(Tənqidçi-ədəbiyyatşünas Şirindil Alışanlı da bu yaşa gəlib çatdı)
Bu yazını qələmə alanda qarşıma belə bir məqsəd qoymuşdum ki, söhbət Şirindil Alışanlının altmış illiyindən gedəcək. Mən onunla bağlı düşündüklərimdən söz açacağam. Ən azı qırx illik dostluğumuzdan fraqmentlər canlandıracağam. Ancaq Şirindildən danışanda onun ciddi ədəbiyyatşünas-tənqidçi-nəşriyyat direktoru-şöbə müdiri obrazı gəlib durdu gözlərimin qarşısında.
Şirindil Hüseyn Arifin poeziyasının heyranlarından biridir. Hüseyn Arifin “Yaş altmışdır” adlı bir şeiri var və mən heç bir tərəddüd eləmədən həmin şeirdən bir bəndi qoyuram Şirindil Alışanlının ovcunun içinə :
Uşaqlıq quş kimi uçdu əlimdən,
Cavanlıq car çəkib,
köçdü elimdən,
Nə deyim, nə yazım
öz taleyimdən,
Bu nə qovhaqovdu,
bu nə qaçışdır,
Saçlara baxıram,
hanı o saçlar?
İllərə baxıram,
Yaş altmışdır.
Bu misralardan sonra birdən-birə keçən əsrin yetmişinci illərini xatırladım. “Ədəbiyyat və incəsənət” qəzetində Şirindilin poeziyada tanınmış, kifayət qədər çap və təbliğ olunan iki şairin şeir kitabları haqqında tənqidi resenziyaları çap olunmuşdu və həmin resenziyalar ədəbi ictimaiyyətdə güclü əks-səda oyatmışdı. Çoxu bu məqalələrdən danışırdı. Belə cəsarətli məqalələrə görə onu tərifləyənlər də vardı, nə gizlədim, pisləyənlər, ardınca danışanlar da. Sizə də yaxşı məlumdur ki, mətbuatda belə sırf tənqidi yazılar çap olunanda həmin tənqidçinin yazılarına, bəlkə ondan da kəskin cavablar yazılır, amma Şirindilin məqalələri o qədər tutarlı və sərrast idi ki, tənqid olunan müəlliflər yaxud onların tərəfdarları belə bir “cəsarətdə” bulunmadılar.
Şirindil Alışanlının həm o dövrdə, həm də indiki məqalə və resenziyalarda onun daha çox poeziya tənqidçisi olduğu qənaətinə gəlirsən. Etiraf etmək lazımdır ki, Şirindil poeziyanı yaxşı duyur, onun meyl və tendensiyalarını, ayrı-ayrı şairlərin yaradıcılıq dünyasını, fərdi üslub və özünəməxsus deyim və duyum tərzlərini düzgün müəyyənləşdirir. Mən ayrı-ayrı şairlərin yaradıcılığı haqqında bir yazı yazmağa başlayanda mütləq Şirindilin həmin şairlər haqqında fikirlərinə də nəzər yetirirəm. Bəzən həmin fikirlərlə qeydsiz-şərtsiz razılaşmalı oluram, bəzən isə razılaşmıram. Deyirəm ki, bu, onun fikridir, hörmətlə yanaşıram, amma razılaşmıram. Şirindil deyəndə ki: “Məmməd Araz gerçəkliyin ötəri hadisələri, bir anlıq sevinc və kədərindən doğan təəssüratları ilə kifayətlənmir, həyat təzahürlərinə daha çox romantik nəzər salır, bədii ümumiləşdirmələr axtarır. Təbiət, sevgi, intim aləm, ailə-məişət qayğıları belə məqamlarda onun şeirlərində məzmunlu sonluqla yekunlaşdırılır. Onun şeirlərinin çoxunda hər bənd digərinin məntiqi davamını hazırlayır. M.Arazın şeirlərinə fikri-hissi tamlıq xasdır” - təbii ki, bu mülahizələr M.Araz poeziyasını şərh eləmək üçün hər hansı tədqiqatçıya istiqamət verə bilər. Yaxud, onun çox sevdiyi iki şairin - Hüseyn Arifin və Məmməd İsmayılın yaradıcılığına həsr etdiyi məqalələri götürək. Bu iki şair haqqında, onların özünəməxsus yaradıcılığı barədə çoz yazıblar, amma Şirindilin yazılarında həm Hüseyn Arifin, həm də Məmməd İsmayılın poeziyasına dəqiq, tənqidi fikrin sanki ümumiləşmiş mövqeyi hiss olunur. H.Arifdən kim yazırsa, onu səmimi və təbii şair adlandırır. Şirindil Alışanlı isə sanki bu fikirlərə elmi rəng qatır: “Ənənəyə bağlılığın səciyyəvi, əsas cizgiləri H.Arif poeziyasının bədii ifadəsində daha ahəngdar hiss olunur. Sadəlik, səmimilik, təbiilik və rəvanlıq kimi bədii keyfiyyətlərlə bağlı olduğu ədəbi ənənədən süzülüb gələrək şair üçün bir növ “yaradıcılıq instinktinə” çevrilmişdir.
