Noyabrın 17-də görkəmli yazıçı-jurnalist Əli İldırımoğlunun 85 yaşı tamam olur. Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik.
(Əvvəli ötən şənbə sayımızda)
Loğman RƏŞİDZADƏ
Tale işidir. Belə gətirib ki, yazıçının uşaqlıq və gəncliyi uzun illər ermənilərlə ünsiyyətdə, başqa sözlə, qonşuluqda keçib. Ədibin ata yurdu Qubadlının Əliquluuşağı kəndi haqdanmı, nahaqdanmı erməni kəndlərinin qonşuluğunda yerləşib, anasının kəndi Həsənli isə erməni vandalları tərəfindən yandırılıb, yerlə-yeksan edilib. Həm əmin-amanlıq dönəmində, həm ara qarışanda müəllif ermənilərin əsl sifətini, iç üzünü yaxşı görüb. Sakitlikdə, əmin-amanlıqda quzu kimi davranan ən fağır erməninin ara qarışanda qızıl ilan kimi quyruğu üstdə necə durduğunun çox şahidi olub. Odur ki, kövrək uşaq yaddaşı getdikcə coşqun yazıçı təxəyyülünə çevrilərək bədii əsərlərdə təzahür etməyə başlayır. Əli İldırımoğlu bu əsərlərdə, həm də öz taleyini yazır, erməni vəhşiliyinə tuş gəlmiş, zərbələr almış taleyini.
Erməni vandalizmi onun şəxsi həyatında, qeyd etdiyimiz kimi, çox ağrılı-acılı izlər buraxıb. Qohum-əqrəbaları, yaxınları erməni terrorizminin qurbanı olub. Əmisi Əmrah yüzbaşı Zəngəzur dağlarını özünə səngər edərək erməni qəsbkarlarına qarşı uzun müddət vuruşub, zaman-zaman onların Qarabağa yollarını kəsib, ən nəhayət, qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Bu və ya digər faktlar yazıçının həyatında silinməz izlər qoyub və bədii tədqiqat obyektinə çevrilib.
Yazıçı nədən yazırsa-yazsın, əslində özünü, öz daxili dünyasını təqdim edir, müəyyən mənəvi-əxlaqi çabalardan söz açdıqca öz varlığını, estetik mövqeyini ortaya qoyur. Bu dolaylardan keçməyən ədəbiyyat oxucuya yad olduğu kimi, elə yazıçının özünü də isitmir. Mövzu yazıçının bətnində yaranmalı, ağrısından, sevinc və kədərindən formalaşmalıdır. Ədəbiyyat inanc və səmimiyyətdir. Bunu qorumaq üçün bütün məqamlarda yazıçı səmimi, təbii olmalıdır. Əli İldırımoğlu yaradıcılığı boyu özünü yazan, daim yaşantılarını, duyğu və düşüncələrini qələmə alan səmimi yazıçıdır. Hadisə və xarakterləri özündən keçirməyi bacaran ədib mövcud dünya çərçivəsində öz dünyasını yaxşı yarada bilir. Əsərləri sanki onun yaddaş və xatirələrinin yaşıdıdır. O cümlədən “Daş yağan gün” romanı...
Əsərlərin, ədəbi nümunələrin müəyyən yaranma texnologiyası olur. Yazıçı ilk növbədə müəyyən bir problemi - fəlsəfi, siyasi, ictimai, yaxud əxlaqi xətti önə çəkir. Deyək ki, konkret bir hadisənin, müharibənin, döyüş səhnəsinin, ailə-məişət münaqişəsinin, tarixi hadisənin özünü, zahiri görüntüsünü yox, onun içində, mahiyyətində, mayasında yaşayan problemi leytmotivə çevirir. Adamlar, onların həyatı, məişəti, bir-birinə münasibətləri, xarakterləri, predmet və əşyalar, təbiət təsvirləri problemin çözümündə ədəbi material rolu oynayır. Bəzi əsərlərdə fərqli olaraq problem hadisələrin içindən boy göstərir və sair... Formaların, hər biri, əslində ədəbi nümunə üçün məqbul qəlibdir. Əsas meyar bu qəlib çərçivəsində istedadla yazılmış bədii əsər təqdim etməkdir.
