gün də Şərqdə tökülən günahsız insanların qanına eyni beynəlxalq amillər səbəb deyilmi?
Sözsüz ki, heç bir ölkə kimi Azərbaycan da ad-san, şöhrət naminə cəmiyyətin etiqadına, taleyinə biganə insanlardan sığortalanmayıb. Əgər bir insan mənsub olduğu dini sarsıdan “yaradıcılıqla” məşğuldursa, onun doğma Vətənə hansı sevgisindən, V əsr adı Azərbaycanla qoşa çəkilən Şah İsmayıl Xətai kimi dahi şəxsiyyətə hansı sayğısından danışmaq olar?! Çox təəssüf ki bu gün bəzi gənc yazarlar və naşirlər arasında Reha Çamuroğlu kimi qərəzli qələm sahiblərinin əsərlərini təbliğ etməkdən sanki həzz alırlar. Belələri “mən də varam” deyə gündəmdə bu cür bəsit, araqızışdıran, şou xarakterli əməllərlə qalmağı üstün tuturlar. Şah İsmayıl da, Qanuni Sultan Süleyman da, Sultan Səlim də, Nadir şah Əfşar da türk dünyasından boy verən möhtəşəm simaları olublar. Sonuncunu hətta avropalı tarixçilər Asiyanın “Makedoniyalı İsgəndəri” adlandırıblar...
Bu gün tarixin yaddaşını ələk-vələk edib ortaya çox iddihamnəmələr çıxarmaq olar. Lakin elə gerçəklər var ki, onun üzərindən əzəli-əbədi qardaşlığımız, etiqadımız, İslam dini, türk birliyi naminə sükutla keçməliyik.
Son olaraq, xalqımızın qürur qaynağı olan Şah İsmayıl Xətai haqqında qərəzli əsərləri yazanlara, qızılbaşlar tayfaları adamyeyən adlandıranlara, Türkiyədə nəşr olunan belə kitabları Azərbaycan türkcəsinə uyğunlaşdıranlara və onun böyük həvəslə ölkəmizdə yaymağa vaxt və vəsait ayıranlara üzümü tutub deyirəm: mənəvi birliyimiz, sağlam gələcəyimiz naminə İslamda məzhəb və təriqət ayrı-seçkiliyi salmayın. Sizsiz də bu ideyanı meydana atıb, onu hər cür vasitələrlə həyata keçirən, müsəlmanlar arasında ixtilaf salıb ədavəti qızışdıran xarici kəşfiyyat orqanları yetərincədir.
Nurəddin ƏDİLOĞLU,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü