|
|
|
|
10 dekabr 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90- illiyi ilə əlaqədar "Milli Mədəniyyətin inkişafında ADMİU-nun prioritet mövqeyi" mövzusunda konfrans keçirilib. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01.03. 2013-cü il tarixli sərəncamı ilə bu il dekabrın 19-da ADMİU-nun 90 illik yubileyi təntənə ilə qeyd olunacaq. Sərəncamdan irəli gələrək ötən müddət ərzində bir sıra elmi-nəzəri və yaradıcılıq tədbirləri baş tutub. Dünən keçirilən elmi-nəzəri konfrans bir növ bu tədbirlərin yubiley ərəfəsi yekunu idi.
Konfransı giriş sözü ilə Universitetin rektoru, professor Timuçin Əfəndiyev açıb. O, Prezident İlham Əliyevin verdiyi sərəncamın böyük mədəni-tarixi əhəmiyyətini qeyd edib, bu sənədin ADMİU-nun gələcək fəaliyyəti üçün yeni istiqamət açdığını vurğulayıb.
Timuçin Əfəndiyev sonra ADMİU-nun yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən, burada işləmiş böyük alimlərin və dünya şöhrətli sənətkarların mədəniyyətimizin inkişafındakı tarixi rolundan bəhs edib.
Plenar iclasda prorektor Rafiq Sadıqov "ADMİU-nun inkişaf tarixi" mövzusunda məruzə ilə çıxış edib. Professorlar Aqşin Babayev, Məryəm Əlizadə və başqaları çıxışlarında ADMİU-nun müasir qloballaşan dünyadakı beynəlxalq rolunu yüksək qiymətləndiriblər.
Konfransda "Nəzəri təhsil: intellekt və təcrübə", "Bədii təhsildə istedad meyarı", "Musiqi təhsilində yaradıcılıq ənənələri və müasirlik", "Milli rəssamlığın estetik problemləri və tədris istiqamətləri" kimi seksiyalar üzrə böyük elmi-mədəni əhəmiyyəti olan maraqlı məruzələr dinlənilib, geniş müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan bədii təhsilinin və milli mədəniyyətimizin dünyaya inteqrasiyası ilə bağlı problemlərdən danışılıb.
Məhəbbət HACIYEVA