Millət vəkili, dr. Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB R. Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Şeir Axşamı”nda bölgələrdən gəlmiş (yaşı 30-dək olan) gənc şairlər arasında münsiflər heyətinin müəyyənləşdirdiyi 1, 2 və 3 yerin sahiblərinin kitablarını onlara hədiyyə olaraq çap edəcək.
Bunu millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva DGTYB-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihəsi çərçivəsində, Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Şeir Axşamı”nda qaliblərin mükafatlandırılması zamanı çıxışında deyib.
1-ci yerin qalibi Tapdıq Türksoya Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından xüsusi mükafatı təqdim edən Qənirə Paşayeva bu tədbiri çox əhəmiyyətli adlandırıb və Dünya Gənc Türk Yazarlar Birliyinə təşəkkür edərək bölgələrdə istedadlı yazar və şairlərin üzə çıxarılması və onlara dəstək istiqamətində bu cür layihələrin əhəmiyyətli olduğunu deyib.
"Bu gün burada çox istedadlı gəncləri dinlədik, onların hamısını təbrik edirəm. İlk 3 yerin qalibinin şer kitablarını təşkilatımız olaraq biz çap edərək onlara dəstək göstərməyə hazırıq. Bundan başqa mənə xoş gələn gənc şair qızlarımız oldu. Məndən inciməsinlər, amma bu gün qızlarımız oğlanlardan da yaxşı şeirlərlə çıxış etdilər və bu məni sevindirdi. Ədəbiyyatımızda, poeziyamızda istedadlı gənc qızların, qadınların sayının çoxlaması çox gözəl olardı".
Sonra bütün gənc şair qızları səhnəyə dəvət edən millət vəkili Qənirə Paşayeva onları xüsusi təbrik edərək uğurlar diləyib və rəhbərlik etdiyi təşkilatın hər zaman onlara dəstək göstərməyə hazır olduğunu deyib.
Bütün iştirakçıları səhnəyə dəvət edərək təbrik edən millət vəkili Qənirə Paşayeva "bu gecə poeziyamız, ədəbiyyatımız üçün əlamətdar bir gün oldu və mən inanıram ki, bu gün ilk dəfə səhnəyə çıxıb həyəcanla şeirlərini oxuyan bu gənclər arasından çox istedadlı şairlər çıxacaq."
Qeyd edək ki, “Münsifər heyəti”nə Rəşad Məcid (AYB Gənclər katibi, “525-ci qəzet”in baş redaktoru), İbrahim İlyaslı (Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru), Dəyanət Osmanlı (Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “TürkBirİnfo” İB başqanı), prof.dr.Rüstəm Kamal (BSU Yaradıcılıq fakültəsinin dekanı), Qulu Ağsəs (“Ulduz” dərgisinin baş redaktor müavini), Ramiz Qusarçaylı (Qubadakı “Ay işığı” Ədəbi Məclisinin başçısı), İlqar İlkin (“Birlik” dərgisinin baş redaktoru, DGTYB Təsisçilər Şurasının üzvü) daxil idilər.
Onların qərarı əsasında 1-ci yerin qalibi Tapdıq Türksoy (Bərdə rayonu), 2-ci yerin qalibi Arzu Hüseyn (Qubadlı rayonu), 3- cü yerin qalibi Taleh Mansur (Qazax rayonu) oldular.