Çox yaxşı xatırlayıram ki, 1983-cü ildə mən - “Azərbaycan” jurnalının tənqid şöbəsinin müdiri kimi Şirindilə müasir uşaq şeiri barədə bir məqalə yazmağı təklif etdim. Bu təklif onun ürəyincə oldu və həmin il jurnalın iyul sayında Ş.Alışanlının “Əyanilik və konkretlik” (Müasir uşaq şeiri haqqında qeydlər) məqaləsi çap olundu. Uşaq ədəbiyyatı həmişə bizim ədəbi prosesin yaralı yeri olub. Şirindil həmin məqaləsində yazırdı: “Son illər çap olunmuş uşaq şeirlərində kəmiyyət keyfiyyətlə müqayisədə üstünlük qazanır və “bədii materialın” bolluğu onun məzmun-forma, janr-üslub axtarışlarını müşahidə etməyə mane olur. Qəribədir ki, heç bir potensial imkanları olmayan bəzi müəlliflər də öz “istedadlarını” bu sahədə sınayırlar.Zahirən müasir baxımdan aktual, zəruri mövzularda şeirlər yazılır: təbiətin təsviri, humanist hisslərin təbliği, övlad qayğısı, dünyanı dərk etməyə ciddi maraq və s. Lakin bütün bu mövzuların müasir poetik səviyyədə ifadəsinə az şeirlərdə rast gəlirik. Mövzu özünün uğurlu poetik ifadəsini tapmırsa, onun “fövqəladə aktuallığı” belə heç bir əhəmiyyət kəsb etmir. Dərin hiss və səmimiyyətdən, təbii və xəlqi dildən məhrum şeir çətin ki, uşaq qəlbinə yol tapa”.
Burada bir məqamı da qeyd eləmək istəyirəm. Şirindil Alışanlı haqqında söz açdığı, yaradıcılığına müraciət etdiyi hər bir şairin poeziyasındakı şah damarı tutmağa çalışır və deyim ki, əksər hallarda buna nail olur. Məsələn, S.Vurğun ədəbi məktəbinin nümayəndəsi sayılan Adil Babayev haqqında onun fikir və mülahizələri maraqlıdır. “Gerçəkliyin müxtəlif tərəflərinə poetik müdaxilədə onun rəhbər tutduğu əsas bədii-estetik prinsip öz həmsöhbətinin qəlbinə işıqlı, nikbin fikirlər, hisslər aşılamaq idi”-bu cümlə Adil Babayevin poeziyasının əsas axarını müəyyənləşdirməyə yardımçı olur. Doğrudan da, Adil Babayevin şeir yaradıcılığı, xüsusilə sonetləri oxucuda belə bir təsəvvür yaradır ki,bu şair ancaq zərif və işıqlı hissləri tərənnüm etmiş, kədərdən, qəmdən yazanda da o hissləri tərk etməmişdir.
Ədəbi tənqidin nisbətən az diqqət yetirdiyi, son zamanlar isə demək olar ki, unutduğu bir mövzuya da Ş.Alışanlı neçə il öncə müraciət etmiş, “Poema: janrın poetik sərhədləri” adlı geniş məqaləsində bir tənqidçi kimi vaxtında münasibətini bildirmişdir. Bu məqaləni də keçmişin məqaləsi hesab etmək və orada qaldırılan məsələlərin artıq köhnəldiyini elan etmək qətiyyən doğru olmazdı. Bu yazıda Ş.Alışanlı bir neçə missiyanı üzərinə götürür: Birincisi; Azərbaycan poeziyasında uzun əsrlik bir zaman müddətində bu janrın keçdiyi inkişaf yollarını nəzərdən keçirir, POEMA ƏNƏNƏSİNİN yarandığını misallarla sübut edir. İkincisi; məqalənin yazıldığı illərdə Ümumittifaq mətbuatında poema janrı ilə bağlı diskussiyalara münasibətini bildirir. Üçüncüsü; müasir poemalarda diqqəti cəlb edən keyfiyyət dəyişikliklərindən söz açır. Dördüncüsü: müasir Azərbaycan poemasını səciyyələndirən cəhətlər üzərində dayanır, bu sahədə uğurlu nümunələrin yarandığını qeyd etməklə yanaşı, müəyyən qüsurları da nəzərə çatdırır.Yeri gəlmişkən qeyd edim ki, bu məqalə ilə bağlı müəyyən mülahizələr unudulmaz Xalq şairi Rəsul Rzanı xeyli qane etmişdi. “Bir görüşün tarixçəsi” məqaləsində R.Rza ilə görüşdən alınan təəssürat ifadə edilmişdir.
