Bu günlərdə "525-ci qəzet"in yazarı Pərvin Moskvada, Peredelkinoda keçirilən xaricdə yaşayan Yazıçılar Forumuna qatılıb. Qeyd edək ki, forum noyabrın 21-24 tarixlərində Yazıçılar Evində baş tutub. Seminarda dünyanın müxtəlif yerlərindən, Avstriya, Amerika, Almaniya, Fransa, Polşa, Meksika və başqa ölkələrdən rusdilli yazıçılar iştirak edib. Açılış mərasimində gənc yazıçı Pərvinin Azərbaycanda çağdaş ədəbi mühit və tərcümələrin səviyyəsi mövzusunda çıxışı maraqla qarşılanıb. Daha sonra müxtəlif sahələr - proza, poeziya, tərcümə, rus dili üzrə seminarlar təşkil olunub. Proza seminarı yazıçı, tarix elmlər doktoru, Rusiya Yazıçılar Birliyinin katibi, Yazıçılar Birlikləri Beynəlxalq İttifaqının şöbə müdiri Valeri İvanov-Taqanskinin rəhbərliyi ilə keçirilib. Seminarda Pərvin Azərbaycanda rusdilli ədəbiyyat mövzusunda məruzə edib.
Hələ ötən il Moskvada keçirilən seminarlarda iştirak edən gənc yazarın "Balerina" povesti rus dilində almanaxda işıq üzü görmüşdür. Seminar çərçivəsində həmin almanaxın təqdimat mərasimi də keçirilib. Bolqariyada yaşayan rusdilli şairə Nataliya Yermenkova "Balerina" povesti və ümumiyyətlə Pərvin hekayələri haqda geniş çıxış edərək fikirlərini mərasim iştirakçıları ilə bölüşüb.
Seminarın yekununda növbəti almanaxa daxil ediləcək əsərlərin müzakirəsi keçirilib və Pərvinin "Çarəsiz yalan" hekayəsi çap olunmaq üçün seçilib.
XƏYALƏ