“Daş yağan gün” daha çox fəlsəfi-əxlaqi problem üzərində qurulmuş romandır. Bu fonda ədəbi qəlib kimi seçilən Nəcəfin taleyi işığında ədib məsələnin təkcə fəlsəfi-əxlaqi qaynaqlarını araşdırmır, eyni zamanda qneseoloji köklərinə qədər gedir. Əsərdə baş verən hadisələr, insan taleləri, təbiət təsvirləri, cəmiyyətin fərqli həsb-halı həmin məqsədə xidmət edir. Əslində problem erməni vəhşiliyinin, erməni vandalizminin, kökdən, genetikadan və pozulmuş əxlaqdan süzülüb gələn erməni millətçiliyinin ifşasıdır. Bu məqsədlə ədəbi qəlib kimi seçilmiş bir gəncin nakam taleyi bütün məsələlərə işıq salmaqda, problemə müxtəlif rakurslardan yanaşmaqda yazıçıya kömək edir, onun bədii-estetik manevr imkanlarını artırır. Əli müəllim problemin açılmasında şaxələnmiş süjetin bir məcraya yönəldilməsində daha çox insan talelərinə güvənir, onların fərdi cizgilərini, məişət gizlinlərini, həyat fəlsəfəsini, yaşam tərzini, sosial münasibətlərini bu istiqamətə yönəldərək toplum şəklində təqdim edir. Şübhəsiz, əsərdəki təbiət təsvirləri, etnoqrafik etüdlər, simvollar, yuxugörmələr, mistik təxəyyüllər də qarşıya qoyulan yazıçı amalının şərhində az rol oynamır. Bir sözlə, faktdan, hadisədən, həyat həqiqətlərindən tutmuş ədəbi-bədii vasitələrə qədər hər şey mobil bir ahəngdarlıqla problemin açılımına səfərbər edilir, sanki işıq bir nöqtəyə istiqamətləndirilir.
Ədəbiyyatın missiyası səmimiyyət və xeyirxahlıqdır. Ədəbiyyat humanizmdir. U.Folkner müsahibələrinin birində: “Sizə nə ad verməmişlər: naturalist, ənənəçi, simvolist və s. Maraqlıdır, bəs siz, öz fikrinizcə, hansı məktəbə mənsubsunuz?” - sualına, - “Mənsub olduğum və ya mənsub olmaq istədiyim məktəb humanistlər məktəbidir”- deyir. Səmimiyyətlə deyə bilərik ki, Əli İldırımoğlu da öz yazıçı məziyyətlərilə bu humanistlər nəslinin davamçılarındandır. Humanizm, xeyirxahlıq, canyananlıq və digər yüksək əxlaqi məziyyətlər onun əsərlərində ədəbi-estetik bir sistem kimi özünü göstərir. Bu estetik harmoniya onun hər bir əsərində özünəməxsus ahəngdə təzahür edir. “Daş yağan gün” əsəri bu mənada özünəxas ştrixlərlə zəngindir. Buradakı hadisələr və insan taleləri humanizm və əxlaqa tabe etdirilib, yazıçı himayəsinə bürünüb...
Əsər belə başlayır: “İlıq yaz axşamı. Bağlı-bağatlı kənd alma, gilənar, gilas çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə qayıdırdı. Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə ilə bulaq başına tələsirdi. Məscidlərin minarələrindən azan səsi gəlirdi. Möminlər axşam namazına hazırlaşırdılar. Güney məhəllədəki həyətlərin birində toy məclisi qurulmuşdu. Çal-çağır səsi kəndi başına götürmüşdü. Aşıqların sazı-sözü qəlbləri ehtizaza gətirirdi. Bir neçə saatdan sonra gəlin atlanıb təntənə ilə bəy evinə yola salınmalıydı. Bu əsnada ara vermədən atılan top mərmilərinin qulaqbatırıcı uğultusu kəndi təlatümə gətirdi. Təpədən dırnağa qədər silahlanmış ermənilər dörd bir tərəfdən qara qarışqa kimi kəndi mühasirəyə aldı... Toy yasa döndü. Top mərmiləri evlərin külünü göyə sovurdu. Güllü-çiçəkli bağ-bağçaların xoş rayihəsi yayılan həyət-bacaları barıt qoxusu bürüdü. Məscidlər, mədrəsələr yerlə-yeksan edildi. Qadınların məşum naləsi, uşaqların tükürpədici çığırtısı, mal-heyvanın mələrtisi, itlərin ulartısı ərşə qalxdı. Minlərlə insan bir gecənin içində ev-eşikli odlara qalandı. Kəsilən toy qoyunlarının qanı, insan qanına qarışıb, balaca-balaca yumru daşları diyirlədirdi”.
Əli müəllimin yaradıcılığına xas dəqiq, real, obrazlı təhkiyə... Sözlə çəkilən tablo... Sadəlikdə mürəkkəb bədii təxəyyül... Romana proloq təsiri bağışlayan bu giriş özlüyündə, sanki manifestdir. Əsərin bütöv ruhunu özündə yaşadan bu parça, insan qəlbini riqqətə gətirən bu təzadlı təsvirlər yazıçı ideya və məqsədinin bəyannaməsidir. Sanki göylə yer arasındasan, reallıqla məchulluğun sərhədlərindəsən. Xeyirlə Şərin çılğın, ehtiraslı mübarizəsinin içindəsən... Sevincin-xoşbəxtliyin, yaxud qanın-qadanın, bədbəxtliyin hardan başladığını, harda qurtardığını kəsdirə bilmirsən. Bəlkə onlar eləcə bir-birinin bətnində yetişir, bir-birini formalaşdırır?.. Bəlkə Xeyirlə Şər yaranışdan bir-birini izləyir, bir-birini şərtləndirir, biri digəri olmadan yaşaya bilmir? Maraqlıdır ki, bu ədəbi temp, bədii ritm, intonasiya bizi əsər boyu izləyir.
