Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərində tıxacların qarşısını almaq məqsədilə Bakıda tikiləcək yeni avto-dayanacaqlarla bağlı layihələri araşdırır.
«APA-ECONOMICS»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyat vasitələrinin sayı çox artdığından, bəzi hallarda küçələrin genişləndirilməsi belə qeyri-mümkündür.
Nazir bildirib ki, Bakı şəhərində aparılan tikinti işləri, xüsusilə də yol qovşaqları, keçidlər və tunellərin tikintisi də şəhərdə avtomobillərin sərbəst hərəkətinə müvəqqəti olaraq problem yaradır: «Lakin buna baxmayaraq, bəzi hallarda tıxacların yaranmasında sürücü faktoru da böyük rol oynayır. Bakı şəhərində sürücülərin işıqforun qırmızı işığında hərəkət etməsi, bir-birinə güzəştə getməməsi və qarşı tərəfin yoluna çıxması tıxacı yaradan amillərdir».