Səudiyyə Ərəbistanında elm, təhsil ilk yerlərdən birini tutur. Elə bu məqsədlə dövlət hesabına 100 mindən artıq tələbə xaricdə təhsil alır. Onlar dünyanın ən nüfuzlu ali məktəblərində oxumağa göndərilir. Artıq öz ölkəsinə qayıdarkən işlə təmin olunurlar. Ötən yazılarımda qeyd etmişdim ki, ölkədə ABŞ və Yaponiyada istehsal olunan avtomobillərə daha çox üstünlük verilir. Ən maraqlı məqamlardan biri də odur ki, ölkədə qadınlara avtomobil idarə etməyə icazə verilmir. Bir də Səudiyyə Ərəbistanında ictimai nəqliyyat yoxdur.
Ölkə mətbəxinə gəlincə, başqalarını deyə bilmərəm, Səudiyyə Ərəbistanının mətbəxini daha çox Azərbaycan və Türkiyə mətbəxinə bənzətdim. Lakin fərqliliklər də gördüm. Hətta burada elə meyvələrə rast gəldim ki, indiyə kimi nə Azərbaycanda, nə də digər xarici ölkələrdə bu meyvələri görməmişdim. Bunlar yalnız Səudiyyə Ərəbistanında bitir.
İldə iki-üç dəfə məhsul
verən torpaq...
Səudiyyə Ərəbistanının bir şəhərindən digərinə gedərkən yolda yaşıllıqlarla birlikdə, eyni zamanda səhralarla qarşılaşırsan. Ağ dəvələrlə birlikdə qara dəvələrə də rast gəlirik. Ümumiyyətlə, ölkənin çox maraqlı təbiəti və iqlimi var. Kənd təsərrüfatı sahəsi son qırx ildə daha çox inkişaf edib. Səudiyyə Ərəbistanının kənd təsərrüfatında əkinə yararlı torpaqların becərilməsi iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət ondan ibarətdir ki, əkinə yararlı torpaqlar ən böyük şirkətlərə çox cüzi miqdarda qiymətlərlə icarəyə verilir. İkinci istiqamət isə, torpaqlar fermerlərə verilir və burada da icarə haqqı belə demək mümkünsə, rəmzi xarakter daşıyır. Mütəxəssislər deyir ki, Səudiyyə Ərəbistanının əkinə yararlı torpaqlarından ildə iki dəfə, bəzən isə üç dəfə məhsul götürmək olur. Səudiyyəli fermerlər bu sahədə Azərbaycanla əməkdaşlıq etmək niyyətindədirlər. Xüsusən də, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və digər məhsulların Səudiyyə Ərəbistanına ixrac olunması ətrafında danışıqlar aparılır. Bunun üçünsə, ilk növbədə iki dövlət arasında birbaşa hava və su nəqliyyatının olmasını vacib hesab edirlər.
Müqəddəs Yolçuluq...
Ümrə ziyarəti
Yəqin ki, dekabrın 3-nə kecən gecə Səudiyyə Ərəbistanına gecə bu ölkəyə səfər edən hər bir jurnalistin yaddaşına ömürlük həkk olunacaq. Həm Azərbaycandan, həm də Orta Asiyadan olan həmkarlarımın...Bizi qarşıda MƏKKƏ ZİYARƏTİ gözləyir. Səudiyyə Ərəbistanı Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri kişi həmkarlarımız Ümrə ziyarətində geyiləcək ehram hədiyyə edirlər. Mən və qırğızıstanlı həmkarım Şirin də səbirsizliklə Məkkəyə yola düşəcəyimiz vaxtı gözləyirik. Dekabrın 3-ü gecə Əl Riyad vaxtı ilə gecə saat 3-ə işləmiş təyyarə ilə Ciddə şəhərinə yola düşürük. Ciddədən Məkkəyə isə 80 km-dir. Hələ də Məkkə ziyarətimizi, Kəbə evini ziyarətimizi sözlə təsvir edə bilmirəm. Burada hər yer işıqlıdır. Bu təkcə elektrik lampalarının saldığı işıq deyil. Mübaliğəsiz, filansiz MƏKKƏNİN, KƏBƏ EVİNİN NURUDUR.....Çöldə hava işıqlanmamış burada hər yer aydınlıqdır. Bir faktıda qeyd edim ki, ilin 12 ayı 24 saatı bura dünyanın müxtəlif ölkələrindən müsəlmanlar üz tutur.
Məkkə - Dünya müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, ALLAHA iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə - sonradan Mədinə adlandırılıb - köçüb. Məhəmməd Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni İslamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara oranı ziyarət etməyi - həccə getməyi buyurmuşdur. Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir.
Orta əsrlərdə Məkkə Hicazın (Ərəbistanın) inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi.
Hazırda Məkkə dünya İslam dininin mərkəzidir. Beynəlxalq müsəlman təşkilatları öz iqamətgahlarını Məkkədə yerləşdirirlər, orada getdikcə daha tez-tez ümummüsəlman konfransları keçirilir. Zəvvarların Məkkəyə gəlməsindən müsəlman həmrəyliyi ideyalarının təbliği üçün geniş istifadə olunur.
Məkkənin tarixi
Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur.
Məkkə ilk əvvəl susuz səhra olmuş sonradan İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım oğlu İsmayıl peyğəmbər ilə buraya gəlmiş və Allaha dua edərək ona su verilməsini istəmişdi. Allah Təala da duasını qəbul edib və bu gün Zəm-zəm adlanan bulağı səhrada yoxdan var etmişdi. Məkkəyə sonradan başqa ərəb qəbilələri də axışmağa başlamışdı. Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da sonradan Allah Təala tərəfindən elçi olaraq Məhəmməd Əleyhissəlamı göndərmiş və İslam dininin qalib gəlməsindən sonra yaranan ilk Müsəlman Xilafətinin paytaxtı olmuşdur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani-Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua tutan müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə(Bəkkə) tərəf tuturlar. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəçisi sayılır. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
ALLAHIM bizə MƏKKƏDƏ KƏBƏ EVİNDƏ namaz qılmağı qismət edir. Sonra milyonlarla müsəlman kimi Ümrə ziyarətinin bütün şərtlərini yerinə yetiririk. ALLAHIMA ÇOX ŞÜKR! Zəmzəm suyu içirik.....ALLAHIN EVİNDƏN, MƏKKƏDƏN heç ayrılmaq istəmirik.....Mübaliğəsiz, filansız əzizlərimizlə, doğmalarımızla, dostlarımızla birlikdə torpaqlarımızın tezliklə düşmən işğalından azad olması üçün dualar edirik! ALLAH dualarımızı qəbul etsin! MƏKKƏDƏN özümüzdə istəmədən ayrılırıq.....Lakin hər birimizin ürəyindən yenidən bu torpaqlara qayıtmaq istəyi keçir! ALLAH bütün niyyətində olan əməli saleh, doğru, dürüst, ədalətli bacı, qardaşlarımıza MƏKKƏ ziyarəti qismət etsin!
Ağanisə Sultanova
Bakı-Əl Riyad-Ciddə-Məkkə-Əl Riyad-Bakı
Xüsusi olaraq "525-ci qəzet" üçün