Şirindil Alışanlının maraq dairəsi təkcə poeziya ilə məhdudlaşmır. O, müasir ədəbiyyatın hər sahəsindən (nəsrdən, dramaturgiyadan, publisistikadan) və problemlərindən (“Milli tarixi ənənələr və müasir ədəbiyyatda şəxsiyyət problemi”, “XX əsr Azərbaycan ədəbiyyatı: Tarixi dövrləşdirmənin nəzəri-metodoloji aspektləri”, “XX əsr poeziyasının müasir dərkində “Ədəbi mif” amili” və s.) eyni ilhamla yazır. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığından söz açan “Ötən əsrin bədii salnaməsi”, Elçin nəsrinin poetikasından danışan “Xalqa və sənətə məhəbbətlə”, Sabir Əhmədlinin “Gedənlərin qayıtmağı” romanı ilə bağlı məqalələri, həmçinin görkəmli tənqidçi K.Talıbzadənin ömür yolundan söz açan “Sönməz ocağın odu” portret yazısı tənqidlə publisistikanın vəhdətindən yaranıb. Publisistika ilə tənqidin belə qovuşuğu Şirindilin yazılarına bir şirinlik gətirir.
Yazının əvvəlində qeyd etdim ki, Ş.Alışanlı elmi-nəzəri səviyyəsi ilə seçilən tənqidçilərdəndir.Təbii ki, bu, adının qarşısında “tənqidçi” yazılan hər bir qələm sahibinə məxsus olan ən zəruri bir keyfiyyət olmalıdır. Ancaq bəzi hallarda bunun əksini görürük.Nəzəri biliklə silahlanmayan bir tənqidçi, bir də görürsən ki,müasir lirikanın ya da roman canrının “taleyini” həll edir. Yaxud hekayə canrının spesifik xüsusiyyətlərinə bələd olmayan başqa bir tənqidçi bu mövzuda az qala “professional” nəzəriyyəçi kimi söz demək istəyir. Təbii ki, onların nəzəri biliyə əsaslanmayan fikir və mülahizələri “əsası yox divar” kimidir. Şirindilin məqalələrində Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri ədəbi-nəzəri fikrin işığında izlənilir, çünki “Elmin tarixi yoxsa, nəzəriyyəsi də yoxdur, amma elmin nəzəriyyəsi olmazsa, onun tarixini xəyala belə gətirmək olmaz!” (N.Q.Çernışevski). Ş.Alışanlı çox doğru olaraq qeyd edir ki, humanitar fikrin tarixi dövrləşdirilməsində ən dəqiq meyarlar olmalıdır,ancaq uzun müddət ədəbi prosesin immanent qanunauyğunluqları nəzərə alınmamış, humanitar təfəkkürdə marksist dünyagörüşü və ictimai-siyasi amillər rol oynamışdır. Elə bu səbəbdən də, XX əsr ədəbiyyatını qiymətləndirməyin metodoloji problemləri düzgün müəyyənləşdirilməmişdir.
Ş.Alışanlı uzun illərdir bədii yaradıcılığın metodu probleminin tədqidilə məşğuldur. Onun fikrincə, sovet dövrü sənətkarlarının yaradıcılıq metodu məsələsinə yenidən qayıtmaq lazımdır. Məsələn, rus tədqiqatçısı Ovçarenko S.Vurğunun yaradıcılıq metodunun romantika olduğunu israr etmişdir. Ş.Alışanlı da bu mövqeyi müdafiə edir və yazır ki, S.Vurğun qəhrəmanlarının poetik üslubunun strukturu, bədii intonasiyanın ahəngim, bədii ümumiləşdirmə və tipikləşdirmənin səciyyəsi onun sənətini romantik ədəbiyyat kimi dəyərləndirməyə imkan verir. Müəllif doğru olaraq qeyd edir ki, S.Vurğunun yaradıcılıq metodu konsepsiyası əsasən həyatın romantik inikası məsələlərini əhatə edirdi. Biz də bu məsələdə Ş.Alışanlının mövqeyi ilə razılaşırıq. Qeyd edək ki, S.Vurğunun özünün məqalələrində də bu məsələyə aydın bir münasibət hiss edilir. O, deyəndə ki, “Xalq qəhrəmanları obrazlarının, fiziki və zehni əmək adamlarının obrazlarının bədii ümumiləşdirilməsi nöqteyi-nəzərindən biz hələlik Nizami səviyyəsinə yüksələ bilməmişik”-heç şübhəsiz,ədəbiyyatda romantikanın zəruriliyini təsdiq etmiş olurdu. S.Vurğunun romantik şeir haqqında fikir və mülahizələri Sovet yazıçılarının II Ümumittifaq qurultayındakı məruzəsində tam və dolğun şəkildə ifadə olundu.
... Çox şadam və sevinirəm ki, keçən ilin dekabrında dostum Şirindil Alışanlı - filologiya elmlər doktoru zirvəsini fəth etdi... Şirindil “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda doktorluq dissertasiyasını ədəbi-elmi ictimaiyyətin gözü qabağında müdafiə etdi. Belə bir həqiqəti sübut elədi ki, elmi ad-titul əvvəl yox, sonra da gələ bilər. Əsl hünər ondadır ki, o rəsmi zirvəyə qədər sən öz zirvəni fəth edəsən.