Əli İldırımoğlu humanizmi bu parçada bütün əlvanlığı ilə boy göstərir. Təsvirin dəqiqliyi, dilin şirinliyi, hadisələrin yaşatdığı həyəcan bu humanizmin təsir gücünü daha da artırır. Xoşbəxtlik, əmin-amanlıq və qan-qada, ölüm, qırğın... Bir tərəfdə adi, sadə və sakit həyatın səadəti, digər tərəfdə müharibənin, vəhşiliyin məşum faciəsi... Həyatın məntiqi budurmu?.. İnsan buna görəmi dünyaya gəlib?.. Gələcək bunun üstündəmi qurulub?.. Əli İldırımoğlu bir yazıçı kimi belə eybəcərliklərə üsyan edir, erməni vandalizminə, ümumiyyətlə, insanlığa edilən hər cür vəhşiliyə qarşı xeyirxahlığı, insanpərvərliyi, humanizmi qoyur...
Fakt və hadisələri, gündəlik, real yaşantıları bədii materiala çevirmək üçün yazıçılar müxtəlif ədəbi vasitələrə əl atırlar. Bədii əsər hər hansı bir müstəvidə qərar tutur, başqa sözlə, real faktla hansısa bir forma birləşərək bazis rolunu oynayır, ədəbiyyat onun üzərində qurulur. Müəyyən şərtilikləri nəzərə almaqla deyə bilərik ki, söz ədəbiyyatı da var, hadisə ədəbiyyatı da, xarakterlər üzərində qurulan ədəbiyyat da... Bu cəhətlərin hər biri Əli müəllimin yaradıcılığında kifayət qədər öndədir. Bir çox hallarda bu ədəbi priyomlar birləşərək kompleks halında sintez təşkil edir. Lakin Əli İldırımoğlu ədəbiyyatı daha çox xarakterlər üzərində qurulur, insan taleləri fonunda boy göstərir. “Daş yağan gün” əsəri, qeyd etdiyimiz kimi, problem ədəbiyyatıdır, erməni probleminə, Azərbaycana və azərbaycanlılara qarşı yönəlmiş erməni vəhşiliyinin ifşasına həsr olunmuş romandır. Problemin şərhi üçün ədəbi vasitə kimi xarakterlər, canlı insan taleləri seçilmişdir. Əsasən Nəcəfin, bir insanın nakam taleyindən maya tutan roman son anda canlı xarakterlər toplusu kimi yadda qalır. Bu insanlar - Nəcəf, Mikayıl, Nəcəfin alaçıq qonşuları olan Armenak, Akop, erməni qaniçənləri - Andranik Poqosyan, Arsen və başqalarının canlı həyat tarixçəsi,
- Andranik Ozanyan, Nijdeh, Hamazas, Dro və bu kimi millətçilərin xəyali obrazlarının yaratdığı bədii mənzərə problemin köklərinə qədər getməkdə yazıçıya kömək edir.
Əsərin süjeti Nəcəfin həyat tarixçəsi üzərində qurulub. Erməni quldurları tərəfindən yandırılmış, yer üzündən silinmiş, əhalisi, demək olar ki, başdan-başa qırılmış, müəllifin öz diliylə desək, pərgarı pozulmuş Həsənlinin yadigarlarından biri Nəcəfin... Qundaqda ikən əmisi Mikayıl tərəfindən xilas edilən Nəcəfin... Və beləcə bir zülmdən qurtarıb digər zülmə tuş gələn, erməni əsirliyindən xilas olub əmisinin əsirliyinə düşən Nəcəfin...
Köhnə Həsənlidən nə qaldı?.. Kimsəsiz kalafalıqlar, beş-üç adam, taleyi kəm gəlmiş başıbəlalı Nəcəf və acı xatirələr. Salamat qalmış beş-üç nəfər yeni kənd, Təzə Həsənli saldı, yaraları sağaltdı və eyni zamanda erməni məkrini də unutmağa başladı...
Təsadüfi deyil ki, yazıçı özünün protoobrazı balaca qəhrəmanın diliylə etiraf edir: “Uşaq olsam da, açıq-aydın görürdüm ki, kəndə gələn pəncərə şüşələyən, at, qatır, öküz nallayan, palan tikən, divar hörən ermənilərə necə inanıb, mərhəm münasibət göstərirlər. Təzə Həsənlinin adamları erməniləri yuxarı başa keçirib, neçə gün evlərində qonaq saxlayıb, qabaqlarına yağlı xörəklər qoyub, sonra da gördükləri işin müqabilində ciblərini doldurub, arpadan, buğdadan, darıdan, pərincdən yüklərini tutub, hörmətlə yola salırdılar”.
(ardı gələn şənbə sayında)