Deyir, mənə elə ziyan yetir ki, içindən xeyir çıxsın. Koronavirus infeksiyası dünyanı silkələyər-silkələməz ölkəmizdə qabaqlayıcı tədbirlər görülməyə başladı.
Təbii ki, sosial izolyasiya tədbirləri nəticəsində bir çox idarə, təşkilat və müəssisələrdə iş prosesi də dayandırıldı. Doğrudur, fəaliyyətin dayandırılması istənilən işin axsamasına, ləngiməsinə gətirib çıxarır. Lakin qısa zamanda müəssisələr öz işini virtual olaraq davam etdirməyə başladı. İlk başdan çətin olsa da, tezliklə insanlar buna alışdılar. Artıq müəllimlər öz şagirdləri ilə asanlıqla onlayn dərslər keçir, rəhbərliklər virtual iclaslar, konfranslar təşkil edir, tapşırıq və tövsiyələrini rahat şəkildə əməkdaşlara çatdırırlar. Vaxt baxımından övladının dərslərində dinləyici kimi iştirak edə bilməyən valideynlər indi evdə rahat şəkildə dərsləri izləyir və nəticə etibarı ilə müəllimin də, övladının da gücünə bələd olurlar. Virtual fəaliyyətin mənəvi qazancını isə, mən deyərdim ki, daha çox mədəniyyət sahəsində çalışanlar əldə etdi. Musiqi məktəblərində keçirilən onlayn dərslər sosial şəbəkədə yayımlandıqca izləyicilər yeni-yeni istedadlı müəllim və şagirdləri dinlədilər. Rəsm əsərlərinin, müxtəlif texnika ilə hazırlanmış əl işlərinin nümayiş etdirilməsi sayəsində gözdən uzaqda qalmış rəssamlar, qabiliyyətli sənətkarlar üzə çıxdı. Aktyorluq, bədii qiraət, toxuculuq, xalçaçılıq üzrə neçə-neçə istedadlı və bacarıqlı insanların fəaliyyətini işıqlandıran videoçarxlar onları daha yaxından tanımağa kömək etdi. Muzeylərdən təqdim olunan virtual ekskursiyalar, sərgilər, kitabxanaların sosial şəbəkələrdəki səhifələrindən izlədiyimiz ayrı-ayrı müəlliflər, onların yaradıcılığı haqqında məlumatlar, şeir, nağıl, hekayə qiraətləri böyüklü-kiçikli hər bir vətəndaşın asanlıqla öz ölkəsi, tarixi, tanınmış şəxsiyyətləri haqqında bilgi əldə etməsinə yardımçı oldu. Mən özüm yaşadığım Ağcabədidən və ətraf rayonlardan yalnız üzdə olan, tədbirlərdə tez-tez iştirak edən 20-30 nəfər musiqiçi tanıyırdımsa, bu gün sosial şəbəkədəki fəallıqları sayəsində bir çox ifaçıları, o cümlədən, incəsənətin digər növlərində uğurla addımlayan talantlı uşaq, yeniyetmə və gəncləri tanıdım. Heyrət etdim. "Açılmayan qanadların böyüklüyü bilinməz" atalar sözünə haqq qazandırdım. Musiqi sahəsində Azərbaycana Üzeyir Hacıbəyov, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Sabir Novruzov, Səfa Qəhrəmanov, Sahibə Əhmədova kimi məşhurları bəxş edən Ağcabədidə davamçıların yetişəcəyinə inamım artdı. Bu, təkcə istedadların tanınmasına kömək etmədi. Eyni zamanda, izləyicilər tərəfindən yazılan rəylər, xoş sözlər həmin insanlara stimul verdi. Bəlkə də məlum pandemiya təhlükəsi meydana çıxmasaydı, məsələn, hansısa gözəl səsli, təmiz nəfəsli bir qız musiqi məktəbinə sadəcə, bir həvəs olaraq gedəcək, orta məktəbi bitirib dərhal ailə qurmağı, yaxud böyüklərin diktəsi ilə qadına münasib sayılan bir peşəyə, sənətə yiyələnməyi daha üstün tutacaqdısa, bu gün sosial şəbəkədə izləyicilərin rəyi, xoş münasibəti, musiqiçilərin fikirləri onu öz istedadına daha çox inandırır, özünə güvənini artırır. Nəticədə o səs mətbəxdə qab yuyarkən özü üçün zümzümə etməyə yox, bir xalqın mənəvi sərvətinə çevrilməyə iddialı olur. Bu gün sosial şəbəkələrdə daha çox #evdəqalevdəyarat, #şeirdepozitivol həştəqləri ilə edilən paylaşımlar tanıdığımız insanların bilmədiyimiz bacarıqlarını görməyə imkan yaratdı. Onların bir zamanlar müəyyən səbəblərdən içində boğub öldürmək istədiyi, amma qıymayıb sadəcə, yarımcan etdiyi istedadlarını yenidən sığallayıb-tumarlayıb izləyicilərə təqdim etmək həvəsinin səbəbkarı da deyərdim ki, məhz "Evdə qal, evdə yarat!" çağırışları oldu. Bir sözlə, mədəniyyət sahəsində çalışanlar karantin dövründə insanlara pozitiv əhval-ruhiyyə bəxş etməyə çalışır, sosial şəbəkədə canlı yayımla musiqi ifaları təqdim edərək öz məharətlərini göstərməklə yanaşı, insanları neqativ düşüncələrdən uzaqlaşdırır, bu ağır dönəmdə bütün bacarıqları ilə onların diqqətini ruh yüksəkliyi yaradan istiqamətə yönəldirlər. AzTV-nin həyata keçirdiyi və böyük marağa səbəb olan "Eyvana çıx!" layihəsinə artıq musiqi məktəbləri də dəstək olur, gözəl ifalarla eyvanlardan sakinlərə xoş əhval-ruhiyyə bəxş edirlər.
Demək olar ki, bugünkü virtual fəaliyyət mədəniyyət sahəsində tanımaq, tanınmaq və tanıtmaq dövrü kimi yadda qalacaq. Belə bir deyim də var: "Gülün tikanı var deyib kədərlənməkdənsə, tikanın gülü var deyib sevinmək lazımdır". İnanıram ki, biz həm dövlətimizin bu xəstəliyə qarşı həyata keçirdiyi tədbirlər sayəsində, həm də pozitiv əhval-ruhiyyəmizlə çətin sınaqdan qalib çıxacağıq. Və arzu edirəm ki, korona dövründən bizə qalanlar yalnız bu müddətdə tanıdığımız istedadlar, xoş xatirələr olsun!