Səudiyyə Ərəbistanı Krallığında olduğumuz günlərdə, keçirilən bütün görüşlərdə yuxarıda qeyd etdiyim kimi, ölkə rəsmiləri Azərbaycanla bütün sahələrdə əməkdaşlığa üstünlük verdiklərini vurğulayırdılar. Görüşlərdə o da diqqətə çatdırıldı ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri, səfər çərçivəsində İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd bin Əbdüləziz Al Saudla, eləcə də, digər rəsmilərlə keçirdiyi görüşlər əlaqələrimizin inkişafına təkan vermiş, bugünki əməkdaşlığın təməli qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində dövlət rəsmiləri ilə keçirdiyi mühüm görüşlər və imzalanan sənədlər iki ölkə arasında siyasi, iqtisadi əlaqələri daha da möhkəmləndirmişdir. O da vurğulandı ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərcivəsində sıx əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir və işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edirlər.
Bir faktı da qeyd edək ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında indiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-dan çox sənəd imzalanıb, ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. Azərbaycanda fəaliyyət göstərən 6 Səudiyyə Ərəbistanı kapitallı şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Bununla belə, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var.
Yeri gəlmişkən, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Xalq qəzeti"nin yazarı İttifaq Mirzəbəyli bildirdilər ki, Azərbaycan Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyi yüksək qiymətləndirir.
Səudiyyə Ərəbistanının əhalisi 30 milyonu ötüb, onlardan 10 milyona yaxını miqrantlardır
Bu gün rəsmi məlumatlara görə, Səudiyyə Ərəbistanında əhalinin sayı 30 milyonu ötüb. Qeyri-rəsmi məlumatlara görə isə, əhali sayı daha çoxdur. Onlardan 10 milyona yaxını müxtəlif ölkələrdən gələn miqrantlardır. Qaldığımız hotellərdə də xidmət sahəsində çalışanlardan əksəriyyəti miqrantlardandır. Ofisiant kimi çalışan bir misirlidən aldığı əmək haqqını soruşuram. Tam olaraq deməsə də, bildirir ki, yeddi ildir Əl Riyad da yaşayır, burada ailə qurub, çox yaxşı yaşayır. Hətta aylıq əmək haqqından Misirdəki ailə üzvlərinə də göndərir.
Onu da qeyd edim ki, əhalinin 99%-ni ərəblər təşkil edir. Əhalisi Məhəmməd peyğəmbər ərəb qəbilələrini 622-ci ildə birləşdirdikdən sonra formalaşıb. Tarix ərəblərin qədim xalqlardan olduğunu təsdiqləyir. Heredotun "Tarix" əsərində ərəb qəbilələri haqqında məlumat verilib. Çox sürətli iqtisadi artım nəticəsində şəhər əhalisinin sayı getdikcə artır. Əhalinin çox hissəsi vahələrdə və şəhərlərdə cəmlənib. Qırmızı dənizin və Fars körfəzinin sahilində rayonlar çox sıx məskunlaşıb, eyni zamanda, Ər-Riyadda və əsas neft istehsalı rayonlarında da əhali sıx olur.
Yuxarıda qeyd etdiyim kimi, bu ölkədə qeyri-müsəlmanlar azdır. Ciddə şəhərində kiçik qruplar şəklində iudaistlər, pravoslavlar - yunanlar, protestantlar - amerikanlar və ingilislər və katoliklər -italyanlar və başqaları yaşayırlar. Hətta Səudiyyə Ərəbistanında yaşayıb, işləyən soydaşlarımıza da rast gəldik. Bu barədə bir qədər sonra...
Üç qitəyə gedən yolları qovuşduran və okeana birbaşa çıxışı olan ölkə...
Ərəbistan yarımadasında yerləşən və üç qitəyə - Avropa, Asiya, Afrikaya gedən yolları qovuşduran, okeana birbaşa çıxışı olan Səudiyyə Ərəbistanını belə adlandırırlar. İqtisadi, coğrafi mövqeyinə görə, olduqca əlverişlı yerdə yerləşən ölkə zəngin neft yataqlarına, ehtiyatlarına görə də dünyada birincidir.
