"Hər il dünyada yeni peşələr yaranır, eyni zamanda hansısa peşələrə ehtiyac azalır. Bu baxımdan Azərbaycanda da ixtisas təsnifatının yeniləşdirilməsi istiqamətində addımlar atılacaq. Peşə məktəblərini bitirən məzunların işlə təminatı məsələsində yeniliklər tətbiq olunacaq". Bu sözləri jurnalistlərlə söhbətində Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib. O bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən əmək qanunvericiliyinə müvafiq düzəlişlərin həyata keçirilməsi ilə əlaqədar olaraq təkliflər paketi hazırlanır və bunlar hazır olduqdan sonra hökumətə təqdim ediləcək. Nazirlik rəsmisi qeyd edib ki, bu proseslərə sosial partnyorlar daha çox cəlb ediləcək: "Çünki bizim fikrimizcə, işəgötürən təşkilatlar kadr hazırlığı prosesinin mərkəzində olsalar, daha yaxşı nəticə əldə olunar. Bununla tərəfdaşlar öz ehtiyaclarını daha asan şəkildə müəyyən etmək imkanı əldə edəcəklər. Biz çalışacağıq ki, bu yolla peşə təhsili müəssisəsini bitirənlərin işlə təmin edilməsini gücləndirək".
N. Məmmədov qeyd edib ki, peşə təhsili müəssisələrinin nəzdində qısamüddətli kurslar yaradılacaq. Onun sözlərinə görə, bu kurslar vasitəsilə qısa müddət ərzində iş tapmaq istəyən, işləməyən vətəndaşların işlə təmin olunması mümkün olacaq. Şöbə müdiri vurğulayıb ki, yeniliklər çərçivəsində məzunların işlə təmin olunması istiqamətində həm dövlət qurumları ilə birgə addımlar atılacaq, həm mövcud normativ hüquqi bazanın yeniləşdirilməsi aparılacaq, həm də işəgötürən təşkilatların bu işdə iştirakı sürətləndiriləcək.
Gələn ildən başlayaraq Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müasir peşə məktəblərinin yaradılması istiqamətində sosial partnyorların peşə hazırlığına cəlb edilməsi, şəbəkənin optimallaşdırılması istiqamətində işlər görüləcək. N.Məmmədov deyib ki, beynəlxalq və yerli təşkilatlar, iri maliyyə strukturlarının prosesə cəlb olunaraq nəinki Azərbaycanda, hətta regionda yeni müasir tipli peşə təhsili kompleksləri yaradılacaq. Onun sözlərinə görə, yeni tikiləcək komplekslər nəqliyyat, tikinti, İKT, sənaye avadanlıqları üzrə ixtisaslaşmış müəssisələr olacaq. N.Məmmədov qeyd edib ki, bu müəssisələr baza rolunu oynayacaq və gələcəkdə Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi üçün kadr probleminin həll edilməsi istiqamətində imkanlar yaradacaq.
Növbəti ildən iki peşə təhsili müəssisəsinin sıfırdan yaradılmasının nəzərdə tutulduğunu deyən şöbə müdiri bildirib ki, bu müəssisələrdə müasir avadanlıqlar yerləşdiriləcək: "Müəssisələrdə məzmunun təkmilləşdirilməsi ilə yanaşı, xaricdən mütəxəssislər dəvət olunması nəzərdə tutulur. Çünki xaricdən mütəxəssislərin dəvət olunması ondan ibarətdir ki, bizim hazırladığımız mütəxəssislər nəinki yerli bazara, dünya əmək bazarına da uyğunlaşsınlar. Bu prosesdə beynəlxalq partnyorlardan da istifadə etməliyik".
O bildirib ki, Avropa Birliyinin araşdırmalarına əsasən, 2020-ci ilədək Avropa əmək bazarında sadə peşələr üzrə hazırlanan kadrlara tələbat 5 faiz azalacaq. N. Məmmədovun sözlərinə görə, bu göstərici 34 faizdən 29 faizə düşəcək. Mürəkkəb peşələr üzrə kadr hazırlığına tələbat isə 5-7 faiz artacaq: "Bu, faiz baxımından kiçik görünsə də, böyük rəqəmləri əhatə edir. Belə ki, 2020-ci ilə kimi mürəkkəb peşələr üzrə 35-40 milyon iş yeri açılacağı təqdirdə, 30 milyona yaxın sadə peşələr üzrə iş yerləri bağlanacaq".
Peşə məktəblərinin imicinin qaldırılması məsələsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, onlara marağın artması üçün ilk növbədə maddi-texniki baza təkmilləşməli, məzmun yeniləşməlidir. İlk növbədə biz yalnız sadə peşələr üzrə kadr hazırlanması ilə məşğul olmayacağıq. Biz bundan sonra daha mürəkkəb peşələr, nəqliyyatın daha müasir sahələri, yaşıl texnologiya, alternativ enerji, İKT sahələri üzrə kadrlar hazırlanacaq. Çünki mövcud tendensiya ondan ibarətdir ki, sadə peşələrin sayı azalmaqdadır. Artıq müəyyən texnoloji prosesləri yerinə yetirən insan robotla əvəzlənir. Yüksək təfəkkürlü, təşəbbüskarlıq qabiliyyəti yüksək olan insanlara ehtiyac yaranır.
Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Cəsarət Valehov öz çıxışında bildirib ki, gələn il Azərbaycan Peşəkarlar layihəsi çərçivəsində və Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan yeni peşə mərkəzləri yaradılacaq. Bakıda 6 saylı peşə məktəbinin nəqliyyat sektoru və Qəbələdə aqrar sahə üzrə yeni peşə məktəbinin yenidən fəaliyyətə başlaması nəzərdə tutulur. Eyni zamanda son 30-40 il ərzində ilk dəfə olaraq region peşə məktəbləri üçün Təhsil Nazirliyi 10 ədəd kombayn, traktor və müxtəlif kənd təsərrüfatı texnikası alacaq. Həmin texnikalar peşə məktəbində təhsil alan şagirdlərin istifadəsinə veriləcək. Şagirdlər praktiki vərdişlərə yiyələnəcək və ən yeni texnikalar ilə təmasda olacaqlar.
Vəfa MƏMMƏDLİ