Ərəbistan ərəb ölkələri (İsrail istisna olmaqla) ilə həmsərhəddir. Şimaldan İraq, Küveyt, İordaniya, İsrail, cənubdan Yəmən, Oman, cənubi-şərqdən BƏƏ, qərbdən isə yalnız Misir ilə həmsərhəddir. Sərhədlərin ümumi ölçüsü 4431 kilometrdir. Səudiyyə Ərəbistanın qərbində yerləşən Qırmızı dəniz vasitəsilə ölkə Cibuti, Sudan, Eritreya, ilə həmsərhəddir. Dənizin ən böyük hissəsi Səudiyyə Ərəbistanına düşür. Ölkənin şərqində Fars körfəzi yerləşir. Körfəz vasitəsilə onlar İran və Bəhreynlə həmsərhəddir. Ərəblər buradan hər il minlərlə ton neft çıxardırlar. Qərbdə, Qırmızı dənizin sahilinə paralel Hicaz dağları uzanır. Asir dağlarında relyef dağlıq zirvələrindən böyük vadilərə qədər dəyişir. Şimalda, İordaniya ilə sərhəd boyunca səhra yerləşir. Ölkənin şimal və mərkəzi hissəsində ən böyük qumlu səhralar yerləşir.
Səudiyyə Ərəbistanında 10 Qoruq Ərazisi var, bu da ölkənin təxminən 3 faiz sahəsini tutur. 1980-ci illərin ortalarında hökumət Asir Milli parkı təşkil edib, burada vəhşi heyvanların yox olmaqda olan növləri saxlanır.
Dünya şöhrətli ARAMKODA... Burada beş nəfər azərbaycanlı çalışır
Təkcə bir faktı qeyd edim ki, Beynəlxalq Enerji Agentliyinin son hesabatında neft sektorunda qarşıdakı 10 ildə balansın dəyişəcəyinə işarə etməsi, ən böyük neft şirkətlərini ağıllara gətirib. Forbes jurnalı enerji sektorunda ən hörmətli araşdırmalara imza atan "WoodMackenzie" şirkətinin məlumatlarına əsasən ən böyük neft şirkətlərini sıralayıb. Sıralamada şirkətlərin 10 il əvvəlki istehsal həcmləri də qeyd olunub. Qısası ən böyük şirkətlər sırasında lider Səudiyyə Ərəbistanının ARAMKO şirkətidir.
Səudiyyə Ərəbistanı şirkətinin 2013-cü ildə gündəlik istehsalı 12,7 milyon barel təşkil edib. 2003-cü ildə bu göstərici 9,9 milyon barel idi.
Ötən əsrin 30-cu illərinin sonunda təşkil olunan ARAMKO adlı beynəlxalq neft şirkətində bu gün dünyanın müxtəlif ölkələrindən olan peşəkar mütəxəssislər çalışır. Səudiyyə Ərəbistanı II Dünya müharibəsində bitərəfliyini saxlayır. İkinci Dünya müharibəsindən sonra Səudiyyə Ərəbistanının daxili və xarici siyasəti neft amili ilə müəyyən olunurdu. Bir neçə il ərzində Krallıq duru yanacaq ixrac edən qüdrətli dövlətə çevrildi. Hələ müharibə illərində regiona maraq göstərən ABŞ, müharibədən sonra da, Səudiyyə Ərəbistanı ilə işgüzar əlaqələri genişləndirdi. O, ölkənin mühüm strateji əhəmiyyətli rayonu olan Dahranda hərbi-hava bazası inşa etmiş, Böyük Britaniyanın müqavimətinə baxmayaraq, 1950-ci ildə uzunluğu
Nəhəng ARAMKO şirkətində olarkən burada çalışan əməkdaşın ərəb dilindən rus dilinə çox aydın tələffüzlə tərcümə etməsini görüb, onun azərbaycanlı olduğu qənaətinə gəldim. Azərbaycan dilində "Bir daha xoş gəlmisiniz" deyəndə fikrimdə yanılmadığımın şahidi oldum. Həm də belə bir şirkətdə soydaşımızın məsul vəzifə tutmasından sevindim. Sonra daha dörd soydaşımızla tanış olduq. Onlar burada Azərbaycanı layiqincə təmsil edirlər. Onu da öyrəndik ki, Səudiyyə Ərəbistanının səhiyyə sistemində də Azərbaycandan gələn həkimlər işləyir. Ümumiyyətlə, dost ölkə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bənzərliklər çoxdur. Bütün bunları sadəcə, Səudiyyə Ərəbistanında olub, görmək lazımdır.
Ağanisə SULTANOVA
Bakı-Əl Riyad-Ciddə-Məkkə-Əl Riyad-Bakı,
Xüsusi olaraq "525-ci qəzet" üçün